Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı?

Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? “Ailə üzvlərinin xatirələri Xalq şairi Səməd Vurğunun yaradıcılığa münasibəti haqqında bir çox maraqlı detalları öyrənməyə imkan verir. Onlar deyirlər ki, Səməd Vurğun hər səhər yuxudan oyanıb kostyum geyinir, qalstuk bağlayırdı və qüsursuz görünüşdə yazı masası arxasına otururdu. Evdəkilər onun sanki bir yerə getməyə hazırlaşdığını düşünürdülər, şair isə kabinetinə keçib işə başlayırdı”.
 
Yenilik.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı deyib.
 
O bildirib ki, bu vərdiş, şairin yazı işinə nə qədər hörmət və məsuliyyətlə yanaşdığını açıq şəkildə göstərir: “Onun üçün masa arxasındakı iş gündəlik bir iş deyil, daxili konsentrasiya, nizam-intizam tələb edən vacib və demək olar ki, müqəddəs bir missiya idi.
 
Şairin tərcümə fəaliyyəti ilə bağlı maraqlı bir hekayə də yaddaşlarda qalıb. Məlumdur ki, Səməd Vurğun Aleksandr Puşkinin mənzum romanı olan “Yevgeni Onegin”i Azərbaycan dilinə tərcümə edib. Bağında tərcümə üzərində işləyərkən ehtiyat edirdi ki, Puşkin dilinə və üslubuna uzun müddət qərq olmağı mətni istər-istəməz Azərbaycan dilinin milli ruhundan uzaqlaşdıra bilər.
 
Buna görə də o, həyat yoldaşı Xavər xanımdan onun işlədiyi zaman Azərbaycan xalq və aşıq melodiyalarını səsləndirməyi xahiş edirdi. Şair əmin idi ki, doğma musiqinin səslənməsi tərcümədə milli koloriti, dilin təbiiliyini və daxili intonasiyasını qorumağa kömək edəcək”.
 
O qeyd edib ki, Səməd Vurğunun ana dilinə olan xüsusi münasibəti təkcə ədəbi yaradıcılığında deyil, həm də ailə həyatında özünü göstərirdi: “O, uşaqlarının Azərbaycan dilində təhsil almalı olduğuna qəti şəkildə əmin idi. Xavər xanım oğlu Yusifi məktəbin rus bölməsinə yazdırmaq istəyəndə şair qəti şəkildə razılaşmadı. O deyirdi: “Oğlum atasını tərcümədə oxusaydı, bu, mənim üçün faciə olardı”.
 
Növbəti səfərindən əvvəl Səməd Vurğun özü Yusifin sənədlərini məktəbin Azərbaycan bölməsinə təqdim etdi. Xavər xanım sonradan oğlunu qeydiyyatdan keçirməyə gələndə məlum oldu ki, şair artıq bu məsələni həll edib. Bu epizod Səməd Vurğunun ana dilinə və onun qorunmasına verdiyi böyük əhəmiyyəti əyani şəkildə nümayiş etdirir”.

Geri qayıt