İnsanlar niyə "bədbəxt münasibətlərdə" qalmaqda davam edirlər? - Psixoloq rəyi

İnsanlar niyə Bir çox insan uzun müddət onlara sevinc gətirməyən münasibətlərdə qalmaqda davam edir. Bu, hisslərə və ya yaxınlığa görə deyil, "artıq çox şey yaşanıb" düşüncəsinə görə baş verir.
Bu barədə rusiyalı psixoloq İnna Mirnaya Gazeta.ru-ya danışıb.
Psixoloqun sözlərinə görə, belə hallarda insan öz düşüncələrinin tələsinə düşür. Nə qədər çox vaxt, güc və enerji sərf olunubsa, nəticənin gözləntiləri doğrultmadığını qəbul etmək bir o qədər çətin olur. Problem ondadır ki, birlikdə qalmaq qərarı indiki zamandan deyil, keçmişdən irəli gəlir. İnsan hazırda nə hiss etdiyinə deyil, gedəcəyi təqdirdə nə qədər itirəcəyinə diqqət yetirir.
"Hətta insan özünü pis hiss etdiyini anladıqda belə, itkilərin miqyasını qəbul etməyə hazır olmadığı üçün münasibətdə qalmağa davam edir", - deyə psixoloq bildirib.
Zamanla bu, daxili ziddiyyətə gətirib çıxarır. Bir tərəfdən yorğunluq, qıcıqlanma və boşluq hissi yaranır. Digər tərəfdən isə illərlə davam edən həyatı sıfırlamaq və yenidən başlamaq qorxusu olur. Nəticədə insan sanki iki qərar arasında ilişib qalır və heç birini seçmir.
"Bu vəziyyətdə ən çətini odur ki, insan öz həyatını yaşamadığını hiss edir, amma oradan çıxa bilmir", - deyə Mirnaya qeyd edib.
Ətrafdakıların əlavə təzyiqi də vəziyyəti ağırlaşdırır. Cəmiyyət "sona qədər dözmək" fikrini dəstəkləyir və uzunmüddətli münasibətlərdən sonra ayrılığı uğursuzluq kimi qəbul edir. "Siz birlikdə çox şey yaşamısınız" və ya "ailə naminə dözmək lazımdır" kimi ifadələr insanın ayrılmağın səhv olduğu düşüncəsini möhkəmləndirir.
"Bu, kəskin ağrının olmadığı, amma sevincin də qalmadığı vəziyyətdir. Məhz belə vəziyyət illərlə davam edə bilər", - deyə Mirnaya izah edib.
Psixoloqun sözlərinə görə, ən vacib suallardan biri budur: əgər ortaq keçmiş olmasaydı, insan bu münasibətləri indi seçərdimi? Bu suala cavab çox vaxt gözlənilməz dərəcədə səmimi olur./Oxu.Az

Geri qayıt