“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət
SOCAR və “Azəriqaz”da yeni bir dövr başlayıb. Bu dövrün adı “Etika və Uyğunluq” dövrüdür. Hər yerdə ədalətdən, şəffaflıqdan və bərabər münasibətdən danışılır. Əmrlər verilir, prosedurlar təsdiqlənir, işçilər məlumatlandırılır.Müharibə veteranıyam.
Kürdəmirdə Sayğac Əməliyyatları Xidmətində 11-ci dərəcəli böyük mühəndis vəzifəsində işləyirəm.
Ali təhsilim var. Mühəndis-iqtisadiyyatı və idarəetmə fakültəsini, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bitirmişəm. Üstəlik, SOCAR Təlim-Tədris Mərkəzində Sayğac Əməliyyatları Xidməti üzrə mühəndis kursunu da uğurla başa vurmuşam.
İllərdir işləyirəm. Təcrübəm var. Sertifikatım var. Vəzifəm var. Amma bir problem var. Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda isə işləmir.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Daşqın Abbasov adlı şikayətçi yazıb. O bildirib ki, Göyçay rayonunda hazırda tutduğu vəzifənin eynisi vakantdır, ancaq bildirilib ki, orada işləyə bilməz:
“Göyçayda yaşayıram. Mən də yaşadığım rayonda işləmək üçün dəfələrlə müraciət etmişəm.
SOCAR-a yazmışam.
” Azəriqaz”a yazmışam.
Rəhbərliyə müraciət etmişəm.
Cavab isə dəyişməyib:
— Təhsil istiqamətiniz vakansiyanın tələblərinə uyğun deyil.
Mən də maraqlanmışam:
— Bəs mən hazırda hansı vəzifədə işləyirəm?
— Böyük mühəndis.
— Neçə ildir?
— Uzun illərdir.
— Bu vəzifəyə uyğunam?
— Bəli.
— Bəs Göyçaydakı eyni vəzifəyə?
— Xeyr.
— Niyə?
— Çünki uyğun deyilsiniz.
Məsələ bununla da bitmir.
Bir müddət əvvəl mənə Ucar rayonu üzrə Sayğac Əməliyyatları Xidmətinin 11-ci dərəcəli böyük mühəndisi vəzifəsi təklif edilmişdi.
Onda vəziyyət daha da maraqlı oldu.
Deməli:
Kürdəmirdə uyğunam.
Ucarda uyğunam.
Amma Göyçayda uyğun deyiləm.
Belə çıxır ki, mənim diplomumun xüsusi GPS sistemi var.
Diplom xəritəyə baxır, rayonu müəyyən edir və qərar verir:
— Ucara gedə bilərsən.
— Kürdəmirdə işləyə bilərsən.
— Amma Göyçaya giriş qadağandır.
Yəqin ki, gələcəkdə xəritələrdə belə qeyd olunacaq:
“Diqqət! Bu ərazidən sonra bəzi diplomların hüquqi qüvvəsi zəifləyir.”
Mən uzun müddət düşünürdüm ki, Azərbaycanda yalnız qazın təzyiqi tənzimlənir.
Məlum oldu ki, diplomların da rayonlar üzrə təzyiq göstəriciləri var.
Göyçaya yaxınlaşdıqca uyğunluq səviyyəsi aşağı düşür.
Ən maraqlısı isə odur ki, həmin vaxtlarda etik davranış, şəffaflıq, bərabər imkanlar və qisas tədbirlərinə qarşı təminatlar haqqında əmrlər dərc edilir.
İşçilərə tapşırılır ki, bu sənədlərlə tanış olsunlar.
Mən də tanış oluram.
Hətta onları dəfələrlə oxumuşam.
Sadəcə, orada bir suala cavab tapa bilmirəm:
Necə olur ki, eyni şəxs eyni diplomla, eyni təcrübə ilə və eyni vəzifədə işləyə-işləyə başqa rayonda həmin vəzifəyə uyğun hesab olunmur?
Bu sualın cavabı yəqin ki, hələ korporativ elmin açılmamış sirlərindən biridir”.
Şikayətçi bildirib ki, adi bir iş yerinin dəyişdirilməsi üçün olduqca mürəkkəb meyarlar tətbiq olunur.
Qarşı tərəfi dinləməyə hazırıq.
