1,5 milyon uşağı əhatə edən qərar-Azərbaycan sosial şəbəkələrdə yeni dövr başlatdı

1,5 milyon uşağı əhatə edən qərar-Azərbaycan sosial şəbəkələrdə yeni dövr başlatdı Azərbaycanda uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönəlmiş yeni qanunvericilik dəyişiklikləri rəqəmsal mühitdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara edilən dəyişikliklər sosial şəbəkə platformalarından istifadənin yeni qaydalarını müəyyənləşdirir, eyni zamanda uşaqların fiziki və psixoloji sağlamlığının müdafiəsini gücləndirməyi hədəfləyir.
Yeni tənzimləmələrə əsasən, 16 yaşadək şəxslərin sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına yol verilməyəcək, 16-18 yaş arası yeniyetmələrin isə bu platformalardan istifadəsi yalnız valideyn və ya qanuni nümayəndənin razılığı ilə mümkün olacaq. Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər sosial şəbəkələrə qadağa kimi deyil, məhz rəqəmsal mühitdə uşaqların müdafiəsinin gücləndirilməsi, onların yaşına uyğun olmayan məzmunlardan, kibertəhdidlərdən, bulinqdən, psixoloji təzyiqlərdən, zərərli vərdişlərə və hətta intihara sövq edən çağırışlardan qorunması məqsədi daşıyan mexanizm kimi təqdim olunur. Sürətlə inkişaf edən rəqəmsal texnologiyalar və sosial media platformalarının həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların təhlükəsizliyi, sağlam inkişafı və milli-mənəvi dəyərlər əsasında formalaşması xüsusi diqqət tələb edir. Bu baxımdan qanunvericiliyə edilən dəyişikliklər dövlətin uşaqların müdafiəsi siyasətinin davamı kimi qiymətləndirilir və dünya ölkələrində tətbiq olunan oxşar təcrübələrlə uzlaşdırılır.
Qanunun 12 ay sonra qüvvəyə minməsi nəzərdə tutulur. Bu müddət ərzində yaş yoxlanılması mexanizmləri hazırlanacaq, tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısı müəyyənləşdiriləcək, maarifləndirmə tədbirləri həyata keçiriləcək. Beləliklə, məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onların sosial şəbəkə mühitinə daha təhlükəsiz və nəzarətli şəkildə daxil olmasını təmin etməkdir.
Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a bildirdi ki, layihənin mərkəzində sosial şəbəkədə fərdi hesab yaratmaq üçün minimum rəqəmsal yetkinlik yaşının 16 müəyyən edilməsi dayanır: "Bu yaşa çatmayan şəxslərin platformalarda fərdi hesab açmasına yol verilmir. 16-18 yaş arası yeniyetmələr isə hesab yarada bilər, lakin bu, yalnız valideynin və ya qanuni nümayəndənin açıq razılığı ilə mümkün olacaq. Üstəlik, bu yaş qrupunun hesablarında hansı məzmun və reklamların göstərildiyi, eləcə də platformada keçirilən vaxt valideynin idarə edə biləcəyi funksionallıq vasitəsilə nəzarətdə saxlanılacaq, qanuni nümayəndələr bu nəzarəti həyata keçirməyə görə məsuliyyət daşıyacaqlar.
Layihə həmçinin yeniyetmələrin diqqətini manipulyasiya edən dizayn həllərinə-sonsuz sürüşdürmə və avtomatik video oynatma kimi mexanizmlərə- məhdudiyyət qoyur. Komitə müzakirələrində bildirilib ki, Azərbaycanda fəaliyyət göstərmək istəyən texnoloji şirkətlər uşaqların psixologiyasını bu cür üsullarla istismar etmək hüququna malik olmayacaq.
Sosial şəbəkə provayderlərinə yaş yoxlanılması üçün texniki həllər tətbiq etmək, bu barədə müvafiq dövlət orqanına məlumat vermək vəzifəsi qoyulur. Qanun qüvvəyə mindikdən sonra 16 yaşından aşağı şəxslərə məxsus mövcud hesablara giriş məhdudlaşdırılacaq. Yaşın 16-dan yuxarı olduğu təsdiqlənmədiyi halda həmin hesablar və onlara aid fərdi məlumatlar silinəcək. Provayderlər istifadəçi davranışını mütəmadi təhlil etməli, bəyan edilən yaşla bağlı əsaslı şübhə yarandıqda təkrar yaş yoxlanılması aparmalıdır. Bundan başqa, platformalar 16–18 yaş qrupunun həyatına, sağlamlığına, şərəfinə və digər qanunla qorunan hüquqlarına təhlükə yaradan zərərli məzmunun yayılmasının qarşısını almaq üçün fasiləsiz fəaliyyət göstərən, operativ müdaxiləni təmin edən rəqəmsal həllər qurmalıdır.
Təhsil orqanlarının verdiyi məlumata görə, məktəb yaşlı övladı olan ailələrin böyük əksəriyyətində uşaqlar artıq sosial mediadan istifadə edir, hər beş uşaqdan biri orta hesabla gündə beş saatdan çox bu platformalarda vaxt keçirir; YouTube, WhatsApp və TikTok ən çox istifadə olunanlardır. Eyni zamanda valideynlərin əhəmiyyətli hissəsi övladının sosial şəbəkə fəaliyyətinə real nəzarət edə bilmədiyini etiraf edir. Bu mənzərə fonunda dəyişikliklərin əhatə dairəsi kifayət qədər genişdir. Məktəbəqədər və ümumi təhsil pilləsində təxminən 1,5 milyon uşaq bu tənzimləmənin bilavasitə nəzərində tutulan qrupuna daxildir".
Deputatın sözlərinə görə, qanunvericilər və icraçı qurumlar layihəni qadağa kimi deyil, qoruyucu çərçivə kimi təqdim edir. Məqsəd uşaqları rəqəmsal mühitdən təcrid etmək deyil, onların yaşına uyğun olmayan məzmundan, kibertəhdiddən, bulinqdən, psixoloji təzyiqdən və zərərli çağırışlardan qorunmasını institusional səviyyədə təmin etməkdir. Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə öyrənilib və yerli reallıqla uyğunlaşdırılıb.
Qanunun tətbiqi üçün keçid dövrü nəzərdə tutulur. Bu müddətdə yaş yoxlanılması üçün texniki mexanizmlər formalaşdırılacaq, tənzimləmənin tətbiq olunacağı konkret platformaların siyahısı müəyyənləşdiriləcək və cəmiyyətdə maarifləndirmə işi aparılacaq. Bu mərhələli yanaşma həm platformalara, həm də ailələrə yeni qaydalara uyğunlaşmaq üçün zaman verir və dəyişikliklərin formal qadağadan real qoruma mexanizminə çevrilməsini hədəfləyir.
Yekun olaraq, bu qanunvericilik təşəbbüsü dövlətin uşaq müdafiəsi siyasətinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi şəraitdə uşağın təhlükəsizliyini, sağlam psixoloji inkişafını və valideyn nəzarətinin effektivliyini qanuni çərçivəyə salmaq məqsədi daşıyır".

Geri qayıt