Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Uşağın bir atası olar” - Röya

“Uşağın bir atası olar” - Röya

“Uşağın bir atası olar” - Röya
2022-05-21 , 07:01

Xalq artisti Röya Ayxan müsahibə verib.

 
Həmin müsahibəni təqdim edirik:
 
- Röya xanım, işləriniz necədir?
 
- Bu ay hər şey üst-üstə gəldi. Yaradıcılıq baxımından həm gözəl işlər oldu, həm də çoxlu problemlərlə qarşılaşdıq. Yaxşı işlərim o oldu ki, qardaşım İsmayıl ilə "Sən gəlsən" adlı mahnımıza İstanbulda klip çəkdik. İki klip təqdim edəcəkdik, "Ağla" klipi və Rüfət Axundovla "Nə badə" dueti... Başımıza xoşagəlməz hadisə gəldi, studiyada mahnımız silindi, Türkiyədə isə klipimiz yanıb. Studiya Zamiq Hüseynovun olduğuna görə bir söz deyə bilmədim. Yəni böyük şok yaşadım. Beləliklə, dostlarım olduğuna görə heç nə deyə bilmirəm. Maddi itkiyə gəlincə, hər şey maddiyat deyil. Rüfət Axundov ilə duetimizə klipi ikinci dəfə çəkəcəyik. Amma klip əvvəl çəkdiyimiz kimi olmayacaq. Tamamilə başqa klip planlamışıq.
 
- Həm də aktyor Nicat Rəhimovla "Dəli kimi" duetini ifa etdiniz.
 
- Bəli, duetimiz çox maraqlı və möhtəşəmdir. Hazırda üzərində işlər gedir. Yəqin ki, bu ayın 25-də mahnıya klip çəkəcəyik. Hava da çəkilişlərə imkan vermir.
 
 
 
- Gəncədə mayın 21-22-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəksiniz?
 
- Bəli, bu gün Gəncəyə yola düşürük.
 
- Autizm Mərkəzində olarkən uşaqların əl işi olan qolbağa yüksək məbləğdə pul ödədiniz. Məbləği açıqlaya bilərsiniz?
 
- Məbləği açıqlaya bilmirəm. Əlimə nə keçdi, oraya qoydum. Yeri gəlmişkən deyim ki, miqdar söhbəti çox iyrənclikdir. Rica edirəm ki, efirlər bunu yığışdırsınlar. Sən toy mərasiminə nə qədər pul saldın?! Bu da yeni çıxıb?! Əvvəl belə hallar yox idi. Kimin nəyə gücü çatır, o qədər toy mərasimlərinə pul yazdırır. Bunu yığışdırsınlar, nə qədər pul salmısan. Ümumiyyətlə, mən bu aralar toy mərasimlərinə pul salmıram. Toy mərasimlərində iştirakım bəsdir.
 
- Sizin üçün mərhəmət anlayışı nə deməkdir?
 
- Əvvəla qeyd edim ki, mərhəmətli insanam. Ona görə də ürəyimi sığortalamaq istəyirəm. Ümumiyyətlə, yazığı gəlmək və sair kimi ifadələrdən xoşum gəlmir. Ən nifrət etdiyim söz "filankəsə yazığım gəldi" deməkdir. Amma düşünürəm ki, mərhəmət hissi hər bir azərbaycanlının daxilində var. Bizim millət çox mərhəmətlidir. Ona görə də öz millətimi sevirəm.
 
- İllərdir ki, eyni çəkidəsiniz. Bunu necə tənzimləyirsiniz? Sizə formada qalmağınıza idman, yoxsa pəhriz kömək edir?
 
- Arada kilo alıram və bu da normaldır. İstanbula gedəndə yeyirəm, çörəkləri sevirəm. Bakıya gələndə isə ancaq suxarı yeyirəm. Evimdə ancaq suxarım var. 12 ildir ki, eyni idman müəllimi ilə məşğul oluram. Bir ilin 6 ayını idmanla məşğul oluram, 6 ayını isə yox. Maydan oktyabra qədər idmanla məşğul oluram. Oktaybrdan sonra özümü birtəhər saxlayıram. Hər şey qaydasındadır, çəkim 52 kiloqramdır.
 
- Bir müddət əvvəl göz qapaqlarınızı plastik əməliyyat elətdirəcəyinizi demişdiniz. Əməliyyatı nə zamana planlaşdırırsınız?
 
- Məhərrəm ayında göz qapaqlarımı əməliyyat elətdirəcəm. Atamın göz qapaqları da belədir.
 
- Hüseyn adlı bir oğlunuz var. Nə zamansa ikinci dəfə ana olmaq istəmisiniz?
 
- Xeyr, uşağın bir atası olar. Mənim övladımın da bir atası var. Mən buna nə pis, nə də yaxşı baxıram. Ən önəmli uşağın sağlam və əqidəli olmasıdır. Bəlkə də ailəli olsaydım, övladım olardı, qismət...
 
- Şəxsi həyatınızda kimsə varmı?
 
- Şəxsi həyat haqqında danışmaq istəmirəm...Nəyimə lazımdır?! Şəxsi həyat mənim özüməm.
 
 
- Yaxın günlərdə qardaşınız İsmayıl Nəcəfov türk vətəndaşı Cansu adlı xanımla nişanlandı. Qardaşınızın toy mərasimi nə zamandır?
 
- İsmayılın toy mərasimi Bakıda baş tutacaq. Amma hələ toyun tarixi və məkanı haqda açıqlama verməyəcəyəm. Qardaşımın toyu mənim toy mərasimim kimi olmalıdır. Toy mərasiminə gələn qonaqların hər birinə tapşıracağıq ki, heç kim video çəkib sosial şəbəkələrdə paylaşım etməsin. Çünki mənim toy mərasimimdə də elə idi. Biz mediaya toy fotolarını mərasimin səhəri günü göndərdik. Görün sosial mediada toy mərasimimdən əlavə videolar varmı? Axı, bu nədir?! Toy mərasiminə gəlmisən, get özün üçün çal-oyna.
 
 
Teleqraf.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.