Cəmiyyətin təhlükəsizliyi və İnsan hüquqları balansı: "Psixiatriya yardımı haqqında" Qanuna dəyişikliklər nə üçün vacibdir?
" class="post-main-photo">
Müasir dünyada hüquq sistemi təkcə baş vermiş cinayət və ya xətaları cəzalandırmaqla kifayətlənməməli, həm də potensial faciələrin qarşısını alan preventiv, yəni qabaqlayıcı funksiyanı yerinə yetirməlidir. Parlamentin Səhiyyə komitəsində müzakirəyə çıxarılan "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik layihəsi məhz bu preventiv fəlsəfəyə əsaslanır. İnzibati xəta törətmiş və kəskin psixi pozuntu vəziyyətində olan şəxslərin razılığı olmadan müayinə edilməsi, eləcə də rejim qaydalarının sərtləşdirilməsi ilk baxışdan fərdi azadlıqların məhdudlaşdırılması kimi görünsə də, əslində həm həmin şəxsin, həm də ətrafdakıların yaşamaq hüququnun təminatıdır.
Böhran vəziyyətində "razılıq" anlayışının psixoloji paradoksu
Psixiatriya və klinik psixologiyadan bizə yaxşı məlumdur ki, kəskin psixoz, affekt və ya delusional (sayıqlama) vəziyyətində olan şəxslər öz hərəkətlərinin və reallığın fərqində olmurlar. Tibbi dildə buna "anosoqnoziya" – yəni şəxsin öz xəstəliyini və ya vəziyyətinin ağırlığını dərk edə bilməməsi deyilir.
Belə bir vəziyyətdə olan və barəsində inzibati icraat aparılan şəxsdən "müayinəyə razılıq" verməsini gözləmək həm zaman itkisidir, həm də məntiqsizdir. Gecikdirilmiş hər bir dəqiqə fərdin həm özünə (suitsid, yəni özünəqəsd tendensiyası), həm də cəmiyyətə (aqressiya, hücum) zərər vurması ilə nəticələnə bilər. Qanun layihəsində prokuror və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən bu qərarın operativ verilməsi, bürokratik əngəlləri aradan qaldıraraq birbaşa insan həyatını xilas etməyə yönəlib. Bu, insanı hüquqdan məhrum etmək deyil, əksinə onun psixi böhranın əsirinə çevrilməsinin qarşısını almaqdır.
Beynəlxalq təcrübə nə deyir?
Azərbaycan qanunvericiliyinə təklif edilən bu dəyişikliklər velosipedin yenidən icad edilməsi deyil, dünyanın mütərəqqi ölkələrində sınaqdan çıxmış və özünü doğrultmuş təcrübənin milli müstəviyə transferidir.
Böyük Britaniya (Mental Health Act):
İngiltərə hüququnda xüsusi maddələr (məsələn, Section 136) polisə və prokurorluğa imkan verir ki, ictimai yerdə və ya icraat zamanı özü və ətrafı üçün təhlükə törədən psixi pozuntulu şəxsi heç bir razılıq olmadan birbaşa təhlükəsiz xəstəxana mühitinə ("place of safety") yerləşdirsin və dərhal müayinəyə cəlb etsin. Təbii ki, burada da əsas meyar "ətrafa və özünə bilavasitə təhlükə" amilidir.
ABŞ təcrübəsi (Baker Act və s.):
Birləşmiş Ştatların daxili qanunvericiliyində (məsələn, Floridada məşhur "Baker Act") əgər şəxs törətdiyi əməlin fərqində deyilsə və real təhlükə saçırsa, hüquq-mühafizə orqanlarının və ya hakimin qərarı ilə o, 72 saatlıq məcburi psixiatrik ekspertizaya göndərilir. Heç bir "razılıq" tələb olunmur, çünki dövlət vətəndaşın canını, həyatını qorumaq öhdəliyi daşıyır.
Avropa İttifaqı dövlətləri (Almaniya və Fransa):
Bu ölkələrin qanunvericiliyində inzibati və ya cinayət xətası törədən şəxslərin tibbi ekspertizası zamanı operativlik ön plandadır. Xüsusilə Fransa Cinayət qanununa görə, prokurorluq ictimai asayişin qorunması məqsədilə xəstənin razılığı olmadan dərhal psixiatrik müdaxilə əmri verə bilər, lakin bu barədə məhkəmə və xəstənin yaxınları dərhal məlumatlandırılmalıdır (eynilə bizim yeni layihədəki kimi).
Şəffaflıq və qanunilik: Heç kim diqqətdən kənarda qalmır
Yeni dəyişikliklərin ən güclü tərəflərindən biri şəffaflıq və "əks-əlaqə" mexanizminin qurulmasıdır. Müayinənin yekun rəyi dərhal müraciət edən tərəflərə və prokurora təqdim edilir. Eyni zamanda, məhkəmənin qərarına qədər həkim-psixiatrın qərarı ilə qeyri-könüllü stasionara yerləşdirilmə halı baş verdikdə, müəssisə rəhbərliyi "dərhal" şəxsin yaxın qohumlarını, qanuni nümayəndələrini və prokurorluğu məlumatlandırmalıdır.
Bu bənd potensial sui-istifadə hallarının qarşısını tamamilə alır. Şəxsin qeyri-könüllü saxlanılması gizli deyil, hüquqi nəzarət altında və ailəsinin məlumatı daxilində baş verir. Bu, həm xəstənin hüquqlarını qoruyur, həm də həkimlərin üzərinə düşən hüquqi məsuliyyəti artırır.
Təcrid və təhlükəsizlik: Tibbi müəssisədə terapevtik mühitin qorunması
Digər mühüm məqam tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin digər pasiyentlərdən təcrid olunmasıdır. Klinik mühitdə pasiyentlərin təhlükəsizliyi və psixoloji rahatlığı müalicənin effektivliyinin böyük hissəsini təşkil edir. Normal müalicə kursu keçən, depressiya, yüngül nevroz və ya digər idarəolunan pozuntulardan əziyyət çəkən pasiyentlərin, cinayət və ya xəta törətməyə meyil göstərən kəskin aqressiv xəstələrlə eyni mühitdə olması qəbuledilməzdir.
Təcrid olunma:
Digər pasiyentləri potensial travmalardan və təhlükədən qoruyur.
Xüsusi rejim qaydaları:
Məcburi hospitallaşdırılan şəxsin həm özünə zərər vurmasının, həm də tibb personalına hücum etməsinin qarşısını alır. Psixiatriya xəstəxanalarında tibb işçilərinin peşə riskləri çox yüksəkdir və bu rejim qaydaları həm də ağ xalatlı xilaskarlarımızın təhlükəsizliyi üçün hava və su kimi vacibdir.
Təklif olunan dəyişikliklər humanizm prinsiplərinə zidd deyil, əksinə, qlobal hüquq standartlarına əsaslanan daha ali bir humanizmə xidmət edir. Hüquq və psixiatriyanın kəsişməsində qəbul edilən bu qərarlar cəmiyyəti gözlənilməz kəskin psixatrik reaksiyaların fəsadlarından qorumaq üçün zəruri bir qalxandır. Bu addım dövlətin həm xəstə vəziyyətdə olan vətəndaşına vaxtında tibbi yardım çatdırmaq, həm də dinc sakinlərin təhlükəsizliyini təmin etmək missiyasının bariz nümunəsidir.
Xanlar Sətullayev
psixoloq, hüquqşünas
