Bəhruz Quliyev: “Paşinyan bu addımları ilə danışıqlar prosesinin mənasızlığını o

"Əbəs deyil ki, cənab İlham Əliyev yapon nəşrinə verdiyi müsahibəsində də həmin amillərə toxunub və bildirib ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri çox uzaqdır", deyə xatırladan "SƏS" qəzetinin baş redaktoru onu da bildirib ki, Paşinyan bu addımları ilə məhz təhrikedicilik törədir, danışıqlar prosesinin mənasızlığını ortaya qoyur: "Ermənistan dinc şəhərlərimizə ballistik raketlər atdı, mülki vətəndaşlarımızı öldürdü və yaraladı, bu gün də həmin cinayətlər törədilməkdədir. Digər bir məsələyə də diqqət yetirək. Baxın, hətta insani dəyər, humanistlik məqsədi ilə Moskvada əldə olunmuş birinci razılaşmanı və sonrakı razılaşmanı yenə də Paşinyan pozdu. Bu gün Ermənistanın terror siyasətini Qarabağ cəbhəsində davam etdirməsi marağı artıq həmin ərazilərdə epidemioloji təhlükə riskinin də artmasına səbəb olmaqdadır. Halbuki, Azərbaycan tərəfi sonradan birtərəfli qaydada təklif irəli sürmüşdü ki, düşmən öz ölmüş hərbçilərinin döyüş meydanından yığsın və biz yenə də bunun qarşılığında qeyri-insani rəftarın şahidlərinə çevrildik".
Bəhruz Quliyev Azərbaycan dövlətinin ermənilərin Qarabağda məskunlaşması mümkünlüyünü bəyan etməsini də şərh edib və bildirib ki, bu barədə Prezident İlham Əliyev sözügedən nəşrə müsahibəsində vurğulayıb: "Torpaqlarımız işğaldan tam azad olunduqdan sonra Azərbaycan dövləti ermənilərə mədəni muxtariyyət verə bilər və belə bir təklifin irəli sürülməsi də sübut edir ki, Azərbaycan daim sülh carçısı olaraq çıxış edir. Amma bu o demək deyil ki, düşmən dövlətimizin humanizm prinsipinə söykənən siyasətindən öz kirli, terrorçuluq məqsədləri üçün istifadə edə bilər. Yəni bizim erməni xalqı ilə işimiz yoxdur, yalnız təhlükə yaradan qüvvələrinə, silahlı birləşmələrinə, onların vəhşiliyinə qarşı əlbəttə ki, humanizm nümayiş etdirə bilmərik. Bu baxımdan, bu gün hər birimiz xalq olaraq Ali Baş Komandanımızın ətrafında birləşərək, vahid şəkildə öz ədalətli, haqlı vətən müharibəmizi davam etdirir, qələbələrə doğru addımlayırıq".