Yenilik.Az
www.Yenilik.Az » Hüquq guşəsi » "Bu cür məhrumetmə apellyasiya instansiyası məhkəmələrində neqativ hallar üçün münbit şərait yaradır"

"Bu cür məhrumetmə apellyasiya instansiyası məhkəmələrində neqativ hallar üçün münbit şərait yaradır"

"Bu cür məhrumetmə apellyasiya instansiyası məhkəmələrində neqativ hallar üçün münbit şərait yaradır"
2021-11-18 , 09:31

Mülki Prosessual Məcəllənin köhnə nöqsanı yeni formatda 
Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VIQD nömrəli  Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 713) ilə Mülki Prosessual Məcəlləyə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bəri başdan qeyd edək ki, Məcəlləyə edilmiş əlavə və dəyişikliklərin əksəriyyəti çox mühüm əhəmiyyət kəsb edən mütərəqqi əlavə və dəyişikliklərdir. Bu əlavə və dəyişikliklər mülki işlər üzrə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına xidmət edir və proses iştirakçılarından yüksək peşəkarlıq tələb edir. Artıq ən sadə mülki işlər üzrə də tərəflərin peşəkar hüquqi yardıma ehtiyacı vardır. 
Təəssüf ki, ölkəmizdə uzun müddət mülki mühakimə icraatı həvəskar hüquqşünasların, habelə qeyri-hüquqşünas həvəskarların iştirakı ilə keçirilirdi. Məhkəmlərdə nümayəndəlik instutunun məhdudlaşdırılmasına qədər olan müddətdə vəkillər demək olar ki, mülki prosesdən kənarda qalmışdılar və mülki işlər üzrə ədalət mühakiməsi bir notarial etibarnamə əsasında həvəskarların iştirakı ilə keçirilirdi. Hüquqi təhsili, bəzən isə heç bir ali təhsili olmayan şəxslər nümayəndəlik instutunun imkanlarından yararlanaraq məhkəmələrdə faktiki olaraq vəkillik fəaliyyətini həyata keçirirdilər. Bu mənada yeni əlavə və dəyişiklikləri vəkilliyin mənafeyinə xidmət edən əlavə və dəyişikliklər hesab etmək olar. Artıq diletantlara yer yoxdur, söz və yol peşəkarlarındır. 
Bununla yanaşı, qeyd etmək lazımdır ki, sonuncu əlavə və dəyişikliklərdən sonra Məcəllədə bir sıra nöqsanlar yenə də qalmaqdadır və ya meydana gəlmişdir. Qanun layihəsinin hazırlanmasında əsasən Ali Məhkəmənin hakimləri iştirak etdikləri üçün (onlar bu sağlam tənqidi qəbul etməsələr də) demək lazımdır ki, əsas diqqət Ali Məhkəmənin iş yükünün azaldılmasına və hakimlərin işinin asanlaşdırılmasına yönəldilib. Bu isə, istər-istəməz bir sıra nöqsanlara, ziddiyyətlərə yol açmalı idi. 
Belə nöqsanlardan biri kassasiya şikayətinin verilməsi ilə bağlıdır. Mülki Prosessual Məcəllənin yeni redaksiyada verilmiş 402-ci maddəsi buna əyani misaldır. Həmin maddədə deyilir:  402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
402.1-ci madddədə nəyin nəzərdə tutulduğunu anlamaq üçün bir misala diqqət yetirək. İddiaçı cavabdehə qarşı on min manat borc pulun qaytarılması barədə iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iddianı qismən təmin edir, altı min manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsini qət edir, iddiaçı bundan apellyasiya şikayəti verir, lakin apelyasiya şikayəti təmin olunmur. Artıq iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququndan məhrum olur. Çünki, iddianın təmin olunmayan hissəsi beş min manatdan azdır. Bu mülki işlər üzrə belədir, kommersiya mübahisələrində isə, iddianın təmin olunmayan hissəsinin qiyməti on min manatdan az olduqda kassasiya şikayəti vermək olmayacaq. Məsələn A şirkəti B şirkətini məhkəməyə verib, ondan iyirmi min manat tələb edirsə, iddia on bir min manat həddində təmin olunursa, doqquz min manat hissəsi rədd olunursa, artıq bundan kassasiya şikayəti verilə bilməz. 
Hesab edirəm ki, MPM-nin 402.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğun deyildir və məhkəmə müdafiəsi hüququna əsassız müdaxilədir.
 İnsan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş, hamının qanun və məhkə¬mə qarşısında bərabər olmasını, hüquq və azadlıqların məhkəmə təminatını və məh¬kəməyə təkrar müraciət etmək hüququnu müəyyənləşdirən Konstitusiya müd¬dəaları mühüm əhəmiyyət kəsb edir. Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 26-cı maddəsinə müvafiq olaraq hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarınında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapmışdır.
Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə əsasən Konstitusiyada təsbit edlimiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Ədalətli məhkəmə baxışı əsasında hüquqların tam bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8, 10-cu maddələrində, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 6, 13-cü maddələrində və Məhkəmə Orqanlarının Müstəqilliyinin Əsas Prinsipləri qətnaməsinin 4-cü maddəsində öz əksini tapmışdır.
MPM-nin 4.1-ci maddəsi müəyyən edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Təbii ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və o, bir sıra prosessual məhrumiyyətlərə məruz qala bilər. Lakin hər hansı bir şəxsi iddianın təmin olunmayan hissəsinin qiymətinə görə kassasiya şikayəti vermək hüququndan məhrum etmək yolverilməzdir. 4999 manat 5000 manatdan, 9999 manat isə, 10000 manatdan az olan məbləğdir. Bu məbləğ hər hansı bir fiziki və hüquqi şəxs üçün kifayət qədər böyük məbləğ hesab oluna bilər. Qanun heç kəsi hüququnun pozulması ilə barışmağa məcbur edə bilməz. 
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu cür məhdudiyyət, daha doğrusu məhrumetmə apellyasiya instansiyası məhkəmələrində neqativ hallar və qeyri-prosessual münasibətlər üçün münbit şərait yaradır ki, bu da məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi barədə sərəncamına ziddir. 
Ən nəhayət, MPM-nin 402-ci maddəsinin yeni redaksiyası göstərdi ki, hələ də Azərbaycan Respublikasında qanunvericilik, normayaratma işinə səthi yanaşma mövcuddur. Hər hansı bir qanun layihəsi hazırlanarkən, qanun qəbul edilərkən məsələyə sistemli yanaşılmır, mümkün olduğu qədər bütün əlaqəli qurumların, habelə ictimaiyyətin rəyi nəzərə alınmır, qanun layihələrinin ictimai müzakirələri ya keçirilmir, ya da formal keçirilir. 
Nəzərinizə çatdırmaq istəyirəm ki, analoji norma Mülki Prossessual məcəllədə bundan əvvəl də mövcud olub, Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan hesab edilib və Qanunla Məcəllədən çıxarılıbdır. Mülki Prosessual Məcəllənin hazırda mövcud olamayan (çıxarılmış) 359-cu maddəsində göstərilirdi ki,  apellyasiya şikayəti (apellyasiya) birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş bütün qətnamələrindən, iddia məbləği şərti maliyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair 25 fevral 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin “…iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla…” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edildi. 
Həmin qərarında Konstitusiya Məhkəməsi xüsusi vurğuladı ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil. Sözsüz ki, o, prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Lakin iddia məbləğinə görə bu hüququn itirilməsi demokratik cəmiyyət üçün vacib və əhəmiyyətli olduğündan yolverilməzdir.  26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 359-cu maddə Məcəllədən çıxarıldı.
Konstitusiya Məhkəməsinin qəti olan, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilməsi, dəyişdirilməsi və yaxud rəsmi təfsir edilməsi mümkün olmayan bu qərarından sonra analoji maddənin kassasiya şikayətinə münasibətdə yeni formatda Məcəlləyə daxil edilməsi Konstitusiya Məhkəməsinin qərarlarına qarşı sayğısız münasibətin, qanun layihələrinin hazırlanmasında və qanunların qəbulunda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin öyrənilməməsinin, nəzərə alınmamasının təzahürüdür. Bu isə, MPM-yə edilən əlavə və dəyişikliklərin Ali Məhkəmənin iş yükünün azaldılmasına və hakimlərinin işinin asanlaşdırılmasına yönəlməsi barədə iddialara daha çox yaşam haqqı verir. 
Gəldiyimiz nəticə budur ki, MPM-nin 402-ci maddəsinin 1-ci bəndindəki “mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla...” müddəsı Konstitusiyaya, insan hüqüq və azadlıqlarının müdaufəsinə təminat verən təməl prinsiplərə və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun deyildir. Belə olan halda nə etməli? MPM-nin 1-ci maddəsi bu suala açıq-aydın cavab verir: Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Konstitusiyanın normaları Respublikanın bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Konstitusiyanın normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Konstitusiyanın normaları tətbiq edilir. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
Demək ki, Ali Məhkəmə Konstitusiyanın və Beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutaraq iddianın təmin olunmayan hissəsinin qiymətinə görə məhdudiyyət qoyulmadan bütün qətnamələrdən verilmiş kassasiya şikayətlərini icraata qəbul edib baxmalı, səlahiyyətli subyekt olduğu üçün Konstitusiya Məhkəməsinə 402-ci maddənin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün sorğu verməlidir. Ali Məhkəmənin həm də qanunvericilik təşəbbüsü hüququnun subyekti olduğunu nəzərə alsaq, Milli Məclisə də müraciət oluna bilər. 
Hələ ki, ölkəmizdə vəkillik təsisatı qanunvericilik təşəbbüsü hüququnun subyekti və Konstitusiya Məhkəməsinə soğruverən subyekt kimi tananmadığı üçün vəkillər fərdi qaydada analoji işlər üzrə Konstitusiya şikayətləri verməklə demokratik cəmiyyətdə zəruri olmayan, insan və vətənaşın məhkəməyə müraciət hüququnu əsassız məhdudlaşdıran 402-ci maddədən qurtulmağa tövhə vermiş olarlar. Arzu edək ki, yaxın gələcəkdə vəkillik təsisatı da yuxarıda sadalanan hüquqların subyekti olacaq. 
Anar Qasımlı
Vəkillər Kollegiyasının üzvü,
Sumqayıt Regional vəkil bürosunun rəhbəri

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.