Bakıda oturub Azərbaycanı hədələyənlər – Udduğunuz HAVA da sizə HARAMDIR!

Bakıda oturub Azərbaycanı hədələyənlər – Udduğunuz HAVA da sizə HARAMDIR! Bu ilin fevralında Azərbaycana qarşı hərbi təcavüz və terrorçuluqda təqsirləndirilən Ermənistanın 15 vətəndaşına hökm oxundu. Bakı Hərbi Məhkəməsi bununla, əslində, onların havadarlarına da hökm çıxarıb ağır cəza kəsdi.
Həmin məhkəmə qərarlarının hələ də çox uzaqlarda əks-səda və qıcıq doğurmasının yeganə səbəbi bu. Çünki bundan sonra Azərbaycan dövləti və xalqı əleyhinə qalxmaq istəyənlər çıxarılan hökmləri xatırlayıb iki dəfə düşünməli olacaqlar. Amma və lakin...
Artıq üç ilə yaxındır gorbagor olmuş Qarabağdakı xunta rejiminin uydurma “müdafiə ordusu”nun “komandanı”, hazırda Bakıda ömürlük cəza çəkən David Manukyan İrəvana göndərdiyi mesajda görün nə çərənləyir. “Biz haqlı mübarizəmizi davam etdiririk, erməni xalqının və erməni dövlətçiliyinin alçaldılmasına yol vermərik”, - Manukyan sarsaqlayıb.
Ardı da var. Səbimizi basıb oxuyaq: “Məhkəmə prosesi yalnızca 15 şəxsə qarşı yox, həm də erməni xalqının keçmişinə və indisinə qarşı yönəlib. Çünki ittiham aktına və hökmə əsasən, proses ötən əsrin ilk onilliklərinə gedib çıxır. Biz bütün bu yalan ittihamlara (?! – Z.S.) qarşı haqlı mübarizəmizi davam etdiririk”.
Sonda isə o, Baş nazir Nikol Paşinyana müraciətlə onu Azərbaycanın kəsdiyi hökmlərlə bağlı açıq mövqe bildirməyə çağırır. “Əks halda cavab verməməyiniz yalan ittihamlarla razılaşmağınız və bununla təkcə özünüzü deyil, Ermənistan xalqını da ona şərik etməyiniz anlamına gələcək”, - deyə özünü vicdan məhbusu kimi qələmə verməyə çalışan quldur sayıqlayıb...

Manukyanın Bakıda oturub belə dil-dil “ötməsi” səbəbsiz sayılmaz. Şəkk-şübhə yox ki, bu, son vaxtlar Avropada qələbəmizi həzm etməyən antitürk çevrələrinin, o sırada Avropa Parlamenti və AŞ PA-nın Azərbaycan əleyhinə artan qarayaxma kampaniyası ilə, şər-böhtanları ilə birbaşa bağlıdır.
Bəllidir ki, analoji “müraciətləri” Bakıdan başqa bir erməni cinayətkar – Ruben Vardanyan da edir. İndi əgər bu insanlıq düşmənləri, hərbi canilər Azərbaycanda həbsdə ikən belə təxribatçı fikirlər səsləndirsə, gor buraxılsalar hansı oyunlardan çıxar, hansı yeni qələtləri edərlər.
Göründüyü kimi, onların ağıllanmasına, əhilləşməsinə çox var. Bəlkə mümkün də deyil. Demək, tam haqqına ağır cəzalara layiq görülüblər və islah olunmayanadək azadlıq, təmiz hava belə onlara haramdır!..
Axı hansı “haqlı mübarizədən”, hansı “erməni dövlətçiliyindən” dəm vurur bu zat? Qafqazda ilk dəfə erməni dövləti ötən əsrin əvvəllərində necə, kimin hesabına, hansı torpaqlarda qurulub, bunu məktəbli də bilir.
Təsadüf deyil ki, erməni radikal-revanşistlər bu gün də Rusiyanı ittiham edirlər ki, nə üçün Putin Bakının Qarabağda separatizmin kökünü kəsməsinə susqun yanaşıb? İndiyədək də Kremli bağışlaya bilmirlər. Sən demə, Rusiya Qarabağda oyuncaq qurumu qorumaq üçün Azərbaycana müharibə elan eləməli, ərazimizə ordu yeritməli imiş – SUVEREN ərazimizə!
Bu da təəccüblü deyil ki, cani-separatçı Manukyan müraciətində keçən əsrin əvvəllərinə xüsusi vurğu edir. Ona görə ki, məhz həmin dövrdə Azərbaycan torpaqlarında saxta Ermənistan dövləti, daha sonra isə (1923) qondarma DQMV yaradılıb. Manukyanlar onun xiffətini çəkirlər. Ancaq boşuna. “Qatar” çoxdan gedib və geri qayıtmayacaq...
O ki qaldı ədalətli məhkəmə hökmləri ilə “erməni xalqının alçaldılması” iddiasına, əlbəttə ki, blefdir. Bakıda aylarla davam edən məhkəmə prosesi çoxsaylı, daşdan keçən dəlil-sübutlarla sırf erməni separatizmi və terrorizminin ifşasına həsr olunub və günahkarlar yekunda haqq elədikləri cəzaları alıblar. Yəni mühakimə edilən, məhkum olunan işğalçı Ermənistan, erməni dağıdıcı separatizmi və bir də erməni terrorizmi olub!
Əgər erməniləri xalq olaraq kimsə alçaldıbsa da, bu elə onların özləridir. Və nə qədər ki, qapıbir qonşularına qənim kəsilmiş bu nanəcib tayfa manukyanlar, vardanyanlar kimi avantürist-əclafların arxasınca gedəcək, yenə alçalacaq, yenə ağır bədəl ödəyəcək və sağalmaz zərbələr alacaq.

Geri qayıt