Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Zığ yolunda qəza: leytenant Məmmədov yüksək sürətlə şığıyır, taksi sürücüsü Muxtarov şil-küt olur...

Zığ yolunda qəza: leytenant Məmmədov yüksək sürətlə şığıyır, taksi sürücüsü Muxtarov şil-küt olur...

Zığ yolunda qəza: leytenant Məmmədov yüksək sürətlə şığıyır, taksi sürücüsü Muxtarov şil-küt olur...
2020-09-13 , 16:04

Bu il iyulun 23-də paytaxtın Xətai rayonu ərazisində, Zığ yolu ilə Sadıqcan küçəsinin kəsişməsində “Renault Megane 3” markalı avtomobillə “Chevrolet Cruze” markalı avtomobil toqquşub. Nəticədə birinci avtomobilin sürücüsü Vüqar Muxtarov ağır yaralanıb. Onun avtomobilini vuran isə ölkənin təhlükəsizlik strukturlarından birinin leytenantı olub.


Vüqar Muxtarovun atası Vasif Muxtarov virtualaz.org-a müraciət edərək qəzadan bir aydan çox vaxt keçməsinə baxmayaraq hadisənin düzgün araşdırılmamasından şikayətlənir. Onun sözlərinə görə, toqquşmada iştirak edən digər avtomobilin sahibi Xüsusi Dövlət Mühafizə Xidmətinin leytenantı İbrahim Məmmədov olub.

Şikayətçi iddia edir ki, İ.Məmmədov qan içində olan oğluna hadisə yerində köməklik göstərməyib. Əksinə ona “iki-üç saniyə gözləyə bilməzdinmi” deyərək, iradını bildirib. Daha sonra özü yanındakı iki nəfərlə birgə təcili yardım maşınına əyləşərək hadisə yerindən uzaqlaşıb.
V. Muxtarov deyir ki, oğlu Vüqar taksi sürücüsü işləməklə ailəsini dolandırıb. Qəza zamanı Vüqarın idarə etdiyi avtomobil işıqforda 130-140 km/saat sürətlə hərəkət edən “Chevrolet Cruze” markalı avtomobil tərəfindən vurulub. Belə ki, “Chevrolet Cruze”nin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan sürətlə yoluna davam edərək Vüqarın maşınını sağ tərəfdən vurub. Qəza zamanı V.Muxtarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Oğlum həm də başından yaralanıb, bir an içində üz-gözünü qan örtüb. Hadisə yerinə toplaşan insanların köməyi ilə maşından çıxarılıb, yerə uzadılıb, ilkin tibbi yardım göstərilib, təcili yardıma zəng edilib. Digər avtomobil isə sürətin və zərbənin gücündən yol işarəsini də vurub aşıraraq beton hasara dəyərək dayanıb”.

Şikayətçi bildirib ki, avtomobilin sürücüsü, Xüsusi Dövlət Mühafizə Xidmətinin leytenantı İbrahim Məmmədovun yanında dostu ilə qardaşı olub. Şahidlərin iddiasına görə, hər üçü içkili vəziyyətdə olublar. Hətta, qəzadan sonra İ.Məmmədov əlində xidməti ratsiya ilə qan içində olan Vüqara yaxınlaşaraq “iki-üç saniyə gözləyə bilməzdin? Mən Xüsusi Dövlət Mühafizə Xidmətində işləyirəm” deyib.
V.Muxtarovun dediklərindən belə məlum olub ki,  ətrafa toplaşanlar həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşınını saxladaraq Vüqarın xəstəxanaya çatdırılmasına çalışıblar. V.Muxtarov iddia edir ki, İ.Məmmədov özü və heç bir xəsarət almayan  dostu həmin təcili yardıma əyləşərək oradan uzaqlaşıblar. Hadisədən bir qədər sonra V.Muxtarov  təcili yardım maşını ilə oğlunu Neyrocərrahiyyə Xəstəxanasına aparıb. Orada yaralının gicgah nahiyəsinə tikiş qoyulub, kompüter tomoqrafiya edilib.

Ertəsi gün İ.Məmmədov və avtomobildə olan digər iki nəfər Xətai Rayon Polis İdarəsinə gələrək hadisə ilə bağlı izahat veriblər. Qəza zamanı xəsarət alan Vüqar Muxtarovla heç kimin maraqlanmadığını görən ata özü Xətai Rayon Polis İdarəsinə gedərək müraciət edib. Baş təhqiqatçı, polis mayoru Münasib Əliyev tərəfindən iyulun 25-də verilən qərarla oğlunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-nin Xətai rayon şöbəsinə aparıb: “Aldığı zədə və yaralar ağır olduğundan həkim ekspertdən xahiş etdim ki, oğlumu ciddi yoxlasın. Hətta ekspertiza zamanı həkim ayaq üstə dayanan oğlumun oturmasını istədi. Amma Vüqar bel, onurğa, boyun nahiyəsindəki ağrılardan əyilə bilmədi. Həkim bizə MRT-dən keçməyi məsləhət gördü. Dedi ki, təhqiqatçı ilə danışaram, özü iki gün sonra sizə məlumat verər. Lakin nə həkim, nə də təhqiqatçı tərəfindən bizə heç kim heç bir məlumat vermədi”.

Şikayətçi deyir ki, ilk gündən etibarən baş verəcək saxtakarlıqların qarşısını almaq məqsədilə DİN-in çağrı mərkəzinə beş dəfə zəng vurub, daxili işlər nazirinə müraciət edib: “Hadisədən 19 gün sonra təhqiqatçı Münasib Əliyev ekspert həkimin yekun rəyində kəsilmiş-cırılmış yara, bədənin digər hissələrində ciddi travmalar olduğu deyil, ancaq baş hissəsinin əzilməsi və sıyrıqlar – yəni yüngül dərəcəli yazıldığını göstərdi. Rəylə bağlı həkimə etirazımı bildirdim. Həkim-ekspert digər üç nəfərin, bizdən əvvəl  ekspertizadan keçirildiyini dedi. Həkim qarşı tərəfə verdiyi rəydə onların aldıqları xəsarətləri mənim oğlumun xəsarətləri ilə eyniləşdirib, uyğunlaşdırıb”.
Sözügedən qəza hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılıb və cinayət işinin başlanılması rədd edilib.

Şikayətçi deyir ki, iyunun 25-dən bu günə qədər qəza anının videogörüntülərini təhqiqatçıdan tələb etsələr də, onlara “hələlik  qəzanın videogörüntüsü yoxdur” cavabı verilib: “Əminəm ki, videogörüntüyə də nəsə müdaxilə olunacaq, yaxud silinəcək. Çünki İbrahim Məmmədovun, tutduğu vəzifədən istifadə edərək, qəzanı hansı yolla olsa da öz xeyrinə çevirməsinin şahidi oldum. Əks halda xəsarət yetirdiyi adama bu qədər etinasız, sayğısız yanaşmazdı”.

V.Muxtarov deyir ki, təhqiqatçının yekun qərara əsasən, İ.Məmmədov qəza zamanı guya avtomobili 130-140 km saat sürətlə deyil, 65-70 km saat sürətlə idarə edib: “Təkcə bu faktın özü saxtakarlığın bariz nümunəsidir”.

Muxtarovlar baş verənlərlə bağlı Xətai Rayon Prokurorluğuna müraciət ediblər. Təhqiqatçının 23 iyul 2020-ci il tarixli qərarı əsassız olduğu üçün Xətai rayon prokurorunun 13 avqust 2020 tarixli qərarı ilə ləğv edilib.

Bundan sonra Muxtarovlar cinayət işinin açılması və əlavə araşdırmanın aparılması üçün iş üzrə materialların Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsini istəyiblər. Amma iş yenidən Xətai RPİ-nin Təhqiqat Şöbəsinə göndərilib: “Eyni şöbənin, eyni təhqiqatçının  verəcəyi növbəti qərarın əvvəlkindən fərqli olmayacağına əminəm və obyektiv araşdırma aparılacağına inanmıram”.
Zərərçəkənin atası işin ədalətli araşdırılması xahişi ilə aidiyyəti qurumlara və ölkə başçısına müraciət edib.
Qəzanı araşdıran müstəntiqlə əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi. https://virtualaz.org/reyler/168903

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.