Yenilik.Az
www.Yenilik.Az » Dünya » ATƏT-in Minsk Qrupunun "atəşkəs" oyunun ŞOK təfərrüatı üzə çıxır

ATƏT-in Minsk Qrupunun "atəşkəs" oyunun ŞOK təfərrüatı üzə çıxır

ATƏT-in Minsk Qrupunun "atəşkəs" oyunun ŞOK təfərrüatı üzə çıxır
2020-10-27 , 09:57

Deyir ilanın zəhləsi yarpızdan gedir. O da gəlib yuvasının ağzında bitir. Adım kimi əminəm ki, Azərbaycan xalqının da ən zəhləsi getdiyi söz “atəşkəs”dir. Onu da dönüb, dolandırıb böyük dövlətlər boyumuza biçir.  Nə az, nə çox, düz 27 ildir ki, bu söz qulağımızı döyənək edib. Azərbaycanın çıxdığı haqq yoluna qurulan “atəşkəs” şlaqbaunu əslində ABŞ, Rusiya və Avropa dövlətlərinin əlində bir dəyənəkdir. Zaman-zaman bu dəyənəklə milli maraqlarımıza, dövlətçiliyimizə zərbələr vurublar. Çünki Azərbaycan islam ölkəsidir. İslam ölkəsi isə “Xristian evi” olan Avropa İttifaqı və bu ittifaqın ağsaqqalı ABŞ üçün heç zaman dost dövlət ola bilməz. Ən yaxşı halda tərəfdaş ola bilər. Hələ onu demirəm ki, biz bir türk dövlətiyik. Türk adı gələndə isə Avropanı allergiya tutur. Çünki zaman-zaman Çingiz xandan, Osmanlı sülaləsindən az kötək yeməyiblər. Ona görə də ABŞ, Aİ və Rusiya tarixin və dədə-babalarının acısını bizlərdən çıxarırlar. Azərbaycan xalqına, Türk dünyasına və islam aləminə bir təzyiq vasitəsidir bu “atəşkəs” oyunu. Son 15 gündə üçüncü dəfə ortaya atılan “atəşkəs” ABŞ, Rusiya və Qərbin növbəti oyunudur.
Əslində, ABŞ, Rusiya və Qərb Azərbaycan xalqına növbəti dəfə “dur” deməklə həqiqətin üzünə bir daha tüpürdü. Rusiya və Qərb Azərbaycan xalqının ədalətin bərpası üçün qalxdığı mübarizəyə qırmızı işıq yandırmaqla Əlahəzrət ədaləti ayaqlar altına atdı. Beləcə, Rusiya və Qərb  əsl simasını bir daha sivilizasiyaya göstərmiş oldu. Bununla da bir daha sübut olundu ki, insan haqları, demokratiya, dövlətlərin ərazi bütövlüyünə hörmət və bu kimi gəlişi gözəl sözlər ancaq və ancaq gözdən pərdə asmaq üçündür.
Böyük dövlətlərin (daha doğrusu xristian aləminin) böyük maraqları müqabilində digər dövlətlərin mənafeləri heç kimin umrunda belə deyil. Belə olmasa idi, ilk atəşkəsin elan olunduğu 10 oktyabrdan bu yana ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri bölgəyə səfərə gələrdi. Kimin atəşkəsi pozmasına şahidlik edərdi. Heç olmasa, publika üçün. Amma nə gələn var, nə gedən. Çünki Azərbaycan xalqının haqq işi nə Qərbin, nə də Rusiyanın marağında deyil.Heç erməniləri də düşünən yoxdu.
Baxmayaraq ki, aysberqin görünən tərəfi belə bir mənzərə yaradır ki, ABŞ, Qərb və Rusiya Ermənistanı dəstəkləyir. Yox, Əsla… Belə olsa idi 30-dan artıq ölkəni bir Avropa İttifaqı bayrağı altında birləşdirən, milli valyutasından, milli pasportundan və bir çox milli dəyərlərindən imtina edən Qərb erməniləri ikinci Ermənistan dövləti yaratmağa qısqırtmazdı. Deməli, erməniləri üstümüzə qısqırdan Rusiya və Qərbin niyyəti hansısa xalqın haqq işinə dəstək vermək yox, bölgədəki göeosiyasi mübarizədə üstünlüyə  nail olmaqdır. “Atəşkəs” oyunu həm də İslam və Türk dünyasının sehirli qapısı rolunu oynayan Azərbaycanı zəif salmaq ideyasına xidmət edir.
Bu günədək 20 faiz torpaqları işğal olan Azərbaycanın bütün itkilərə rəğmən Cənubi Qafqazın ən qüdrətli dövləti adına sahib çıxmasını nə Qərb, nə də Rusiya həzm edə bilmir. Bu gün böyük dövlətlərin istəkləri Azərbaycanı Liviya, İraq, Suriya və ən yaxşı halda Ermənistanın iqtisadi durumunda görməkdir. Çünki valyuta ehtiyatları ümumi daxili məhsulun (ÜDM) həcminə yaxın olan tək-tək ölkələrdəndir Azərbaycan. Azərbaycanın valyuta ehtiyatları xarici borclarından ən azı 5 dəfə çoxdur. Biz neyləyək ki, dünyanın super dövləti ABŞ-ın xarici borcları ÜDM-dən bir trilyon dollar çoxdur. Hələ koronavirus pandemiyası nəticəsində iqtisadiyyatı bərbad günə qalmış Avropa və Rusiyanı demirəm. Bax, bu dövlətlər çox gözəl bilirlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edərsə, zəngin karbohidrogen və təbii sərvətləri hesabına dünyanın cənnət ölkəsinə çevrilə bilər. Bunu isə nə ABŞ, nə Rusiya, nədə ki, Avropa dövlətləri həzm edə bilmir. Ona görə də sonu görünməyən bu “atəşkəs” oyunu əslində Azərbaycanın ərazi bütövlüyünün təminatına və qüdrətli dövlət olmaq istəyinə qarşı hazırlanmış bir oyundur.
Belə olmasa idi Dünya Birliyi çoxdan təcəvüzkarı yerində oturdardı. 27 ildir ki, BMT-nin 4 qətnaməsi stol üstündə qalıb. İcrasını gözləyir. ABŞ, Qərb və Rusiya bu qətnamələrin icarsıyla məşğul olmaq əvəzinə davamlı şəkildə təcəvüzkarı dəstəkləyirlər. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın son bir ayda sərgilədiyi ermənipərəst mövqeyi yumşaq desək, hiddət doğurur. ABŞ və Rusiyanın loyal münasibətinə isə ən yaxşı halda təəssüflənmək olar. Çünki “atəşkəs” oyununun arxasında bu dövlətlərin məkrli niyyətləri durur. Minsk qrupunun həmsədrləri atəşkəsə Azərbaycanın zəfər yürüşünü dayandırmaq, Ermənistanın isə özünü toparlamaq imkanı kimi baxırlar. Fikrimin təsdiqi üçün oktyabrın 10-da baş verənləri göz önünə gətirmək kifayətdir. Atəşkəs elan olunan kimi Ermənistan müxtəlif yollarla əldə etdiyi silahları Qarabağa daşımağa başladı.Həttda təcili yardım maşınları ilə döyüş bölgəsinə silah-sursat daşınırdı. Ən dəhşətlisi odur ki, Ermənistana pulsuz silah verən, ona maddi-mənəvi dəstək verən ölkələrin önündə ATƏT Minsk qrupunun həmsədrləri gəlir.
Bəlli, görünən dağa bələdçi lazım deyil.ABŞ, Rusiya və Qərbin niyyəti apaydın ortadadır. Respublika Prezidenti İham Əliev oktyabrın 26-da Azərbaycan xalqına müraciət edərkən mövcud vəziyyəti çox gözəl xarakterizə etdi:  “… Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk…”

Bəli, bu gün Müzəffər Azərbaycan Ordusu tarix yazır. Haqqı-ədaləti bərqərar edir. ABŞ, Rusiya və Avropa bir tərəf, şanlı Azərbaycanın ordusu isə bir tərəfdir. Çünki başqa yol yox artıq.Ali Baş Komandan demişkən “…Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır…” ABŞ da, Rusiya da, Avropa da. Vəssəlam….
https://konkret.az/atet-in-minsk-qrupunun-ateskes-oyunun-sok-teferruati-uze-cixir/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.