Yenilik.Az
www.YENILIK.Az » Dünya » Amerikalı analitik: "Tramp üçün Türkiyə ABŞ ermənilərinin rəyindən daha vacibdir"

Amerikalı analitik: "Tramp üçün Türkiyə ABŞ ermənilərinin rəyindən daha vacibdir"

Amerikalı analitik: "Tramp üçün Türkiyə ABŞ ermənilərinin rəyindən daha vacibdir"
2020-01-30 , 17:20

ABŞ Senatında Prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələr sona yaxınlaşır. Trampı onda ittiham edirlər ki, o, Ukraynaya hərbi yardımdan təzyiq kimi istifadə edərək, prezident seçkilərində potensial rəqibi Co Baydenin oğluna qarşı cinayət işinin istintaqını aktivləşdirməyə çalışıb.



Analitiklərin fikrincə, ABŞ Konqresi tərəfindən təsdiqlənən Donald Trampın impiçmentinin Senatda reallaşması ehtimalı azdır. Amma bu il prezident seçkiləri gözlənilir. Və mənfi bir şleyf səsvermənin nəticələrinə təsir göstərə bilər.


Eyni zamanda, respublikaçı Donald Tramp erməni mediasının da verdiyi məlumata görə, erməni diasporunun dəstəyini itirə bilər. Düzdür, hansı dəstək haqqında danışıldığı tam aydın deyil. Amerikadakı ermənilərin böyük əksəriyyəti Demokrat Partiyasının tərəfdarı idi və tərəfdarı olmağa davam edir.


Halbuki məhz respublikaçıların iqtidarında ABŞ Konqresinin iki palatası “erməni soyqırımı”nı tanıyan qətnamələr qəbul etdi, hansı ki, əksər Qərb analitikləri üçün gözlənilməz olmuşdu. Və “The California Courier” qəzetinin redaktoru Harut Sasunyanın yazdığına görə, çoxları bunun Prezident Trampın 24 aprel 2020-ci il tarixli müraciətində “soyqırımı” tanımasına gətirib çıxaracağına ümid edirdi.


Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus “rəhbərliyin mövqeyi dəyişməyib. Bu məsələ ilə (“erməni soyqırımı” - red.) bağlı fikirlərimiz prezidentin ötən ilin aprelindəki yekun bəyanatında öz əksini tapmışdır”, - deyə bəyan etdi.


Qeyd etmək lazımdır ki, Donald Tramp digər ABŞ prezidentləri kimi çıxışlarında “erməni soyqırımı” ifadəsindən çəkinir. Ermənistan mediası – “ABŞ-da prezident Trampa heç bir erməni səs verməməlidir” - çağırışları edirlər.


ABŞ-da nə baş verir, erməni diasporunun təsiri nə qədər güclüdür?


Bu barədə Media.Az amerikalı siyasi analitik Qreq Vaynerlə söhbət edib.


- İmpiçment olacaqmı və ümumiyyətlə, Donald Trampın bu il yenidən seçilmək şansları nə qədərdir?


- İmpiçmenti təmin etmək üçün 67 senatorun səsi lazımdır (indi Senatda 45 Demokrat və 2 müstəqil namizəd var). Yəni, bu sadəcə, mümkün deyil. Əlbəttə ki, demokratlar seçki ilə əlaqədar Donald Trampa qarşı impiçment cəhdindən istifadə edirlər. Arzuları onu ümumilikdə, bülletenlərdən çıxarmaqdır. Ancaq bu az ehtimaldır.


ABŞ-da 325 milyon insan yaşayır. Onlardan 240 milyonu böyüklərdir. Bu 240 milyonun daha bir yarısı, yəni 120 milyon adam birjada oynayır, səhmləri var və s. Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidenti olanda “Dow Jones” sənaye indeksi cəmi 18 min idi. İndi “Dow Jones”un göstəricisi təxminən 29 mindir.


Yəni Tramp 120 milyon amerikalını demək olar ki, 50% zəngin edib. Buna görə varlanmış insanların ABŞ-ın hazırkı prezidentinə qarşı səs verəcəyini düşünmürəm.


Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı inkişaf edir. Hətta neftin qiymətinin düşməsi müsbət haldır. Ucuz benzin ABŞ üçün çox vacibdir. Hər gün on milyonlarla insan maşınlarında işə gedir. Ümumiyyətlə, ABŞ-da avtomobilin sayı çoxdur, hər birində 3-4 maşın olan ailələr var.


İndi hər şey Donald Tramp üçün işləyir və bu təkcə iqtisadiyyatda belə deyil.


ABŞ prezidenti Yaxın Şərqdəki münaqişəni həll etmək üçün yeni planını açıqlayıb. Və bu onun üçün böyük bir müsbətdir. Baptistlərin səsləri, Amerika yəhudilərinin nüfuzlu diasporu, şübhəsiz ki, Donald Trampı dəstəkləyəcək. Trampın 2020-ci ilin noyabr seçkilərində qalib gəlməsinə mane ola biləcək bir şey görmürəm.


- Bu arada, bir müddət əvvəl “New York Times” qəzetində Donald Trampın vəd etdiyi iqtisadi partlayışın baş vermədiyi və iqtisadiyyatın ABŞ prezidentini uğursuzluğa düçar etdiyi barədə bir məqalə dərc edildi...


- Əgər uğursuzluq yeddi milyon yeni iş yeridirsə, onda nə deyəcəyimi də bilmirəm (gülümsədi - red.). “New York Times” Donald Trampı bəyənmir, ona görə də bu nəşrə kifayət qədər istehza ilə yanaşmaq lazımdır. İqtisadiyyatda Trampa qarşı ümumiyyətlə, heç bir şikayət ola bilməz.


- Diaspor amili nə qədər güclüdür? Erməni mediası, o cümlədən, ABŞ-da erməni nəşrləri Donald Trampa səs verməməyə çağırdı. Söhbət Konqresin iki palatası tərəfindən tanınan "erməni soyqırımı"ndan gedir...


- ...Bu mütləq qətnamə deyil.


- Düzdür. Və “The California Courier” Donald Trampa qarşı təbliğat aparır, çünki ABŞ prezidentinin aprel ayında çıxışında “erməni soyqırımı” ifadəsini işlətməyəcəyinə inanır. Bu, seçkinin nəticələrinə təsir edə bilərmi?


- Siyasi və iqtisadi tərəzi var. Təbii ki, Donald Tramp üçün ABŞ-ın tərəfdaşı kimi NATO-nun üzvü olan Türkiyə Amerikanın erməni icmasının rəyindən daha vacibdir. Bundan əlavə, ABŞ ermənilərinin səs nisbətləri Donald Trampın seçki kampaniyasının nəticələrinə təsir edəcək dərəcədə yüksək deyil.


- Ancaq eyni zamanda, ABŞ-ın erməni mətbuatında, “The California Courier”i nəzərdə tuturam, ABŞ-da demokratların getdikcə gücləndiyi, hazırkı respublikaçı prezidentin mövqeyinin isə zəiflədiyi bildirilir.


- Onlar arzularını həqiqət kimi qələmə verirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.