“Abzas Media” işində hökm - 9 ilə kimi həbs

Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı olub. Onlar və saytla əməkdaşlıq edən digərləri Cinayət Məcəlləsinin 7 maddəsi - 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə ittiham edilirlər. Müttəhimlər ilkin istintaq vaxtı və məhkəmədə özlərini təqsirli bilməyiblər.