Yenilik.Az
www.Yenilik.Az » Hüquq guşəsi » Aliment necə təyin olunur?-Hüquqi şərh

Aliment necə təyin olunur?-Hüquqi şərh

Aliment necə təyin olunur?-Hüquqi şərh
2022-11-03 , 20:02

Yenilik.az portalının "Hüquq guşasi" rubrikasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili Emil Mirzə oxucuları ən çox maraqlandıqları "aliment necə təyin olunur", "miqdarı nə qədər olmalıdır" suallarına cavab verib:

-Aliment aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. 
         Qanunvericiliyin tətbiqində, məhkəmə təcrübəsində daha çox ər və ya arvad arasında boşanma münasibətləri və uşaqların saxlanması ilə əlaqədar aliment məsələlərinə rast gəlinir. Lakin aliment münasibətləri sadəcə qeyd etdiyimiz subyektlər arasında və sadəcə boşanma münasibətləri çərçivəsində baş vermir. Ailə Məcəlləsinə əsasən qardaş, bacı, baba, nənə və nəvə arasında da alimentlə bağlı hüquq münasibətləri yarana bilər. 
        Uşaqlara aliment təyin edilməsi ilə bağlı aşağadakılara diqqət yetirək. 
        Yuxarıda qeyd etdiyim kimi aliment alınması ilə bağlı məsələlər daha çox nikah pozulduqda yaranır, lakin nikah dövründə də ər-arvad arasında aliment münasibətləri yarana bilər. Ailə Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:
     1) əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
     2) hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
     3) sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər;        
     4) 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad;  
        Bəs təyin ediləcək alimentin miqdarı nece müəyyən edilir? 
        Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsi bu sualın cavabını verir. Həmin maddəyə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
         Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
        «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış
minimumu 193 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
        2. Həmin  Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
         Ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında aparılan icraat zamanı hər bir tərəf sübut və dəlilləri əks olunan dolğun məlumatları məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Bundan əlavə cavabdeh iddia tələbini qəbul etməyərək etiraz etdikdə, həmin etirazın nədən ibarət olduğunu məhkəmədə əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən aliment təyin olunarkən məhkəmə ilk öncə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə almalıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.