Təvəkkül Səlimov: “Ayağı cənnət olan insanı reklama qoyarlar?”
Son zamanlar sosial şəbəkələrdə bəylərin öz həyat yoldaşlarının şəkil və videolarını çəkib sosial şəbəkələrdə paylaşması hallarına rast gəlirik. Bir qisim tərəfindən normal qarşılansa da, digərləri bunun düzgün olmadığını bildirir.Pravda.az-a açıqlama verən tarix elmləri doktoru, professor Təvəkkül Səlimov bildirib ki, Azərbaycanda mental davranış, düşüncə, ənənələrə bağlılıq hələ də qalır, milli adət-ənənələrin qorunması isə həmişə önəmli olub.
T.Səlimov qeyd edib ki, kişi qadınla müqayisədə bir az ağır təbiətli olmalıdır: “Yəni bu Azərbaycan kişilərinin xüsusiyyətidir. Məhəmməd Peyğəmbərdən rəvayət edilən hədisdə bildirilir ki, kişi gülərkən onun səsi də eşidilməməlidir, dişləri də ağarmamalıdır, görülməməlidir. Gülmək istəyəndə təbbəssüm etməlidir. Bəzən biz hər şeyi müasirlik adlandırırıq, ancaq mədəniyyət söhbəti var... Ona görə də kişinin həyat yoldaşını müxtəlif vəziyyətlərdə, görüntülərlə çəkib sosial şəbəkələrdə paylaşması yolverilməzdir. Maraqlıdır ki, görəsən, qadının özünün buna münasibəti necədir? Belə hallar yeniyetmələr, gənclər arasında bu tendensiyanın, mədəniyyətimizə daxil olmayan halların yayılmasına gətirib çıxarır, kütləviləşir. Cənab İlham Əliyev müxtəlif yığıncaqlarda, iclaslarda belə bir fikir səsləndirib ki, “Müasir qloballaşma şəraitində borcumuzdur ki, mental dəyərlərimizi qoruyaq, uşaqlarımızı məktəbdə adət-ənənələrimizə uyğun şəkildə böyüdüb, tərbiyə edək”. Ən müasir insan ölkə rəhbəridir. Bütün dünya mədəniyyəti ilə təmasda olur. Müdrik insandır, uzun illərdir ölkəmizə rəhbərlik edir. O, bu çağırışı edirsə, biz də gərək ayrı-ayrı aillələr, fərdlər olaraq nəticə çıxaraq. Milli dəyərlərimizə qiymət verməliyik”.
O, Avropa ölkələrində bu halların normal qarşılandığını deyənlərə də fikir bildirib: “Görəsən, həmin ölkələrdə Azərbaycanın hər hansısa dəyərini təkrar edirlər? Bizim ümumbəşəri dəyərlərimiz var. Bizim dəyərlərimiz, ola bilsin, dünyanın böyük dövlətləri, xalqları tərəfindən “kiçiyik” deyə qəbul olunmayıb, lakin inkişafımız, keçdiyimiz yol var. Sosial şəbəkələrdə görürəm ki, orta yaşlı qadınların əlində spirtli içki qədəhi var. Belə olmaz… Adam öz ayıbını gizlədər, nəinki onu nümayiş edə... Müasir zamandır deyə əxlaqımızı, tərbiyəmizi, mədəniyyətimizi itirməliyik?! Nəinki qadının, eləcə də kişinin içki içib onu nümayiş etdirməsi doğru deyil. Sosial şəbəkələrin əleyhinə deyiləm, amma ən azından belə şeylərə “olmaz” ifadəsi deyilməlidir. Kişi öz həyat yoldaşını müxtəlif pozalarda, oynayan və s formada çəkib sosial şəbəkəyə qoymamalıdır. Mental dəyərlərimizə, əxlaqımıza görə, azərbaycanlı olaraq qəbul etmirəm”.
T.Səlimov onu da əlavə edi ki, qadınlar ana, bacı, yaxın əziz adam kimi görülməlidir və onları qorumaq lazımdır: “Çox təəssüf ki, indi qadınlarımızı reklama buraxırlar. Onları reklam etmək ayıbdır. Cürbəcür geyimlərlə, pozalarla reklam edilir, vallah, gedib dilənçilik etsələr, hər onları görəndə 10-15 manat verərəm... Belə olmaz axı. Qadın, alverin mənbəəsinə çevrilib. Peyğəmbərimiz deyir, qadının ayağının altı cənnətdir. Ayağı cənnət olan insanı reklama qoyarlar? Heç olmasa elə bir reklam olsun ki, şərəf gətirsin, baxandan sonra hansısa məsələyə müdaxiləmiz müsbət olsun. Bəzən mən belə danışanda deyirlər yaşlı adamdır... Əxlaqın, tərbiyə, mənəvi dəyərlər hansı yaşın kölgəsində qala bilər? Mən sabah nəvələrimə nə tərbiyə verim? Onlar baxır, görür axı?”
