Elman Məmmədov: “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Deputat vurğulayıb ki, Rusiya Federasiyasının daxilində çoxsaylı muxtariyyətlər var, hətta muxtariyyəti olmayan türk kökənli millətlər həddindən artıq çoxdur: “Bunlarla hesablaşmaq lazımdır. Digər tərəfdən, Rusiyada bu gün yaşayan soydaşlarımız, özbəklər, qazaxlar, türkmənlər, taciklər, qırğızlar və digərləri Rusiya iqtisadiyyatını dirçəldən, rus elminə, mədəniyyətinə töhfə verən insanlardır. Onlar isə bizə ancaq bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya siyasətini belə davam etdirsə, yəqin ki, bu çanaq öz başında çatlayacaq və yaxın gələcəkdə acı barlarını yeyəcək. Yekaterinburqda və digər yerlərdə azərbaycanlılara qarşı təzyiqlər başlayıb. İstəməzdik ki, Rusiya ilə münasibətlərimiz korlansın. Qonşu dövlət kimi münasibətlərimizin yaxşı olmasını, mehriban əməkdaşlıq şəraitində yaşamağı istəyirik. Bu, hər iki dövlət üçün xeyirdir, lakin səmimi münasibətimizə Rusiya tərəfindən həmişə xoşagəlməz münasibətlər görürük. Bunun axırı Rusiya üçün yaxşı olmayacaq”.