Polad Bülbüloğludan qəza xəbəri ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.
Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib:
“Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.
17:11
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətməsinə münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan hadisə ilə bağlı quruma sürücülər tərəfindən məlumat verilməyib:
“Hadisə zamanı heç bir avtomobilə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşıblar. Bu vəziyyətdə inzibati xəta tərkibi yaradan hal isə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) maddənin tələbinin pozulmasıdır”.
“Qəza zamanı maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, burada əlavə qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə o qeyd edib.
17:02
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətdiyinə dair yayılan görüntülərə münasibət bildirilib.
Oxu.Az-a açıqlama verən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı, səfirin köməkçisi belə bir hadisənin olmadığını qeyd edib:
“Xeyr, bu, düzgün məlumat deyil. Hazırda Polad müəllim Bakı şəhərindədir, biz onunla mütəmadi əlaqə saxlayırıq. Hər şey qaydasındadır. Narahat olduğunuz üçün çox sağ olun. Yayılan məlumat dəqiq deyil”.
16:24
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes-Benz” markalı maşına arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.
Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR