Azərbaycanlı çoban amansızcasına döyüldü

Azərbaycanlı çoban amansızcasına döyüldü Gürcüstanın Dmanisi bələdiyyəsinin Qarabulaq kəndində döyülmə hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, kənd sakini, 49 yaşlı İnsaf Əliyev bir neçə nəfərin hücumuna məruz qaldığını bildirib.
Zərərçəkənin sözlərinə görə, yerli sakinlər ona kürək və dəyənəklərlə hücum edərək amansızcasına döyüblər. İnsaf Əliyev bildirib ki, hadisədən sonra hücum edən şəxslər ərazini tərk edib, özü isə küçədə huşsuz vəziyyətdə qalıb.
Onun sözlərinə görə, münaqişə qoyun sürüsünün hərəkəti ilə bağlı yaranıb.
"Mənə dedilər ki, qoyunları asfalt yolla aparım və heyvanları onların sahəsinə salmayım. Bildirdim ki, qoyun maşın deyil, həmişə düz yolla getsin. Bundan sonra aramızda mübahisə yarandı. Heyvanların sahibinə, yəni çobanlıq etdiyim şəxsə zəng etdik. O gələnə qədər isə məni döydülər. Məni bellə vururdular. Bədənimin hər tərəfi göyərmişdi", - deyə İ.Əliyev bildirib.
Çobanın sözlərinə görə, hadisədən sonra polisə və təcili tibbi yardıma məlumat verilib. Lakin hadisə yerinə ilk olaraq təcili yardım briqadası gəlib.
"Çox ağır vəziyyətdə idim. Mənim yanıma ilk təcili yardım gəldi. Polis isə birbaşa qarşı tərəfin yanına getdi. Məni xəstəxanaya apardılar. Xəstəxanada polis nələrisə yazıb-pozurdu", - deyə o qeyd edib.
Hadisə ilə bağlı araşdırma aparılır. Fakt üzrə istintaq tədbirləri davam etdirilir.
döyülmə.jpg (30 KB)

Geri qayıt