Elman Nəsirov:"Təcili sosial şəbəkələrlə bağlı qanun qəbul olunmalıdır"

Elman Nəsirov:"Təcili sosial şəbəkələrlə bağlı qanun qəbul olunmalıdır" Azərbaycanın hakim siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) son illərdə cəmiyyətə təsir imkanlarının azaldığı haqqında müxtəlif mülahizələr var. Siyasi icmalçılar, 700 mindən çox üzvü özündə birləşdirən YAP-ın, istər siyasi proseslərə təsiri, istərsə də kadr potensialının zəifliyi barədə fikirlər səsləndirirlər. YAP-da islahatlar getməməsi, rəhbərliyin təşkilatı köhnə qaydalarla idarə etməsi ittihamları gündəmə gəlib. Məsələn, siyasi elmlər doktoru Cümşüd Nuriyev YAP rəhbərliyini qohumbazlıqda, yerlibazlıqda ittiham edərək deyir ki, qurumun rəhbərliyi partiya sıralarına intellektsiz, bacarıqsız və savadsız qohum-əqrəbalarını cəlb edir, sonra yüksək vəzifələrə həmin gənclər təqdim olunur.
 
YAP-a qarşı irəli sürülən ittihamlara hakim partiyanın səlahiyyətlisi, YAP-ın Beynəlxalq Əlaqələr, Mədəniyyətlərarası Dialoq və İnteqrasiya Komissiyasının katibi, deputat Elman Nəsirov AYNA-ya geniş müsahibəsində cavab verib. Müsahibə əsnasında millət vəkilinə şəxsinin müəyyən açıqlamalarının cəmiyyətdə qıcıq doğurması, sözlərinin sosial şəbəkələrdə söyüş və lağlağı ilə qarşılanması səbəbləri barədə də suallarımız oldu. Öncə YAP haqqındakı fikirlərə cavab verən Nəsirov vurğulayıb ki, təmsil etdiyi partiya avanqard siyasi qüvvədir və Cənubi Qafqazda 750 minə qədər üzvü olan ən böyük partiyadır...
 
- Azərbaycanda islahatlar gedir. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə dərinləşən və irimiqyaslı, hərtərəfli islahatlar kursu həyata keçirilir. Bu baxımdan YAP da təşəbbüslərə və islahatlara dəstək göstərir. YAP-ın özündə islahatlar hər zaman olub. Yeri gəlmişkən, parlamentin buraxılması ilə bağlı təşəbbüs də, məhz YAP tərəfindən irəli sürüldü. Bunu gərək siyasi opponentlər yaddan çıxarmasınlar. YAP hər zaman konstruktiv tənqidə hazırdır. O tənqid ki, inkişafa səbəb olsun, qüsur və nöqsanların üzə çıxmasına, onların aradan qaldırılmasına xidmət göstərsin.
 
- İddia edildiyi kimi, YAP-da passivlik, süstlük varmı?
 
- Mən bu fikirləri bölüşmürəm və düşünürəm ki, bu qənaət əsaslı deyil. YAP pandemiya dövrünün tələb və şərtlərinə adekvat fəaliyyət göstərir. Yəqin ki, bir çoxlarının bizim mütəmadi videoformatda keçirilən iclaslarımızdan xəbəri yoxdur. Sonuncu konfrans bir neçə gün öncə oldu, Ermənistanın Tovuz rayonu istiqamətindəki hərbi təxribatı müzakirə edildi. Çox açıq, geniş və hərtərəfli fikir mübadiləsi apardıq. Tez-tez bizim konfranslarımız keçirilməkdədir. Xəbəri olmayanlar mətbuatda YAP-ın toplantıları ilə bağlı yazılanları oxusunlar. YAP-ın sərhəddə baş verən düşmən təxribatı ilə əlaqədar bəyanatı oldu. Eyni zamanda, təkcə YAP yox, onun tərkibində olan komissiyalar da bu məsələ ilə bağlı ortaya mövqe qoydu. Məsələn, mənim YAP-da təmsil olunduğum Beynəlxalq Əlaqələr, Mədəniyyətlərarası Dialoq və İnteqrasiya Komissiyasının da Ermənistanın hərbi təxribatı kontekstində ayrıca bəyanatı oldu. Bundan əlavə, YAP-ın Milli Məclisdə təmsil olunan üzvləri yerli və xarici mətbuatda çox fəal işləyirlər, yazılarla çıxış edirlər. Elə mənim özümün Misirdə, İordaniyada və digər ölkələrin mətbu orqanlarında yazılarım çıxıb. Partiyamızın sədri, cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti göz önündədir. Ölkə başçımız nəticəyə nail olunan bir siyasət yürüdür. Bunlara baxanda, “YAP süst düşüb, fəaliyyətsizdir” demək olmaz. YAP-ın cəmiyyətdə necə təsir etdiyi, xalqımıza necə ləyaqətlə xidmət etdiyi göz önündədir.
 
- YAP-da dəyişikliyin, islahatların getdiyini dediniz. O dəyişiklik və islahatlar hansılardır?
 
- YAP-da kadr dəyişiklikləri müntəzəm olaraq getməkdədir. Gənclər YAP-a üzv olurlar, orada fəaliyyət göstərirlər, komissiyaların tərkibində nə qədər istedadlı gənclərimiz var. Bu, islahat deyilmi?
 
- Belə fikirlər var ki, YAP-da olan, oradan irəli cəkilən gənclər partiya rəhbərliyinə yaxın gənclərdir. Məsələn, politoloq Cümşüd Nuriyev müsahibəsində bildirdi ki, vəzifəyə çəkilən YAP kadrları təşkilat rəhbərliyində olanların qohum-əqarabası, yerlisidir. Bu fikirlərlə razılaşırsınızmı?
 
- Mənim ən zəhləm gedən ifadə “deyirlər” sözüdür. Deyirlər ki, filan yerdə filandır, filan yerdə öz qohumlarını işə götürürlər və s. Bu, ATƏT-in Minsk Qrupunun bəyanatlarına oxşayır. Ünvansız bəyanatlardır. Fikir söyləyəndə, konkret misallar gətirmək lazımdır. Əsaslandırma lazımdır. Belə bir iddia varsa, deməlisən ki, YAP-da bu qədər gənc var, bunların bu qədəri filankəsin adamıdır, filankəsin qohumudur, əmisi, dayısı oğludur. Mən bunları qeyri-ciddi yanaşma hesab edirəm. YAP sədri, cənab Prezident İlham Əliyev dəfələrlə söyləyib ki, bütün sahələrdə islahatlar gedir. Eləcə də, dəyişən şəraitə adekvat olaraq YAP-da islahatların aparılması, bu istiqamətdə addımların atılması vacibdir. Buna uyğun olaraq da YAP-da dəyişiklik edilir. YAP dəyişir, proseslər gedir. İstisna deyil ki, pandemiya müəyyən məsələlərə təsir edib. Postpandemiya dövründə hesab edirəm ki, bütün sahələrdə aparılan islahatlar YAP-da da yeni məzmun ala bilər. Cənab Prezidentin proseslərə öz baxışı var. Ölkə başçısı nəyin necə edilməli olduğunu hamıdan yaxşı bilir. Bu baxımdan, istisna deyil ki, Prezident bütün sahələrdə olduğu kimi, hakim partiya ilə bağlı da özünün yeni baxışlarını ortaya qoyub, tətbiqinə başlaya, reallaşdırılmasına nail ola bilər. Bu, partiyanın sədri olaraq Prezidentin müstəsna səlahiyyətindədir. Bəri başdan nəyisə demək olmaz. Görünən odur ki, ölkədə islahatlara məruz qalmayan elə bir sahə yoxdur. İslahatçı partiya olan YAP-da da islahatların yeni keyfiyyət halına keçməsi istisna deyil.
 
Partiyaya yeni gənclər cəlb edilib. İngilis dilini bilən, intellektli, savadlı, peşəkar və vətənpərvər kadrlardırlar. O gənclər YAP-ın perspektivi üçün hazırlanırlar. Belə deyək ki, dövlətin gələcək kadrlarıdır. Öz bacarığına, savadına, milliliyinə görə zaman-zaman daha da irəli çəkiləcəklər. Və bu gənclər heç də YAP rəhbərliyinin qohum-əqrabası, qonşusu, yerlisi deyillər. Yəni kimlərsə YAP-ın gücü barədə narahat olmasınlar.
 
- Mövzudan kənar olsa da, soruşmaq istəyirəm ki, sizin mətbuatda səsləndirdiyiniz fikirlər sosial şəbəkələrdə niyə gülüşlə, tənqidlə və təhqirlə qarşılanır? Siz ifadəni yanlış seçirsiz, yoxsa sizi anlamırlar?
 
- Burada bir neçə amil var. Vaxtilə dediyim fikirləri kontekstdən çıxarıb, tirajlayırdılar. Ona şükr etmək olar. İndi, ümumiyyətlə demədiyim fikirləri tirajlayırlar, şər-böhtan atırlar. Şəklimin üzərinə demədiyim hansısa bir fikri yazırlar, paylaşırlar. Bundan sonra söyüşün biri bir qəpik olur. Yadınızdadır ki, Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirincə cənab Prezident nə söylədi? Ölkə başçısı bildirdi ki, yığışırlar bir yerə, bir yalan uydururlar, ondan sonra həmin yalan ətrafında müzakirə təşkil edirlər. Sonra da bunu ictimailəşdirirlər, başlayırlar təhqirə. Bu, bizim ölkədən başqa, heç bir ölkənin sosial şəbəkə seqmentində baş vermir. Bunu edən şəxslər intellektsiz, heç nədən başı çıxmayanlardır. Siz görmüsüz ki, Azərbaycanın bir ziyalısı, düşüncə sahibi mənim fikirlərimi qabağına qoyub tənqid eləsin? Heç vaxt da rast gəlməyəcəksiniz.
 
- Bu yazanlar niyə, məhz sizin haqqınızda belə yazırlar? YAP-ın 60-a yaxın deputatı var, niyə siz?
 
- Mən YAP-ı fəal şəkildə təmsil edən şəxsəm, millət vəkiliyəm. Mətbuata da açıq adamam, müxalifət, iqtidar və ya müstəqil mətbuat olsun, hər zaman bütün media orqanlarına cavab verirəm, fikirlərimi deyirəm. Əlbəttə ki, iqtidarın təmsilçisi olduğuma görə, hakimiyyətin mövqeyini müdafiə etməliyəm. Bəzi adamlar görürlər ki, mən çox fəalam, faktla, arqumentlə çıxış edirəm. Belə olan təqdirdə, fikirləşirlər ki, Elman Nəsirovu qaralamaq lazımdır. Ondan sonra komanda alırlar, başlayırlar sosial şəbəkələrdə şər-şəbədə yaymağa. Mənə çox xoş olardı ki, qarşı tərəfin bir elm adamı, intellektli bir şəxsi polemikaya girsin. Mənə desin ki, filan fikirləriniz beynəlxalq hüquq normalarına ziddir, filan konvensiyaya uyğun deyil. Yəni, öz mövqeyini arqumentlə əsaslandırsın. Amma biz nəyin şahidi oluruq? Çox cılız şəkildə təhqirin, böhtanın.
 
- Yəni, qarşı tərəfdə sizin intellektinizə qalib gələcək şəxs yoxdur?
 
- Mən demirəm yoxdur, olmamış deyil. Sadəcə buyursun, səviyyəli, arqumentli polemika edək. Söyüşlə, böhtanla olmur. Mən onun şahidi oluram ki, bəsit, öz səviyyələrinə uyğun şəkildə uydurmalar yazmaqla məşğuldurlar. Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır. Yalan nə qədər böyük olursa, o, geniş yayılır. Bu adamlar 5 cümləlik fikirdə altı səhv buraxan adamlardırlar. Savadsızlığın nəticəsidir ki, uydurduqları da, yalanları da gülməlidir. Elə yalanı tirajlayırlar ki.... Paylaşırlar, altında yüzlərlə iyrənc sözlər, təhqirlər… Bu, nə qədər davam edər axı?! Hesab edirəm ki, payız aylarında sosial şəbəkələrlə bağlı qanun qəbul edilməsi məsələsinə baxılmalıdır. Yəqin ki, baxılacaq, Türkiyədə olduğu kimi, Azərbaycanda da müəyyən addımlar atılacaq.
 
- Axı, sosial şəbəkələrlə bağlı qanun qəbul edilsə, bu, söz azadlığının pozulması anlamını verə bilər...
 
- Fikir verin, dünən bir nəfər Azərbaycan vətəndaşı, Bakıda yaşayan şəxs məni təhqir edərək yazıb ki, “necə olur, Elman Nəsirovu millət vəkili seçirlər, necə olur, buna dözürlər”. Arif Məmmədov adında satqın, keçmiş diplomat da başlayır bunu şərh eləməyə. Yazır ki, guya mən bayraqda ulduzun ləğv edildiyini söyləmişəm. Altından da 300 nəfərdən çox adam söyüş, təhqir yazır. Bu, mənim işgüzar nüfuzuma zərbədir, şər-böhtandır, şərəf və ləyaqətimin alçaldılmasıdır. Bizim Cinayət Məcəlləsində şərəf və ləyaqətin aşağılanması ilə bağlı müvafiq maddələr var. Bu vəziyyətdə mən nə etməliyəm?! Həmin şəxsi məhkəməyə verməliyəm. Soruşulacaq ki, Elman Nəsirovun adından dediyiniz bu fikirin mənbəyi haradır, bu adam hansı sayta, hansı telekanala belə deyib? Mənbəni göstərə bilməyəcək, ondan sonra həmin şəxsə cinayət işi açılacaq, həbs olunacaq. Sonra da ölkəmizdəki “beşinci kolon”un nümayəndələri başlayacaqlar ki, deputat filankəsi sosial şəbəkədəki fikrinə görə həbs etdirdi, siyasi məhbus kimi cəmiyyətə sırıyacaqlar və s. Ona görə də hesab edirəm ki, təcili sosial şəbəkələrlə bağlı qanun qəbul olunmalıdır, hər kəs yazdığı fikrinə, sözünə görə məsuliyyət daşımalıdır.
 
- Mən sizin dediklərinizi başa düşdüm, yəni ki, sosial şəbəkədə yazılanlara görə insanlar məsuliyyət daşısınlar. Qayıdıram sualıma ki, bu qanun qəbul olunandan sonra, fikir və söz azadlığına basqı anlamını daşımayacaqmı?
 
- Bir neçə il öncə YAP-ın İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun sosial şəbəkələrlə bağlı təklifi olmuşdu. Bildirmişdi ki, sosial şəbəkədə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi tələb olunsun. Bilinsin ki, burda ağzına gələni yazan kimdir. Ona görə ki, bu gün təhqir yazanların əksəriyyəti öz adı ilə, şəkli ilə deyil. Bu, həmin adamların üzə çıxarılmasına əngəl yaradır. Yanlış anlaşılmasın, biz sosial şəbəkələrin əleyhinə deyilik. Sosial şəbəkələr olmalıdır, bugünkü dünyamızın reallığı internet resurslarıdır, fikir mübadiləsi aparılması üçün, polemikalar üçün yaxşı meydandır. Azad fikrin ifadə məkanı sosial şəbəkələrdir. Amma təhqir, söyüş, şər-böhtan azad fikir deyil. Bax, indi küçədə bir nəfər digərini təhqir etsə, təhqir olunan onu polisə verə bilər. Deyəcək ki, mənim şərəf və ləyaqətimi təhqir edib və s. Bunun inzibati məsuliyyəti var, qanunla tənzimlənir. Amma bu adam digərini virtualda təhqir etsə, heç bir məsuliyyət daşımır. Demək ki, faktiki olaraq sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur. Ona görə də, sosial şəbəkələrlə bağlı qanuna lüzum var. Elə bir qanun olmalıdır ki, konstruktiv tənqid olsun, açıq fikir olsun, amma təhqir, böhtanın qarşısı alınsın. Kim də tənqiddən təhqirə keçirsə, anlasın ki, bunun məsuliyyəti var, cəzalanacaq.
 
- Sizcə, bundan sui-istifadəyə yol verilməyəcəkmi? Tutaq ki, bir məmur təhqir yox, tənqid edəni də məhkəməyə verdi, bildirdi ki, “mənim şərəf-və ləyaqətimi alçaldır”. Bizim məmurların tənqid olunmaqdan xoşları gəlmir, tənqidi bəzən təhqir kimi anlayırlar. Azad fikrini ifadə edən, təhqir yox, məhz tənqid yazanı “içəri” basdırmaq üçün bu qanundan sui-istifadə etməyəcəkmi?
 
- BəsŞ məhkəmələr nə üçündür? Bu gün məhkəmə sistemində aparılan islahatlar da onunla bağlıdır ki, ədalətli qərar verən məhkəmələrimiz olsun. Ən əsası odur ki, məhkəmədə dediyin söz predmet olacaq. Mən demədiyim sözün adıma yazılmasından və bununla da təhqir edildiyimdən danışıram. Məhkəmə bunu araşdıracaq, nəticədə də lazımi qərarını verəcək. Burda sui-istifadə ola bilməz. Tutaq ki, sən hansısa məmuru tənqid eləmisən, əsaslı arqumentlər gətirmisən, ortada sağlam tənqidin var. Həmin məmur da səni məhkəməyə verib. Prosesdə çıxıb deyəcəksən ki, bu, mənim mövqeyimdir, bu əsasda filan tənqidi etmişəm, təhqir elementi yoxdur. Burda nə var ki? Söhbət, arqumentsiz, faktsız, əsassız yazılardan, ləkələməkdən, qaralamaqdan gedir. O kontekstdə də insanlarda qıcıq yaratmaqdan, həmin işgüzar adamın söyülməsindən, təhqirə məruz qoyulmasından gedir. Bilirsiz, bir şəxs cinayət edirsə, cinayəti cəzasız qalırsa, o zaman həmin adamda arxayınlıq yaranır. Başlayır növbəti cinayəti törətməyə, həm də daha ağırını.
 
- Sizin demədiyiniz fikirlərdən ibarət fikirləri yazıb, tənqidə məruz qoyulduğunuzu anladım. Həqiqətən də demədiyiniz fikirlərdən ibarət fikirlər olur, “caps” düzəldib paylaşırlar. Amma bəzi dedikləriniz də var. Məsələn, bu yaxınlarda “Ermənistan koronavirusla müttəfiqdir” fikriniz. Söhbətimizin əvvəlinə qayıdıram, necə hesab edirsiniz, ifadəni düz seçməmisiz, yoxsa sizin dedikləriniz düzgün anlaşılmır?
 
- Kaş ki, tərəf müqabillərimin də səviyyəsi yüksək olaydı, polemikaya normal girəydilər. Bu işlər lağlağı ilə, söyüşlə olmur. Siz ümumiyyətlə dinləmisiz mənim həmin çıxışımı?
 
- Bəli, dinləmişəm.
 
- Azərbaycan Prezidenti İlham Əliyev çox böyük, unikal bir təşəbbüslə çıxış etdi. Dünyaya dedi ki, gəlin, ümumi bəla olan koronavirusa qarşı mübarizədə ümumi səyləri birləşdirək. Söhbət BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasından gedir. Bunu heç kim etmədi, amma Azərbaycan dövləti və onun Prezidenti etdi. Prezidentin bu təşəbbüsü dünyanın 130-dan çox dövləti tərəfindən dəstəkləndi. Bu sessiyaya cəmi bir dövlət qarşı çıxdı - Ermənistan. Rəsmi Yerevan təşəbbüsün əleyhinə çıxmaqla mövqeyini bildirdi ki, Ermənistan koronavirusa qarşı mübarizədə beynəlxalq səylərin iştirakçısı olmur, COVID-19-la müharibəyə qoşulmur. Mən də bunu şərh edərkən, bir qədər obrazlı şəkildə fikir bildirdim. Qeyd etdim ki, koronavirusun dili olsa, deyərdi ki, dünya dövlətlərinin hamısı mənə qarşı birləşdi, bir Ermənistandan başqa. Ermənistan dünyanın bəlasına qarşı mübarizəyə qoşulmursa, deməli koronavirusun tərəfindədir, onun müttəfiqidir. Koronavirusun tərəfində olduğu üçün, Ermənistanla koronavirusun sinonim kimi işlədildiyini bildirmişəm. Bu fikrimi anlamaq bu qədər çətindir ki? Rus şairi böyük Puşkindən də misal gətirdim. Şair öz qəhrəmanının dili ilə deyirdi ki, “sən oğrusan, sən qorxaqsan, sən ermənisən”. Mən də bildirdim ki, Puşkin sağ olsaydı, oraya “sən koronavirussan, sən koronavirusun dostusan” sözlərini əlavə edərdi. Burda pis nə demişəm?
 
- Bəs niyə qıcıq yaratdı?
 
- İntellektləri, düşüncələri zəifdir. Axı, bu fikirlərimdə mən müxalifət haqqında danışmamışam, “beşinci kolon” haqqında danışmamışam. Xocalı soyqrımını törədən, misli görünməmiş cinayətlərə, etnik təmizləməyə imza atmış, ərazilərimizi işğalda saxlayan Ermənistan haqqında demişəm. Obrazlı şəkildə bu cinayətkar dövləti koronavirusun dostu, müttəfiqi adlandırmışam. Qəribədir, buna görə mənə hücum edirlər. Elə bil ki, mən səhv nəsə demişəm. Bəziləri ittiham edir ki, “Elman Nəsirovun bu ifadəsi səbəbindən beynəlxalq təşkilatlar bizə nə deyərlər, biz Ermənistana niyə koronavirus deyirik” və s. O zaman mən təəccübləndim. Sonra “barmağımı dişlədim” ki, demək, çox ehtiyyatlı olmalıyıq, qabağa gedəndə arxamıza da baxmalıyıq. Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) də müraciət etdim ki, bu, hazır materialdır, araşdırın.
 
- DTX-ya nəyin araşdırılması üçün müraciət etdiniz - yazılan şərhlərin?
 
- Mən faşist Ermənistan dövləti ilə bağlı mövqe bildirirəm, buna görə hücuma məruz qalıram. Öz daxilimizdə mənə hücum edirlər, düşmənə niyə o cür dediyimi tənqid edirlər, buna görə söyürlər. Elə adamlar mövqe bildirirlər ki, mən söz tapmıram. Deməli, deputatlığa namizəd olmuş, Mərkəzi Seçki Komissiyasından (MSK) Dairə Seçki Komissiyasına (DSK), oradan məhkəməyə, oradan nə bilim haralarasa əsassız şikayətlər edən Fərhad Mehdiyev hücum edənlərdən biri oldu. Ümid Partiyasının sədri İqbal Ağazadə mənim bu çıxışıma əks mövqe bildirdi. Çox təəccübləndim ki, partiya sədri, prezidentliyə və deputatlığa namizəd olmuş, 3 çağırış deputat olmuş şəxs belə mövqe sərgilədi. Gecə-gündüz MSK-nın qarşısından çəkilməyən QHT rəhbəri Günel Səfərova görün nə deyir?! Bildirir ki, “Elman Nəsirovun bu fikirləri yanlışdır, beynəlxalq təşkilatlar bunu mənfi qiymətləndirəcək. Deyəcəklər ki, Ermənistana qarşı niyə belə münasibət göstərirsiniz, kəskin mövqe bildirirsiniz”. Mən bu adamlara sual verirəm, siz kimin dostusunuz?! Daxilimizdə bəzi ünsürlər var ki, adam dəhşətə gəlir. Onlar haqqında araşdırma aparılmalıdır. Azərbaycanda “beşinci kolon”un hamımızın tanıdığı real nümayəndələri var, hər kəs onların adını da, fəaliyyətini də bilir. Amma indi adını çəkdiyim şəxslər ki var, onlar buqələmundurlar. Özlərini elə təqdim edirlər ki, guya bunların “beşinci kolon”a qəti aidiyyəti yoxdur. Əməldə isə “beşinci kolon” olduqlarını göstərirlər. “Beşinci kolon” necə olur ki? Belə olur da! Bunun adı erməninin marağına xidmət etmək, antimilli fəaliyyət göstərməkdir. Mənim Ermənistanı koronavirusun müttəfiqi adlandırmağıma kimlər qıcıq ola bilər? Təbii ki, Ermənistan. Ona görə də Ermənistanda mənə nifrət edəcəklər. Mənim fikirlərimə əks olanları isə düşmən sevəcək ki, həmin bu adamlar da düşmənin potensial müttəfiqləridirlər. Məsələ bu qədər sadədir.

Geri qayıt