“Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?”
İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub.Mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb.
G.Məmmədovanın atası Tapdıq Şükürov “Dialoq TV”yə bildirib ki, qızı hadisədən bir müddət əvvəl Bakıdan onların yaşadığı Yevlaxın Duzdağ qəsəbəsinə qayıdıb.
O, qızı Gülüzarın qayınanası ilə dalaşdığını və bu səbəbdən evdən qovulduğunu deyib: “Gəlib bizim evdə 3 gün qaldı. Həmin vaxt biz vəkil tapdıq. Vəkil dedi ki, sən Yevlaxda, mən isə Bakıda. Gəlin Bakıda kirayə ev tutun ki, işimizi apar bilək. Qızım da getdi Bakıya. 2 gün sonra gedib qayınanasıgilə ki, uşaqlarını görsün. Övladı zəng edib ki, 1 iyun uşaqların bayramıdır, bura gəlməyəcəksən? Qızım da hədiyyə alıb gedib qayınanasının yaşadığı evə.
Qızımın rəfiqəsi var, həmin binada yaşayır. O da qızıma zəng edib ki, bəs qayınatan binanın tinindədir, nə məsələdir, bura gələcəksən? Həmin vaxt qızım bizə də zəng etmişdi ki, bəs uşaqları görməyə gedir, çıxanda xəbər edəcək. Qayınanası da ona deyib ki, saat 2-dən tez gəlmə, evdə olmayacağıq. Qızımın qayınatası arvadından ayrı yaşayırdı, Mərdəkanda olurdu. Yəqin ki, onun gəlib çatması üçün əvvəlcədən özləri belə planlaşdırıblar. Gülüzar liftdə olanda hücum edib qətlə yetirib. Qızımın səsini qonşular eşidib. Hamısı qurama olub.
Öldürəndən sonra da qızımın “kaşlok”undan bank kartlarını götürüb. Qızımı evdən qovanda bank kartlarını əlindən almışdılar. Gülüzar da Yevlaxa gəlib kartları bloklatdırmışdı. Qızımdan xəbər ala bilmədiyimizə görə anası Bakıda yaşayan oğluma zəng edib ki, bacın uşaqlarını görməyə getmişdi, xəbər olmadı. Ondan sonra qızıma edilən zənglərə polis əməkdaşları cavab veriblər. Namus məsələsidirsə, qayınatası qızımı qətlə yetirəndən sonra kartı niyə götürüb?”
T.Şükürov bildirib ki, əvvəllər ailədə hər hansı problem olmasa da, son vaxtlar narazılıqlar yaranırmış: “Qızımın qayınatasının işsiz qalmasından sonra söz-söhbətlər başladı. Qayınanası da gileylənirdi ki, harasa gedəndə pul gəlində olur. Həmin vaxt qızım bank kartını ona verdi ki, götürün sizdə qalsın”.
Mərhumun bacısı Gülnar Məmmədova isə bildirib ki, bacısının qayınatası ailəsindən ayrı yaşayırmış: “Onlar neçə il idi ayrılmışdılar. Bacımın qayınatası Adıgözəl Məmmədov uşaqları hələ balaca olanda onları atıb getmişdi. Sonradan qayınatası ortaya çıxdı, əvvəlcə tələb etdi ki, evdən çıxsın. Sonra bacım məhkəməyə müraciət etmişdi ki, uşaqlarını ala bilsin. Bütün bu hadisələr hamısı bir qurğu idi”.
Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, A.Məmmədov şübhəli şəxs qismində tutulub. Mərhumun iki övladı var.
Qafqazinfo
