Yenilik.Az
www.Yenilik.Az » İdman » “Heç vaxt haram qələbənin tərəfdarı olmamışam“ - Rəşad Sadıqov

“Heç vaxt haram qələbənin tərəfdarı olmamışam“ - Rəşad Sadıqov

“Heç vaxt haram qələbənin tərəfdarı olmamışam“ - Rəşad Sadıqov
2021-04-26 , 15:38

Hər iki komanda bir-birinə yaxşı bələd idi və müdafiədə etibarlı oynadı. Heç bir tərəf səhvə yol vermədi. Xırda epizodlar olurdu, o da zərbə və ya asma ilə nəticələnirdi. Oyun qol epizodları baxımından kasad keçdi. Hər iki komanda ağıllı oynamağa və mübarizələrdə bir-birinə güzəştə getməməyə çalışırdı".


Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, meydana qələbə üçün çıxmışdılar: "Elə bir oyun idi ki, səhv bağışlanmayacaqdı. Çünki hansısa komanda rəqibini 3 xal qabağa buraxsa, sonradan bunu aradan qaldırmaq çətin olacaqdı. Növbəti xalımızı qazandıq. Əzmkar mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm".
Sadıqov rəqibin fiziki baxımdan daha gümrah təsir bağışladığını söyləyib: "Sumqayıt" "Qarabağ"la kubok görüşündə əsas oyunçularının əksəriyyətini qorumuşdu. Bəlkə bu gün fiziki cəhətdən daha gümrah idilər. Amma bizim uşaqlar meydanda bunu hiss etdirmədilər, başabaş mübarizə apardılar. Düzdür, ikinci hissənin əvvəlində çoxlu top itkilərimiz oldu. Bir az həmin vaxt rəqibə rahat oynamağa imkan verdik. Amma sonradan vəziyyəti bərabərləşdiridk".
Baş məşqçi oyunun əvvəllərində gərgin olmasının səbəbini də açıqlayıb: "Heç vaxt hakim səhvi ilə qələbənin tərəfdarı olmamışam. Səhv gördüyümüz anda özümüzdən asılı olmayaraq gərginləşirik. Səhv olmayanda buna ehtiyac da qalmır. Amma ikinci hissədə özümü daha sakit saxlamağa çalışırdım. Bilirdim ki, dəqiqələr keçdikcə, zatən, oyunçularda gərginlik artacaq. Ona görə özümü sakitləşdirdim ki, futbolçular meydanda daha sərbəst olsunlar".
O qeyd edib ki, "Sumqayıt"a qarşı oyunları pis keçmir: "Bir az son matçda rəqibin nisbətən üstünlüyü oldu. Amma digər qarşılaşmlarda üstünlük cüzi də olsa bizdə idi. "Sumqayıt" çox yaxşı komandadır. Ayxan Abbasov yaxşı kollektiv qurub. Heyətlərin millinin 8 üzvü çıxış edir. Bu da komandaya əlavə motivasiya verir. Bu gün "Sumqayıt"ın bir neçə düşünülmüş hücumunun qarşısını ala bildik. Amma özümüz hücumda istədiyimiz kimi oynaya bilmədik. Çünki rəqibin heyətində ustalıq səviyyəsi yüksək müdafiəçilər var. Onlar da bizim qarşımızı almağa çalışırdı. Bu, hər iki komandada yaxşı alındı".
Mütəxəssis cari mövsümdə üzləşdikləri çətinliklərdən də söz açıb: "Problemlərimiz göz qabağındadır. Adətən, çempionat qışadək bir tempdə keçir, qışdan sonra fərqli olur. Digər səbəb, "Neftçi" ilə kubok və çempionat matçlarımızdan sonra heyətdə itkilər olmağa başladı. Demək olar ki, 6-7 turdan sonra ötən matçda optimal heyətlə meydana çıxdıq. Bəlkə də çempionat ərzində ən çox itkilər bizdə olub. Düzdür, son vaxtlar "Qarabağ" da itkilərlə üzləşib. Şükürlər olsun, öhdəsindən gələ bildik. Düşünə bilərlər ki, "Zirə" 6-7 oyundur qələbə qazana bilmir. Amma mən fərqli baxıram. Kimsə çempionatın əvvəlində, kimsə ortasında, kimsə də sonlarında çox xal yığır. Daha yaxşısını edə bilərdik. Amma bu da pis deyil. Bəzi oyunlarda nəticəyə təsir edən hakim səhvləri oldu. Bütün problemləri nəzərə alsaq, bugünkü durumumuzdan razıyam".

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.