Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi - Həll yolu varmı?
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində - xəstəxana və poliklinikalarda tibbi arayış almaq böyük problemə çevrilib. Bu səbəbdən xəstəxanalarda uzun növbələrin olması artıq hamıya məlumdur. Vətəndaşlar bildirirlər ki, bir arayış almaq üçün günlərlə xəstəxana növbələrində gözləsələr də, həkim qəbuluna düşməkdə çətinlik çəkirlər.Bakupost.az xəbər verir ki, professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, körpələrin xəstəxanalarda uzun müddət növbədə qalması yolverilməzdir:

"Bütövlükdə İcbari Tibbi Sığorta sisteminin problemi ondadır ki, bu sistem qurularkən heç bir məsləhətləşmə aparılmadı, proses imperativ qaydada həyata keçirildi. Nə randevu, nə də infrastruktur sistemi yaradıldı. Sadəcə əhaliyə müəyyən izahatlar verildi, vəssalam. Nəticə isə göz qabağındadır – körpə uşaqlar bir arayış almaq üçün xəstəxanalarda gözləyirlər".
Adil Qeybulla təəssüf hissi ilə vurğulayıb ki, hələ də randevu sistemi qurulmayıb:
"Əgər bu gün uşaq uzun müddət xəstəxanada növbədə qalırsa, bu artıq sistemin düzgün işləmədiyini göstərir. Yaxşı olardı ki, Avropa ölkələrində olduğu kimi ailə həkimi institutu yaradılsın. Düzdür, bizdə sahə həkimi var. Məncə, analizlərdən sonra uşağın arayışı elektron qaydada verilməsi daha məqsədəuyğun olar. Görüləsi işlər çoxdur və bunların həlli əslində asandır. Təəssüf ki, hər şey olduğu kimi qalır. Fakt budur”.
