"Aktyor qalıb kənarda, ancaq ilanı soruşurlar"-Əməkdar artistin səhhəti necədir?-AÇIQLAMA

Xəbər verdiyimiz kimi Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Kərimovu dünən ilan sancıb. Moderator.az aktyorun səhhətini xəbər almaq üçün onunla əlaqə saxlayıb. Dəfələrlə zəng etsək də aktyor dəstəyi qaldırmayıb. Aktyorun sənət dostu, Əməkdar artist İlham Əsədov saytımıza açıqlamasında həmkarının səhhətinin yaxşı olduğunu və istirahət etdiyini bildirib:
"Hadisə qohumlarının bağında baş verib. Tez müdaxilə edildiyinə və vaxtında həkimə çatdırıldığına görə qorxulu bir şey yoxdur. Görünür elə də öldürücü, zəhərli ilan olmayıb. Bakı kəndlərində ilan, tısbağa, qurbağa çox olur. Bu adi haldır. Elnurun telefonlara cavab verməməsinə səbəb həm istirahətdə olmasıdır, həm də artıq bu mövzu ilə bağlı danışmaq istəməməsidir. Adicə dünən mənə də zəng edib soruşurdular ki, Elnur Kərimova nə olub? Deyirəm ki, saytda axı ilan sancdığı yazılıb. Sualı bəzən düzgün qoymurlar" deyə o bildirib. 
Aktyor sosial şəbəkədə yayılan "Elnur Kərimovu sancan ilan ölüb" ifadəsinə də münasibət bildirib:
"İlan Elnuru sancandan sonra özü ölməyib. Sadəcə olaraq ilanı öldürüblər. Bilmirəm ilanın ölümünü niyə bu qədər yazıb-pozurlar.. İnsan qalıb bir kənarda, ölən ilandan danışırlar. Birazdan soruşacaqlar ki, ilan harada basdırılıb?" deyə aktyor bildirib.







Geri qayıt