Anar Bağırov:"İnsanları sevin, onlara diqqət və qayğı ilə yanaşın, insanlığınızı heç vaxt itirməyin"
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun oğlu bu il ADA Universitetindən məzun olub. Universitetin məzun tədbirində A.Bağırov da iştirak və çıxış edib. Yenilik.az xəbər verir ki, bu barədə A.Bağırov sosial şəbəkədə paylaşım edib:
Dünən ADA University Hüquq fakültasinin 2026-cı il Məzuniyyət Mərasimində xüsusi qonaq qisminda iştirak etdim. Mərasim çox yüksək səviyyədə təşkil olunmuşdu. Başda universitetin rektoru, hörmətli professor Hafiz Paşayev və hörmətli dekan, Dr. Rəşad İbadov olmaqla, əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.
Bu il oğlum Fəxri də məzunlar sırasındadır. ADA Universitetinin yaratdığı imkanlardan bəhrələnərək, ikili proqram çərçivəsində təhsilinin son bir ilini ABŞ-da, American University Washington College of Law-da uğurla başa vurdu. Bununla da ADA Universitetinin Hüquq fakültəsi üzrə bakalavr, Vaşinqton Hüquq fakültəsinin Beynəlxalq biznes və ticarət hüququ üzrə magistr (LLM) dərəcələrinə layiq görüldü.
Eyni zamanda, Nyu-York Vəkillər Kollegiyasına (New York Bar) qəbul imtahanının ilk mərhələsindən uğurla keçdi. Təhsil aldığı illər ərzində məni daim qürurlandırdığı üçün oğlumdan çox razıyam.
Bu mərasimdə sədr kimi iştirak etməklə yanaşı, valideyn kimi də çıxış etdim və həm öz məzun oğluma, həm də bütün məzunlara ürək sözlərimi çatdırdım. Çıxışımın əsas məğzi ondan ibarət idi ki, hər bir məzunun gələcək fəaliyyətində ilk növbədə insanlıq dayanmalıdır. İnsanlığın olmadığı yerdə digər şəxsi keyfiyyətlər öz əhəmiyyətini itirir.
İnsanları sevin, onlara diqqət və qayğı ilə yanaşın, insanlığınızı heç vaxt itirməyin."
