Yenilik.Az
www.Yenilik.Az » İdman » "Herta"da forma geyinən sumqayıtlı balası

"Herta"da forma geyinən sumqayıtlı balası

2023-01-16 , 15:00

Azərbaycan futbolunun, yığma komandanln problemlərindən danışanda hər zaman önə çəkdiyimiz vacib məqamlardan biri də ölkə xaricində yetəri sayda legioner futbolçumuzun olmamasıdır. Bu mənada zaman-zaman vurğulamışıq ki, istedadlı futbolçularımız imkan tapan kimi ölkə xaricinə yollanmalı, orada özlərini sübut etməlidir. Hazırda sizə haqqında bəhs edəcəyimiz futbolçu Almaniyanən məhşur "Herta" klubunun düşərgəsində yer alıb. 16 yaşı olmasına baxmayaraq Berlin klubunun U-17 komandasına cəlb olunub. Ad-soyadı Mətin Sərxanlıdır. 2007-ci il aprelin 16-da Sumqayıt şəhərində anadan olub. Ampluasl dayaq yarımmüdafiəçisidir. Boyu 172 sm,çəkisi 62 kq-dır.

 
Futbolçu ilə bağlı daha ətraflı məlumat almaq üçün atası Xaqani Abdullayevlə söhbətləşməyi lazım bildim. Rekord.az-a açıqlamasında Xaqani bəy öncə oğlunun futbola gəlişindən başladı: "İlk dəfə futbolla tanışlığı 4 yaşında olub. Həmin vaxt biz müvəqqəti olaraq Bakı şəhərində yaşayırdıq, Mətin də futbolla ilk tanışlığa orda başladı. "Gənclik"də bir futbol məktəbi var idi, dostum götürüb ora aparmışdı. Sonradan Sumqayıta qayıtdıq və əsas karyerası burada başladı. "Sumqayıt" Futbol Akademiyasında ilk müəllimi Orxan Abdullayev olub. Hardasa 5-6 yaşlarında. Orxan müəllimdən sonra yuxarı yaş qruplarında müəllimi Kənan olub. Kənan müəlimdən sonra isə Hikmət müəllimin qrupunda olub. Ən son olaraq da məhz həmin qrupda 14-15 yaş olan dönəmdə ölkə çempionatında 2-ci pilləni tutublar. Düzdür, Mətin keçən ilin martında Almaniyaya yollandığı üçün "Sumqayıt"ı tərk etdi, mövsümün sonuna kimi oyunlarda iştirak edə bilmədi, amma sağ olsunlar, onun da medalını sonradan göndərdilər. Bu üç insan, Orxan müəllim, Kənan müəllim və Hikmət müəllim bu uşağın hazırlığında böyük zəhmət sərf ediblər. Bir də Sumqayıt futbolunun ağsaqqallarından olan Ağamusa Bağırovun da adını çəkmək istəyirəm, çünki akademiyanın koordinatoru kimi, həm də təcrübəli mütəxəssis kimi o da Sərxanla daim yaxından maraqlanıb, öz tövsiyyələrini verib. Təii ki, futbolçuların yüksək səviyyədə hazırlanması üçün bütün şəraiti yaradan "Sumqayıt" klubuna, "Sumqayıt" Futbol Akademiyasına, bütün rəhbərliyə, əməyi keçəm hər kəsə də öz təşəkkürümü bildirirəm".
 
Həmsöhbətimiz daha sonra oğlunun Almaniyaya səfərinin təfərrüatarını bölüşdü: "Almaniyadan öncə, Mətin 2021-ci ilin yayında İstanbulda bir məşqçinin yanında fərdi olaraq 2 ay hazırlıq keçmişdi. Bu məqamı ona görə qeyd etdim ki, həmin hazırlıq zamanı aldığı fiziki, taktiki, texniki biliklər Mətinə az kömək etmədi. Almaniyaya gedişi isə 2022-ci ilin martında baş tutdu. İlk növbədə deyim ki, Avropaya getmək özünün hədsiz marağında idi. Mən də çalışırım ki, hansısa yolla onun bu istəyini yerinə yetirim, amma alınmırdı, çox çətin idi. Neçə mütəxəssislə, menecerlə əlaqə də saxlamışdım, hamısı deyirdi ki, klub tapmaq problem deyil, bütün videolarını, disklərini istənilən kluba göndərmək olar. Amma viza, oturum izni almaq, elə də asan deyil. Yekunda Almaniyada yaşayan bir qohumum vasitəsi ilə bu məsələni həll edə bildik. Həmin qohumum uzun müddətdi Almaniyada yaşayır və dedi ki, sizin razılığınızla uşağı öz himayəmə götürürəm, onun orda təhsil almasına da kömək edirəm. Həmin adamın həyat yoldaşının oradakı futbol dairələri ilə münasibəti olduğundan klub tapmaqda da kömək edəcəklərinə söz verdilər. Elə oldu ki, uşağın videolarını göndərdik, ardınca biz viza açıldı, getdik Almaniyaya "Herta"da uğurla baxışdan keçəndən sonra "Herta-03 Zehlendorf" komandasına qəbul etdilər. Bir neçə aylıq məşqdən sonra "Herta"nın U-17 komandasına cəlb etdilər və hazırda bu komandada forma geyinir".
 
Futbolçunun atası oğlunun hazırlıq keçdiyi şərait haqda da məlumat verdi: "Hazırda orada havalar çox soyuqdur. Şaxtalı, qarlı havalar üstünlük təşkil edir, meydançaların əksəriyyəti buzdu, amma ümumi şərait əladı. Almaniyada daha çox güc futboluna üstünlük verirlər. Yəni futbolçuların fiziki-atletik hazırlığı daha çox ön planda olur. Sərt oyuna üstünlük verilir. Mətin deyərdim ki, artıq uyğunlaşma prosesini keçib. Ona qarşı münasibət də çox yaxşıdır. Məşqçisi Nofəl Belhanda adlı şəxsdir. Sağ olsun, Mətini komandaya o götürdü. Düzdür, ilk vaxtlarda ehtiyatda saxlayırdı, amma tədricən oynamaq şansı da verir. Hazırda çempionatda qış tətili olduğu üçün daha çox yoldaşlıq görüşlərində, fərdi yarışlarda iştirak edirlər ki, fevralda start götürəcək yaz mövsümünə hazır olsunlar. Dediyim kimi, şərait əladı, tələblər yüksəkdir, güclü rəqabət var. Çünki digər ölkələrdən, Afrikadan, postsovet ölkələrindən də futbolçular var və onlarla rəqabət aparmaq, bu rəqabətdən qalib çıxmaq üçün ciddi nizam-intizamın, gücün və iradən olmalıdır".
 
Bəs gələcəkdə Mətinin milli seçimi necə ola bilər? Almaniya və Azərbaycan arasında seçim yaranarsa hansı ölkəni seçər, ümumiyyətlə Azərbaycan millisində oynamaq arzusu varmı, bundan başqa, AFFA-dan onunla maraqlanan olubmu? Bütün bu suallarımızı da Xaqani bəyə ünvanladıq: "Mətin çox ambisiyalıdır. Açığını deyim, klub karyerası olaraq, bütünlüklə Avropaya köklənib. Yəni klub karyerasının gələcəyini bütünlüklə Avropada görür. Hazırkı komandasına da tramplin gözü ilə baxır. "Berlin-03" bir növü "bala komanda" gedir. "Ana komanda" "Herta" gedir. Oğlum da bu tramplindən uğurla istifadə etmək istəyir. Ən azı 3-4 il Almaniyada müntəzəm oynamağı qarşısına şərt qoyub. Bu müddətdə futbolçu kimi tam formalaşmaq istəyir. Artıq 19-20 yaşında tam formalaşandan sonra təbii ki, Azərbaycan millisində oynamağı istəyir. Əlbəttə ki, təklif gələrsə. AFFA-dan da Sərxanı tanıyırlar, çünki Almaniyaya yollanandan sonra "Herta"ya qəbulu üçün burdan icazə sənəd göndərmək lazım idi və AFFA da sağ olsun, o sənədi göndərdi".
 
Orxan Abdullayev: "Mətinin ilk məşqçisi mən olmuşam. Maraq üçün deyim ki, akademiyaya ilk gələndə onu bəyənmirdilər. Amma mən görürdüm ki, qabında nə isə var. Ona görə qalmasını tövsiyyə etdim, daha sonra özüm onun üzərində xüsusi işləməyə başladım. Bir ara "Mançester Yunayted" məktəbi var idi, hətta ora düşməyi də bacarmışdı. Sonradan aklademiyanın daha yuxarı yaş qruplarına təhvil verdim. Çox bacarıqlı, əzmkar uşaq idi, sonradan yuxarl yaç qrupunda 2-ci yerə də çıxdılar. Daha sonra Almaniyaya getmək variantı ortaya çıxdı və ora yollandı. Həm əzmkarlığına, həm də solaxay olduğuna görə, orda da bəyənirlər. Bildiyim qədəri ilə "Herta"da özündən 1-2 yaş böyüklərlə məşq edir və daha güclü klubların maraq dairəsinə düşüb"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.