“Biz böyüklər gənclərə yaxşı nümunə olmuruq” – Sərt etiraf
Nəsillərarası münasibətlər, xüsusilə uşaq və gənclərin davranışları və sosial aktivliyi hər zaman diqqət mərkəzində olan aktual mövzulardan biridir. Tez-tez gənclərin fəaliyyətsizliyindən, vaxtlarını səmərəsiz keçirmələrindən şikayətlənir, bəzən isə gələcəyimiz olan bu təbəqəyə qarşı ümumiləşdirilmiş və haqsız mövqe nümayiş etdiririk. Lakin unuduruq ki, gənclərin formalaşmasında, dünyagörüşünün inkişafında və cəmiyyətə uyğunlaşmasında böyüklərin şəxsi nümunəsi həlledici rol oynayır. Seymur Verdizadə bildirib ki, gündəlik həyatda böyüklər uşaq və gənclərə hər zaman yaxşı nümunə ola bilmir. Onun sözlərinə görə, gənclərin qazandığı bir çox mənfi vərdişlərin təməli məhz böyüklərin davranışlarından qaynaqlanır: “Gənclər böyüklərin çayxanalarda siqaret çəkib nərd oynadığını, digər səmərəsiz məşğuliyyətlərə saatlarla vaxt ayırdığını hər gün müşahidə edir”.
Jurnalist vurğulayıb ki, son illər valideyn məsuliyyətsizliyi ciddi problemə çevrilib. “Acı da olsa, etiraf etməliyik ki, bir çox valideyn övladının təhsili, məktəbdəki fəaliyyəti, gələcək planları ilə yaxından maraqlanmır. Hətta bəzi hallarda valideynlər məktəblə əlaqə saxlamır, valideyn iclaslarında iştirak etmir və övladlarının sosial inkişaf prosesini diqqətdən kənarda qoyurlar. Gənclərdən yüksək nəticələr, böyük uğurlar və nümunəvi davranış gözləməzdən əvvəl böyüklər öz üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Çünki gənclər deyilənləri deyil, daha çox gördüklərini təkrarlayırlar. Buna görə də cəmiyyətin inkişafı üçün ilk növbədə böyüklər öz davranışları ilə gənclərə düzgün yol göstərməli, onlarda elmə, təhsilə, əməyə və milli-mənəvi dəyərlərə maraq formalaşdırmalıdırlar”, - Seymur Verdizadə belə deyib.
