Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə vurdu


Bu istiqamətdə Suriyadakı proseslərdə Türkiyənin mühüm rolu və qarşıdan gələn dövrdə də Suriyada proseslərin dinc inkişafına verə biləcəyi töhfələri unutmaq olmaz. Çünki Türkiyə Suriyanın gələcəyində həlledici aktor olaraq qalmağa davam edəcək. Lakin meydandakı dinamika və beynəlxalq güclərin strategiyaları Türkiyənin məqsədlərinə çatmaması üçün əllərindən gələni edəcək. Bu prosesdə Türkiyənin diplomatik və hərbi addımlarının təsiri Suriyanın yenidən formalaşdırılmasında kritik əhəmiyyətə malik olacaq. Çünki bu, təkcə diplomatik cəhətdən deyil, həm də xalqın istəyindən yaranan zərurətdir.

Ümumiyyətlə, Rusiyanın Ukraynadakı müharibəyə görə Suriyadakı hərbi varlığını azaltması rejimin müqavimətini zəiflədib və sübut olunub ki, elə Əsədi hakimiyyətdə saxlayan da Rusiya imiş. Lakin Əsədə dəstək təkcə Rusiya və İrandan deyil, həm də işğalçı Ermənistan hakimiyyətindən gəlirdi ki, bu da onun hansı mənfur xislətə malik olduğunu göstərirdi. İki ölkə rəhbəri arasında yaxın əlaqələr, Paşinyanın Əsədə təbrikləri, Ermənistan hərbçilərinin Hələbdə xidmət etməsi, minatəmizləmə kimi qələmə verilən xidmətlərin əslində Əsəd rejiminə dəstək məqsədi daşıması, Ermənistan hərbi kontingentinin Suriya ordusunun fəaliyyətinə dəstək göstərməsi, Suriyada erməni terror təşkilatları, onların Əsəd rejimi ilə sıx əlaqələri, Nubar Ozanyan adına erməni batalyonu və 2019-cu ildə yaradılan bu hərbi qruplaşmanın Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq etməsi, eləcə də Suriyadan Əsəd rejiminə bağlı terrorçuların Qarabağa sakin kimi köçürülüb, hətta İkinci Qarabağ müharibəsində onların muzdlu kimi döyüşlərdə Azərbaycana qarşı iştirakı bunun bariz nümunəsidir. Çünki Bəşər Əsəd rejimi həmişə ermənipərəst mövqe tutub və Azərbaycana qarşı olub. Necə ki, Kəşmir məsələsində də haqlı olan Pakistanı deyil, işğalçı Hindistanı dəstəkləyib.

Hətta, Əsəd rejimi Yaxın Şərqin fəlsəfəsinə zidd elə bir mövqe tutmuşdu ki, Suriya İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Göründüyü kimi, özünü qərbpərəst kimi göstərən Paşinyan hakimiyyəti Yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq edib və edir. Bu baxımdan, Suriyada Əsəd rejiminin çökməsi təkcə Rusiya və İran üçün deyil, həm də Ermənistanın maraqlarına ciddi zərbə oldu.