"Qazdan istifadə Qaydaları"nda nə dəyişdi?-Hüquqşünas açıqladı
" class="post-main-photo">
Nazirlər Kabineti "Qazdan istifadə Qaydaları"nı təsdiq edib. Həmçinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ləğv edilib. Bəs yeni qaydalarda hansı dəyişikliklər var və bu hansı zərurətdən yaranıb? Yenilik.az-ın bu sualına hüquqşünas Xanlar Sətullayev cavab verib. O bildirib ki, "Yeni Qaydalara görə, istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək."
Hüquqşünas Xanlar Sətullayevin sözlərinə görə, "Əsas dəyişiklik bundan ibarətdir ki, 2011-ci il qaydaları əsasən "Azəriqaz–abonent" münasibətlərini tənzimləyirdi, 2026-cı il qaydaları isə rəqabətə əsaslanan yeni qaz bazarı modelini tənzimləyir. Bu model 2025-ci ildə qəbul edilmiş "Qaz təchizatı haqqında" Qanunun icrası üçün hazırlanıb.
Hüquqi probleminiz varsa müraciət edə bilərsiniz:
Hüquqşünas Xanlar Sətullayev 077 388 33 66 http://wa.me/994773883366
Ləğv edilmiş 2011-ci il Qaydaları ilə yeni Qaydalar arasında ən mühüm fərqlər bunlardır:
1. Artıq qazı satan və qazı çatdıran eyni subyekt olmaq məcburiyyətində deyil. Yeni qaydalarda pərakəndə satıcı qazı satır, qazpaylayıcı sistem operatoru isə qazı şəbəkə ilə çatdırır. Onların hüquq və vəzifələri ayrılıb.
2. Sabit tarif tətbiq olunur. Əvvəlki qaydalarda belə anlayış yox idi. Yeni qaydalarda istehlakdan asılı olmayan aylıq sabit tarif nəzərdə tutulur.
3. Müqavilə münasibətləri tam yenidən qurulub. Kimlə müqavilə bağlanır, hansı sənədlər təqdim olunur, hansı müddətlər tətbiq edilir – hamısı detallı şəkildə tənzimlənib.
4. Elektron xidmətlər əsas mexanizmə çevrilib. Müraciətlər, məlumat mübadiləsi və sənədləşmə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aparılacaq.
5. Bazar iştirakçılarının səlahiyyətləri ayrılıb. Əvvəlki qaydalarda bu qədər detallı bölgü yox idi. İndi pərakəndə satıcı, topdan satıcı, qaz nəqli operatoru, qazpaylayıcı operator və istehlakçının hüquq və vəzifələri ayrıca müəyyən edilib.
Ümumiyyətlə, əgər əvvəlki Qaydalar mövcud qazpaylama sisteminin işləmə qaydalarını müəyyən edirdisə, yeni qaydalar liberal qaz bazarının hüquqi əsaslarını yaradır. Bu səbəbdən dəyişikliklər təkcə texniki və ya prosedur xarakterli deyil, bütün sistemin təşkilinə aiddir."
