Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Səs-küylü “Bənəniyar hadisələri” araşdırılır - Naxçıvanın yeni naziri zərərçəkmiş ailəni qəbul etdi

Səs-küylü “Bənəniyar hadisələri” araşdırılır - Naxçıvanın yeni naziri zərərçəkmiş ailəni qəbul etdi

Səs-küylü “Bənəniyar hadisələri” araşdırılır - Naxçıvanın yeni naziri zərərçəkmiş ailəni qəbul etdi
2023-01-03 , 17:08

“Naxçıvan Muxtar Respublikasının yeni rəhbərliyi bütün sahələrdə olduğu kimi, Bənəniyar hadisələrinə də həssas yanaşır”.

Bunu əslən Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, ötən gün Bənəniyar hadisələri zamanı həyatını itirmiş Rza Nuriyevin ailəsi Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Nemətov tərəfindən qəbul edilib:
“Nazir həmin hadisədən zərər çəkmiş ailəyə bildirib ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülüb. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq.
Nazir deyib ki, hadisələrdə zərər çəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğuna həmçinin, Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər”.
“Sözün düzü, bu hadisə bir Bənəniyar sakini kimi bizi çox sevindirdi. Yeni rəhbərliyin Bənəniyar kəndindəki hadisələrə münasibəti çox xoş təsir bağışladı və bizi baş verən hadisələrin öz hüquqi qiymətini alacağına inandırdı. Məhz bizim dövlətimizdən istəyimiz də bu idi.
İndiyədək qarşımızda Bənəniyar kənd sakinlərini provokativ addımlara sövq edərək, kəndin adını ləkələməyə çalışan rəhbərlər var idi. İndi isə onlar öz əməllərinin hesabatını verməklə məşğuldurlar. Kənardan yenidən proseslərə provokativ addımlar atmaqla müxtəlif don geyindirməyə çalışsalar da, inşallah arzuları gözlərində qalar. Çünki indiki rəhbərlik onların əksinə bənəniyarlıların bu dövləti canlarından çox sevdiyini yaxşı bilir. Buna görə də hazırkı rəhbərliyin atdığı addımları dəstəkləyir, haqq və ədalətin öz yerini tapmasına yardımçı olacağımıza, provokativ addımlara imkan verməyəcəyimizə inanırıq.
Haqqın-ədalətin öz yerini tapması üçün bütün səylərimizi ortaya qoymağa, bir naxçıvanlı olaraq hər hansısa köməyə ehtiyac yaranarsa, rəhbərliyə hər bir köməyi etməyə hazırıq.
Bugünkü sevindirici xəbərə görə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, daxili işlər naziri Süleyman Nemətova öz adımdan və kəndimizin bir sıra sakini adından təşəkkür edirəm”, - jurnalist deyib.
Xatırladaq ki, Bənəniyar hadisələri 2009-cu il  dekabrın 27-də baş vermişdi. Polis kənd sakinlərinin Aşura mərasiminə müdaxilə etmiş, iştirakçılardan bəziləri saxlanılmışdı. Kənd sakinlərindən Yunis Əliyev bütün bunlara etiraz olaraq Polis şöbəsinin qarşısında özünü yandırmışdı. Bu hadisə kənd sakinlərinin Polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsinə səbəb olmuş və Bənəniyara daxili qoşun hissələri yeridilmişdi.
2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası dağıdılmış, həbslər həyata keçirilmişdi. Hadisələr nəticəsində saxlanılan Bənəniyar sakin Rza Nuriyev bir neçə gün sonra vəfat etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.