Məşhurlar İlkin Misgərlinin parodiyası haqda: "Bunu çəkib paylaşana ayıb olsun, biabırçılıqdır, günah edib"
Aktyor İlkin Misgərlinin "Bizim eltilər" serialındakı səhnəsi tənqid olunub.Moderator.az xəbər verir ki, aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Əməkdar artist Çingiz Əhmədov bildirib ki, ən böyük səhv bu görüntüləri paylaşan şəxsdədir:
"Mən İlkinin xətrini çox istəyirəm. Biz birlikdə də çəkilmişik. Çox mədəni, səliqəli insandır. Böyük-kiçik yeri bilən şəxsdir. Bəlkə də o bu parodiyanı pis niyyətlə etməyib. Yanında aktrisa Rəsmiyyə Nur da var. Çəkiliş məqamında görürsən ki, boşluq olur, o da həmin parodiyanı bilmədən edib. Mən bunu çəkən və paylaşan şəxsdə günah görürəm. Gərək çəkməzdilər, paylaşmazdılar, söhbət də bu dərəcədə böyüməzdi. Çəkiliş vaxtı çox şeyi parodiya edirik. Mən dəqiq bilirəm ki, İlkin bunu bilmədən, istəməyərəkdən edib. Bunu öz aralarında, mətbəxdə edib. Bunu yaymaqları, paylaşmaqları biyabırçılıqdır. Bunu çəkib sosial şəbəkəyə yerləşdirənə ayıb olsun. Əlbəttə ki, fiziki məhdudiyyətli uşaqlara, onların ailəsinə pis təsir edə bilər və edib də".
Əməkdar artist Arzu Hüseynov bildirib ki, həssas təbəqəni parodiya edərkən mütləq özlərinin razılığı olmalıdır:
"Hansısa bir xəstə adamı, bir çatışmamazlığı olan adamı parodiya etmək olmaz. Əgər o xəstə adamın icazəsi olsa, ya bu o adama maraqlı gələrsə, hətta özü bunu istəsə ki, məni parodiya etsinlər, o zaman onu parodiya etmək olar. Əks halda düzgün deyil".
Aktyor-parodiyaçı Ramil Abdullayevin mövzuya münasibəti qısa olub:
"Fiziki məhdudiyyətli insanları parodiya etmək olmaz. Məncə bu bəyənilməyən hadisədir və ən azından günah sayılır. Fiziki məhdudiyyətli insanı parodiya edib, onun qüsurunu göstərmək isə ümumiyyətlə yaxşı hal deyil".
Sözügedən videoda yer alan Hacı Quliyevlə dəfələrlə əlaqə saxlasaq da o, bu mövzu haqda danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, bu görüntülər bir müddət əvvvəl sosial şəbəkələrdə yayılıb və Hacı Quliyevin səbri, təmkini bütün izləyicilər tərəfindən bəyənilərək, alqışlanıb.
