Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Vəsiyyət edib ki, ölsəm, Kərimlə Canananı barışmağa qoymayın"

"Vəsiyyət edib ki, ölsəm, Kərimlə Canananı barışmağa qoymayın"

"Vəsiyyət edib ki, ölsəm, Kərimlə Canananı barışmağa qoymayın"
2022-01-20 , 16:53

"Yanvarın 25-i apellyasiya məhkəməsidir. Vəkil aldatdı. Dedi ki, narahat olma, 5-8 yaşında uşaq anada olur, kimsə əlindən ala bilməyəcək. Mən buna inanırdım. Lakin məhkəmədə gördüm ki, qanun pozuntusuna yol verilir".

Bu sözləri OLAY-a müsahibəsində Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Aynur Həmidova (Canana) deyib. Övladlarına qovuşmaq istəyən ana bildirib ki, övladlarına görə həyat yoldaşı Kərimin ikinci xanımla evlənməsinə qarşı olmayıb:
"Biz ailə qurandan bəri Kərim ikinci xanımının olmasını istəyirdi. O, böyüklərindən elə gördüyü üçün belə fikirləşirdi. Mən də deyirdim ki, problem yoxdur, olsun. Çünki tam fərqli insanam. Deyirdim, elə xoşbəxtdirsə, problem yoxdur. Uşaqlarımın gələcəyini düşünürdüm, istəyirdim ki, onları irəli aparım. Ona görə normal baxırdım, onunla dava etmirdim. Anasından bağlıdır, ondan asılır, çox travması var. Mən ona söz vermişdim ki, səninlə evlənəcəyəm, sevib ailə qurmamışdım. İstəməzdim ailəmiz dağılsın. İllərlə hər çətinliyə qatlanmışdım. Səkkiz il nişanlı qaldım. Hətta valideynlərim razı deyildi. Anam Mətanət xanıma demişdi ki, olmaz. O da söyləmişdi ki, artistəm deyə məni bəyənmirsiz? Yenə də mən dedim, Kərimə söz vermişəm...
Sonuncu dəfə Kərim dedi ki, ikinci dəfə ailə qururam, elçi gedirəm, istəyirəm sənin də razılığın olsun. Dedim, Allah xoşbəxt etsin, get. Amma mənim övladlarımı qaytar. Heç vaxt uşaqlarımı ögey anaya vermərəm. Onda qayıtdı ki, xəbərin var, anam deyir, birdən dünyadan köçsəm, vəsiyyət edirəm ki, Kərimi Canana ilə barışmağa qoymayın. Yoxsa haqqını halal etməz. Mən həmişə deyirdim ki, Mətanət xanım, bu ailənin dağılmasında səbəbkar sizsiniz. Hətta uşaqlarıma da deyirəm, Tuncaya zəng edirəm ki, mən sizi heç kimə vermərəm. Bilirəm, ögey ana sizə baxmaz. Anadan başqa kim övlada qayğı göstərə bilər? Uşaq gəlir, məni görəndə qaçır qucaqlayır. Deyir, ana, bir dəfə də öpüm, sonra get. Onları gəzdirirəm, qızım necə sevinir. Ana qoynunda böyüyən uşaqdır. Mən övladımı qoyub, heç yerə getməmişəm. Uşağımla nəfəs almışam, indi də belədir. Onları geri qaytaracam, söz vermişəm, mənim yanımda olacaqlar. Onların haqqına nə düşür etsinlər, şəraitlərini düzəltsinlər, uşaqlar yaşasın".
Canananın sözlərinə görə Kərim də eyni həyatı yaşayıb:
"Kərim həmin travmaları yaşayıb, atası ikinci dəfə ailə qurub. Travma alıb. Ona görə həmişə Kərimin yanında idim ki, ona dəstək olum. Ancaq o, öz seçimini etdi. İstədiyi ailəni də qurdu. Hər zaman bunu eşidirdim ki, olacaq, ikinci dəfə evlənəcək. Mən də deyirdim, get ikinci xanımı al, xoşbəxt ol. Buna görə ailə dağılmır ki? Məni evə qeydiyyata almırdılar, Mətanət xanım oğlunun adına nəyisə qeydiyyata keçirmirdi. Bilirdi ki, məni boşayacaqlar. Son dəfə də kamerada bunun şahidi oldum, eşitdim ki, necə məndən ayrılması üçün plan qururlar. Onda da söylədim ki, artıq nə deyə bilərəm. Arzunuzu mən həyata keçirəcəm, oğlunuzdan boşanacam. Onda görüm, necə rahat olacaqsınız. Çünki məni çox incidirsiniz, uşaqlarımın yanında çox alçaldırsınız. Onların nəsillərində də belədir. Mən o evdə oldum, görmədim ki, Mətanət xanımın atası anası ilə bir yaşasın. Ata bir qızının, ana da digər qızının yanında yaşayıb. Heç vaxt bir yerdə qalmayıblar. Mətanət xanımın dayılarının iki xanımı var. Kərimin atası öz həyat yoldaşı ayrılan kimi getdi evləndi, uşaqlarına sahib çıxmadı. Oğul də bu vəzifəni davam etdirir. Mən də istəmirəm övladlarım belə bir həyat yaşasınlar, xanımlarına qarşı belə olsunlar. Ona görə yalvarıram ki, uşaqlarımı özümə qaytarsınlar".
O deyib ki, 7 aydır uşaqlarından ayrı yaşayır:
"Mənim üçün də, onlar üçün də çox çətindir. Həm də uşaqlar travma alırlar. Görüntülü zəng edirəm, istədiyim qədər danışa bilmirəm, lazımi məlumatları ala bilmirəm ki, nə yeyirlər, xəstələniblərmi? Ancaq dayədən soruşa bilirəm. Böyük oğlumla çox az ünsiyyət qura bilirəm. Deyir, dərslərə hazırlaşıram. Ona tapşırıram ki, bacına, qardaşına nəzarət elə ki, nə edirlər, necədirlər. Uşaqlarıma həsrətəm. Onlar da mənə. Görürəm Ruhlan mənimlə olanda başqa cürdür. Onları əyləncə mərkəzinə aparıram. Nə qədər belə davam edəcək? Elə ancaq əyləncə mərkəzində görüşəcəyik? Uşaqları aparıram evə. Sonra Ruhlan deyir ki, axı atam dedi, gəl. Bunu söyləyir, uşaq həyəcan keçirir ki, evə getməliyəm. Deyirlər, ana, gedək sabah gələk. Gəlib çəkiblər evim də var, işim də. Həm dövlət işçisiyəm, həm də gözəllik salonum var.
Hər yerdə deyirdi ki, salonu mənə o açıb. Hamı bilsin ki, salonu həqiqətən mən özümə açmışam. Özüm icarəyə götürüb, uşağımın gələcəyini düşünüb bu addımı atdım".
Canana onu da əlavə edib ki, övladları ataları tərəfindən fiziki zorakılığa məruz qalıb:
"Övladımı Kərim vurub. Anası da deyirdi ki, Kərim vurma, çıxıb efirdə səni biabır edəcəm. O da söyləyirdi ki, ana, özümdən asılı deyil. Əsəb keçirirdi döyürdü. Mən də dözürdüm. Artıq dözə bilmədim ki, mənim uşağımı niyə vurursan? Nə istəyirsən? Həmişə onu deyirdi ki, uşaqlar mənə lazım deyil. Məni qınayırlar, deyirlər ki, azadlıq istəyirdi. Bu, düzgün deyil. Mən həmişə azad olmuşam da. Kim mənim azadlığımı əlimdən alıb ? Rusiyada böyümüşəm, gedib-gəlmişəm. Deyirlər, analar öz övladlarını qısqanırlar.
Bəlkə də o, oğlunu qısqanır. Çünki həmişə oğlunu yanında saxlayıb, sərbəstlik verməyib. Deyirlər, o ailə qurmuşdu, üç uşağı var idi, doğmazdı, niyə boşandı? Xeyr. Allah verən paydır. Mənim anam rəhmətə gedib. Ehtiyacım olub ki, qızım dünyaya gəlsin. Övladım mənim canımdır. Onları düşünmüşəm. Özümü düşünsəm, elə səkkiz ilə nişanlı qalanda, ayrılardım. Dözmüşdümsə, indi də elə dözüb oturardım. O qədər təzyiqlər, təhqirlər oldu ki... Tuncay neçə dəfə məni müdafiə etdi. Nənəsinə deyirdi ki, niyə anamla, elə danışırsan? Görürdüm ki, uşaq da əsəb keçirir, ona görə buna son qoydum ki, döyülməsinlər. İndi onları vurmurlar, üstlərində əsirlər".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.