Fəzail Ağamalı: "Əli Kərimli və yaxın ətrafının fəaliyyəti dövlətçiliyə qarşı yönəlib"

Fəzail Ağamalı:  "Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar çərçivəsində Əli Kərimli və ona yaxın olan şəxslərlə bağlı ciddi faktlar üzə çıxıb. Araşdırmalar nəticəsində onların müəyyən fəaliyyətlərinin dövlət maraqlarına zidd olduğu, həmçinin müxalif strukturlar vasitəsilə Azərbaycan dövlətinə qarşı addımlar atıldığı müəyyən olunub".

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib.

Sabiq deputatın sözlərinə görə, Əli Kərimli və ətrafındakı şəxslərin fəaliyyəti uzun illər boyu müxtəlif üsullarla dövlətçiliyə qarşı yönəldilib:

"2000-ci illərin əvvəllərindən başlayaraq bu qüvvələr müxalifətdə öz mövqelərini gücləndirmək, ölkənin daxili sabitliyinə ziyan vurmaq məqsədilə müxtəlif addımlar atıblar. Əli Kərimlidən fərqli olaraq, Ramiz Mehdiyev və əlaltıları özlərini loyal və dövlətə sadiq kimi göstərsələr də, əslində fəaliyyətləri Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş olub".

O qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində əldə edilən faktlar, həm Əli Kərimli, həm də onun ətrafındakı şəxslərin qanunsuz fəaliyyəti ilə bağlı məhkəmə tədbirlərinin tətbiqinə əsas verir:

"Bütün bu proseslər ədalətli şəkildə həyata keçiriləcək və dövlət maraqlarına qarşı fəaliyyət göstərən şəxslər qanun qarşısında cavab verəcəklər".

Onun sözlərinə görə, bu araşdırmalar və nəticələr dövlətin təhlükəsizliyinin təmin olunması, daxili sabitliyin qorunması və qanunun aliliyinin bərqərar olması baxımından strateji əhəmiyyət daşıyır.

Geri qayıt