"Hər kəsin əli pulla oynayacaq" – İlon Mask gələcəyin sirrini açdı
Maskın fikrincə, dövlətlər və ya sistemlər sadəcə vətəndaşlara pul paylayacaq.
“Bizdə ümumi yüksək gəlir olacaq. Faktiki olaraq insanlara sadəcə pul veriləcək”, – deyə Mask bildirib.
Onun sözləri ilk baxışdan fantastik səslənsə də, əslində son illərdə texnologiya dünyasında getdikcə daha çox müzakirə olunan bir ssenarinin təsviridir. Bu ssenaridə süni intellekt və robotlar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir, insan əməyinin böyük hissəsini əvəz edir və nəticədə ənənəvi əmək bazarı öz əvvəlki formasını itirir.
Maskın fikrincə, gələcəkdə robotlar o qədər məhsul istehsal edəcək və o qədər xidmət göstərəcək ki, insanların işləməsinə iqtisadi ehtiyac qalmayacaq. Bu, klassik iqtisadi nəzəriyyələrə meydan oxuyan yanaşmadır.
Sənaye inqilablarından sonra hər dəfə yeni texnologiyalar müəyyən peşələri sıradan çıxarsa da, onların yerində yeniləri yaranıb. Lakin generativ süni intellektin sürətli inkişafı bir çox ekspertləri ilk dəfə olaraq fərqli ehtimal barədə düşünməyə vadar edir. Bu dəfə dəyişiklik təkcə fiziki əməyə deyil, həm də intellektual əməyə təsir edir.
Maliyyə analitikindən hüquqşünasa, jurnalistdən proqramçıya qədər çoxsaylı peşələrin bir hissəsi artıq avtomatlaşdırılmağa başlayıb. Robot texnologiyalarının inkişafı ilə bu proses istehsalat və xidmət sektorlarında da sürətlənə bilər.
Maskın təsvir etdiyi gələcəkdə əsas problem işsizlik deyil. Əsas sual insanların həyatına necə məna verəcəyi olacaq. Maskın ən diqqətçəkən fikirlərindən biri isə pulun gələcəkdə əhəmiyyətini itirməsi ilə bağlıdır.
Bu, ilk baxışda paradoks kimi görünür. Çünki bu fikri səsləndirən şəxs sərvəti yüz milyardlarla dollarla ölçülən iş adamıdır. Lakin Maskın məntiqi fərqlidir. Əgər istehsal xərcləri sıfıra yaxınlaşarsa, malların və xidmətlərin qiyməti də kəskin şəkildə ucuzlaşar. Başqa sözlə, hər şey bol olarsa, pulun dəyəri azalır.
Bu yanaşma iqtisadçıların “bolluq iqtisadiyyatı” adlandırdığı nəzəriyyəyə yaxındır. Belə sistemdə əsas problem pul çatışmazlığı deyil, fiziki resursların mövcudluğu olur.
Məhz buna görə Mask bildirir ki, gələcəyin superintellektləri pulla maraqlanmayacaq. Onlar üçün vacib olan enerji, xammal, hesablama gücü və istehsal imkanları olacaq.
