Yıxılan “Rus ev”ləri – Trampın “çəkməsini” geymək olar, amma...
Göründüyü kimi, şimal qonşu bəd niyyətindən əl çəkənə, mövzunu qapadana oxşamır. Hərgah, “Rus evi”nin niyə bağlandığı çoxdan məlumdur. Özü də təkcə Azərbaycan yox, neçə-neçə digər dövlət də eyni addımı atıb. Səbəb isə bu obyektlərin faktiki casus yuvaları kimi fəaliyyət göstərməsidir...
Primakovun yuxarıdakı açıqlaması son vaxtlar Rusiyadan postsovet ölkələrinin ünvanına artan hədələr fonunda məxsusi diqqət çəkir. Əcəba, qonşu ölkələrin müstəqilliyi və suverenliyinə yuxarıdan aşağı baxan Moskvaya görəsən, hansısa yaxşılıq, güzəşti etməyə dəyərmi?
Dəyməz. Məsələ də ondadır ki, deyəsən, Kremldə bir şeyi unudublar: qanbir, dilbir Ukraynaya hərbi təcavüzdən sonra artıq “Yaxın xaric”də hamı öz dərsini götürüb. Dərs isə budur ki, Rusiya üçün “dost ölkə” anlayışı tamamən fərqli məzmundadır və bu dövlətlə bacardıqca məsafə saxlamaq lazımdır. Dost-müttəfiq isə Kremldən ötrü, sadəcə, onun təlimatlarını sözsüz yerinə yetirə vassal, marionet ölkə qismində anlaşılır.

Putinin boğaz yırtanı, şarlatan və təxribatçı telejurnalist Vladimir Solovyovun son hərzə-hədyanları, postsovet ölkələrində “xüsusi hərbi əməliyyatlar” keçirmək çağırışı, buna şübhə yeri saxlamır. İndi də öz aləmlərində ABŞ lideri Donald Trampın “Maduro” əməliyyatını qonşu suveren dövlətlərə qarşı hərəkətə keçmək üçün mühüm siqnal sayan şovinist çevrələr ağızları sulana-sulana bəyan edirlər ki, bəs “yaxın xaric” Rusiyanın şəriksiz “həyatı maraqlar sferası” elan olunmalıdır və “Moskva bu coğrafiyada istədiyini edə bilər”.
Amma bu zaman bir şeyi ciddiyə almırlar ki, Trampın “çəkmələrini” geymək olar, ancaq onun yerişini yerimək mümkünsüz. Həm də artıq gecdir. Çox gec. Siyasətdə eyni suya iki dəfə girmək mümkünsüz. Ondansa, Rusiya rəhbərliyi nə qədər gec deyil, keçmiş müttəfiq respublikaların və onların xalqlarının inam-etimadını necə qazanmaq haqda baş sındırsın...
