İKZF keçmiş nazirdən 360 min manatlıq avtomobil alır
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.İKZF bu məbləğə şirkətdən 4 ədəd avtomobil alacaq. Avtomobillərin 3-ü komfort, 1-i isə biznes sinfinə daxildir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “İmprotex Motors” MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur.
Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib 2013-cü ildə baş verən “İsmayıllı hadisələri”ndən sonra tutuduğu vəzifədən azad edilib.
Füzuli Ələkbərov nazir olmazdan əvvəl biznes fəaliyyəti ilə məşğul olub. O, 1991-ci ildə “İmprotex” şirkətini yaradıb. Füzuli Ələkbərov nazir olduqdan sonra bu şirkət holdinqə çevrilib. Hazırda “İmprotex Group”un tərkibində bir neçə şirkət fəaliyyət göstərir. Bunlar “İmprotex Trucks & Buses”, “İmprotex Industries” “İmprotex Motors” və “Imagro” şirkətləridir.
“İmprotex Group”un rəsmi saytında qeyd edilib ki, bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə “Rolls Royce”, “BMW”, “MAN Truck & Bus SE”, “Bobcat”, “Massey Ferguson”, “Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.
