İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat

2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam-cüməsi, eləcə də ölkənin mühüm qurumlarından biri olan Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə hər il yanvar ayının 19-u bu ölkədə, xüsusən onun azərbaycanlılar yaşayan əyalətlərində “Dünya Müsəlman Azəriləri Günü” kimi qeyd olunur.
Göründüyü kimi, Molla rejiminin ideoloqları çoxlarının yaxşı xatırladığı yaxın tarixin hadisələrini həyasızcasına təhrif edir, 1989-cu ilin sonunda baş vermiş sərhəd hərəkatının, həmçinin 1990-cı ilin 20 yanvarı ərəfəsi və sonrasında baş vermiş proseslərin mahiyyətini başqa cür təqdim etməyə çalışırlar.
Daha dəqiq desək, soyuq qış günlərində min bir əziyyətlə, bütün maneələri aşaraq öz qan qardaşları ilə ayrılığa və az qala iki əsrlik həsrətə son qoymaq üçün Quzey Azərbaycan əhalisinin bütövlük amalı ilə Arazın o tayına üz tutması azərbaycanlıların guya İrana və islama can atması kimi qələmə verilir. Həmin saxta tezis srağagün, yəni yanvarın 19-da Ərdəbilin Şeyx Səfi kompleksindəki Xətayi salonunda keçirilən növbəti mərasimdə də dönə-dönə təkrar edilib.