Autizmli uşağı parodiya edən İlkin: "Söyüş və qarğış silməkdən yorulmuşam"
Aktyor İlkin Misgərlinin "Bizim eltilər" serialındakı səhnəsi tənqid olunub. Aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb. Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Misgərlinin görüntülərini paylaşaraq "Bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır" sözlərini yazıb.Məsələ ilə bağlı "Bakupost"a açıqlama verən İlkin Misgərli əvvəlcə həmin qızın videosuna baxmadığını deyib. Daha sonra isə “videoda “dəli qız” ifadəsini işlətmisiniz” sualımıza belə cavab verib:
“Heç o uşağın videosuna baxmamışam. Mən onu özümdən etmişəm. Ssenaridə yazılmış bir şey idi. Bilərəkdən nəsə olmayıb”.
Aktyor Musavat.com-a açıqlamasında isə sosial şəbəkələrdə yayılan videonun tamamilə təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, müzakirələrə səbəb olan görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur və video sonradan montaj edilərək fərqli məna yaradılıb: "Nə məsələdir, nə olub? Bu nədir ki, belə üstümə gəlirlər? Kimsə videonu kəsib, montaj edib, uşağın şəklini mənim videomun üstünə qoyub. Hamı da elə həmin montaj olunmuş görüntünü paylaşır. Heç kim fikirləşmək istəmir ki, bunun orijinalı belə deyil. Hamı başlayıb məni baltalamağa. Məqsəd nədir, nə etmək istəyirlər? Biri söyür, biri qarğış edir. Bu nə deməkdir?"
İlkin Misgərli vurğulayıb ki, peşəsi aktyorluqdur və səhnədə müxtəlif obrazlar canlandırır. Onun sözlərinə görə, həmin səhnə konkret hər hansı şəxsi, xüsusilə də autizmli uşağı parodiya etmək məqsədi daşımayıb: "Mən heç kimi parodiya etməmişəm. Mən aktyoram, rol oynayıram. Başımı da yelləyərəm, qolumu da yelləyərəm, ayağımı da yelləyərəm. Bu, aktyor oyununun bir hissəsidir. İnsanları güldürmək üçün müxtəlif jestlərdən istifadə edirik. Amma bunu götürüb tam başqa məna ilə camaata təqdim ediblər. Mən ömrüm boyu sağlamlıq problemi olan uşaqlarla lağ etməmişəm və belə bir addımı heç vaxt atmaram. Mənim xəstə uşaqla nə işim var? İndiyə qədər xəstə uşaqla lağ eləmişəm? Videonu montaj ediblər, sonra da uşağın şəklini onun yanına yerləşdiriblər. Bütün problem bundan yaranıb".
Aktyor sosial şəbəkələrdə tənqid olunan "dəli qız" ifadəsinə də münasibət bildirib. O qeyd edib ki, bu ifadə gündəlik danışıq dilində işlənən məcazi sözdür və konkret hər hansı şəxsə və ya xəstəliyə ünvanlanmayıb: "Autizmli uşağa niyə "dəli" deyim ki? "Dəli qız" sözü hamımızın dilində var. Öz aramızda da işlədirik. Bunun autizmlə heç bir əlaqəsi yoxdur. İş-gücüm qalıb bir tərəfdə, söyüşləri, qarğışları silməkdən yorulmuşam".
Aktyor ondan üzr istəməsini tələb edənlərə də cavab verib: "Deyirlər, üzr istə. Nəyə görə üzr istəyim? Mən oğurluq etmişəm? Kim videonu montaj edib, uşağın şəklini gətirib onun altına yerləşdiribsə, onu tapsınlar. Üzr istəməli olan da odur. Gəlin, əvvəlcə həmin adamı tapaq. Bizim qohumlarımız arasında da autizmli uşaq var. Rejissorumuzun övladı da autizmlidir. Komedixanaya autizmli uşaqlar da gəlirlər, tamaşalarımıza baxırlar, onlarla şəkil çəkdiririk. Belə bir münasibət bizdə heç vaxt olmayıb".
Sonda aktyor bildirib ki, məsələni şəxsən izah etmək üçün autizmli uşağın ailəsi ilə görüşəcək:
"Bu gün uşaqla və valideyni ilə görüşəcəyəm. Onlara izah edəcəyəm ki, belə bir niyyət olmayıb. Həmin görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur, hər şey montaj nəticəsində yanlış təqdim edilib".
