Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Professor Əli Rəcəbli vəfat etdi - FOTO

Professor Əli Rəcəbli vəfat etdi - FOTO

Professor Əli Rəcəbli vəfat etdi - FOTO
2022-11-13 , 14:36

Görkəmli alim-numizmat, professor Əli Rəcəbli vəfat edib.

 
Yenilik.az
xəbər verir ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəbli 95 yaşında dünyasını dəyişib.
 
Əli Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib, Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq S.Qazıyevin təklifi ilə "numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq Muzeyin aspiranturasına daxil olub.
 
Həmin illərdə Muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail oldu. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alır, daim biliyini artırmaq üçün səy göstərirdi.
 
1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli, 1963-cü ildə 07.00.06 – "Arxeologiya” ixtisası üzrə "Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
 
Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli müəllim 1970-ci ildə "Fədakar əməyinə görə” medalı ilə təltif edilib. Əli müəllim muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə "əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.
 
Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə "Tərəqqi” medalı ilə təltif edilib, 2017-ci ildə A.A.Bakıxanov adına mükafata layiq görülüb.

Allah rəhmət eləsin!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.