Tokayevin Xankəndi Zirvəsinə qatılmaması Qazaxıstanda mübahisə doğurdu

Tokayevin Xankəndi Zirvəsinə qatılmaması Qazaxıstanda mübahisə doğurdu Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitində iştirak etməməsi ölkə mediasında və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Minval.az bildirib ki, Orda.kz portallarının yazdığına görə, bir çox müşahidəçilər Tokayevin zirvəyə qatılmamasını Moskvanın ünvanına səssiz diplomatik siqnal kimi qiymətləndirirlər.
Qazaxıstanlı bloger Kuat Dombay öz paylaşımında sual edib:
"Niyə Tokayev Azərbaycan kimi önəmli ölkəyə bu vacib məqamda getmədi? Orada Ərdoğan, Mirziyoyev, Japarov da var idi. Azərbaycan bizim üçün həyati əhəmiyyət daşıyır".
Digər tərəfdən, bəzi ekspertlər ECO-nun hökumətlərarası təşkilat olduğunu və sammitdə baş nazirlərin iştirakının normal qarşılandığını bildirirlər. Tokayevin yerinə Qazaxıstan hökumət başçısı iştirak edib – eyni praktika Pakistan və Türkmənistan tərəfindən də tətbiq olunub.
Media eksperti Askar Japarov isə qeyd edib ki, baş nazirlərin sammitdə iştirakı təbii görünür:
“Tokayevlə Əliyev arasında diplomatik əlaqələr onsuz da daimi və intensivdir”.
Bununla belə, bəzi siyasi analitiklər Tokayevin tədbirə qatılmamasını strateji səhv kimi qiymətləndirirlər. Onların fikrincə, liderin yoxluğu bəzən onun varlığından daha çox nəzərə çarpır.
Ümumilikdə, Qazaxıstan müşahidəçiləri bu addımı düşünülmüş diplomatik jest kimi şərh edirlər. Onların qənaətincə, rəsmi Astana regional təşəbbüslərdə iştirakını saxlayaraq Bakı-Moskva münasibətlərinin gərginliyinə qarışmamağa üstünlük verir və bu da Qazaxıstanın çoxvektorlu və balanslı xarici siyasət xəttinə uyğundur.

Geri qayıt