Ölkədə özəl Stomatoloji klinikalar KÜTLƏVİ CƏRİMƏLƏNİR?

Ölkədə özəl Stomatoloji klinikalar KÜTLƏVİ CƏRİMƏLƏNİR?

Ajans.az-ın əldə etdiyimiz məlumata görə artıq neçə gündür Səhiyyə Nazirliyi tərəfindən özəl Stomatoloji klinikalarda kütləvi yoxlama aparılır. Bu yoxlamalar zamanı böyük məbləğdə cərimələr yazılır. Klinikalarda hansı problem aşkar edilib? Cərimə yazılmadan öncə nöqsanların aradan qalıdırlması üçün xəbərdarlıq edilibmi? Növbəti yoxlama hansı istiqamətdə olacaq?

Məsələ ilə bağlı Ajans.az-ın Baş Redaktoru Tural Müseyibov Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb:
Mərkəzdən verilən məlumata görə, "“kütləvi yoxlama” və ya “böyük məbləğdə cərimələr” kimi təqdim edilən yanaşma reallığı əks etdirmir. Özəl stomatoloji müəssisələr də daxil olmaqla, bütün özəl tibb subyektlərinə nəzarət tədbirləri yalnız qanunvericiliyin tələblərinə uyğun, risk əsaslı və konkret faktlara söykənən müraciətlər əsasında həyata keçirilir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, plandankənar yoxlamalar yalnız insanların həyat və sağlamlığına, ətraf mühitə və ya dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə barədə daxil olan rəsmi və əsaslandırılmış məlumatlar olduqda aparılır.
Aparılan nəzarət tədbirlərinin əsas məqsədi cərimə tətbiq etmək deyil, ilk növbədə tibbi xidmətlərin keyfiyyətini, pasiyent təhlükəsizliyini və normativ tələblərə riayət olunmasını təmin etməkdir. Yoxlamalar zamanı aşkar edilən nöqsanlar üzrə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, inzibati xəta əlamətləri müəyyən edildikdə isə inzibati xəta haqqında protokol tərtib olunur və məsələ müvafiq qaydada baxılır.
Hüquqi şəxslərlə bağlı protokollar məhkəmə orqanlarında mübahisələndirilərək yekun qərar qəbul edilir. Fərdi sahibkarlar və fiziki şəxslər barəsində isə inzibati tənbeh tədbirləri Nazirlik tərəfindən inzibati qaydada rəsmiləşdirilir və həmin qərarlardan məhkəməyə müraciət etmək hüququ təmin olunur. Bu, prosesin tam hüquqi və şəffaf mexanizm əsasında həyata keçirildiyini göstərir.
Bir daha xatırladırıq ki, vətəndaşlar özəl tibb müəssisələri və aptek təşkilatlarının fəaliyyəti ilə bağlı qarşılaşdıqları halları Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının “MÜRACİƏT” bölməsi vasitəsilə təqdim edə bilərlər. Daxil olan hər bir müraciət araşdırılır və zərurət yarandıqda qanunvericiliyə uyğun tədbirlər görülür".
Ajans.az-ın Baş Redaktoru Tural Müseyibovun araşdırması ilə bağlı video reportaj:



Geri qayıt