Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Damla niyə soyundu?

Damla niyə soyundu?

Damla niyə soyundu?
2022-08-30 , 15:59

Bu günün əyləncə kültürü ilə sənəti bir-birinə qarışdıran məşhurlar ordusu var. Eləcə də onları dinləyən milyonlarla insanın əsl sənətin nə olduğu haqqında heç bir təsəvvürünün olmadığını aydın şəkildə görürük. Əylənməyə daha çox ehtiyac hiss edən insanların çoxluq təşkil etdiyi Yer planetində sənət (söhbət musiqi sənətindən gedir) öz simasını itirəli təxminən 30- 35 il olub. Sənəti ilə gündəmdə qala bilmək hər gün keçdikcə bir az daha çətinləşir. İnsanların, hətta medianın diqqətini çəkə bilmək üçün yaxşı mahnı, yaxşı şeiriyyət, mükəmməl səs bəs etmir. Azərbaycan səhnəsində çox az müğənni var ki, sənəti yaşatmağa çalışır. Amma böyük əksəriyyət məşhurlaşmaq, “ulduz” olmaq iddiasında olduğu üçün ona təklif edilən nə varsa, qəbul edir. Bu məqamda da ortaya çox biabırçı mənzərələr çıxır.



Uzun illərdir ki, məşhur dediyimiz müğənnilər oxuduqları mahnılar, çəkdirdikləri kliplər, ümumilikdə sənətləri ilə deyil, daha çox geyimləri, ailə söhbətləri ilə gündəmə gəlir. Tanınmaq, gündəmdə qalmaq üçün seçdikləri yol isə onları hər gün bir az daha uçuruma aparır.
Bir neçə gün əvvəl konsert verən Damla da zənnimcə, atıq o uçurumun kənarında olan məşhurlardandır. Sənətdən az da olsa başı çıxan bir mədəniyyət yazarı olaraq Damlanı və onun tərzdə oxuyan ifaçıları sənətçi hesab etməmişəm. Amma öz auditoriyası, dinləyicisi olan, qismən simasını qoruyub saxlamağı bacaran müğənnilərdən idi. Hətta xatırlayıram ki, bir neçə il bundan əvvəl verdiyi müsahibələrin birində belə bir söz demişdi: “Qapalı geyinməyim xarakterimlə bağlıdır, belə özümü daha rahat hiss edirəm. Qısa geyinsəm, bilirəm ki, əlim paltarda qalacaq”.


Digər bir müsahibəsində yenə geyimlə bağlı suala cavabı: “Mən heç bir zaman açıq-saçıq geyinmərəm və yataq səhnələrinə çəkilmərəm. Milyonlar da verilsə, mən soyunmaram. Hər zaman əsl azərbaycanlı xanımlar kimi uzun və qapalı geyimlərdən istifadə edəcəm”.


Bəs bu illər ərzində nə baş verdi ki, Damla bir konsertində səhnəyə busqalterlə, bir konsertində də qısa şortiklə çıxdı? İnsanlar dayanmadan sual verir: Damla niyə soyunur?


Bunun bir açıqlaması var. Tükənmək. Damla tükənib və son 3-4 il ərzində sosial platformada onlarla Damlalar peyda olub. Damlanın ifa etdiyi, bir-birinin ardı olan mahnılar artıq onu xilas etmirdi. İfa zamanı hıçqırıqları artıq dinləyiciləri kövrəltmirdi. Gündəmdə qalmaq indiki dövr müğənnilər üçün yaşam mənbəyidir. Damla sürətlə gündəmdən düşürdü və bu, onu yenidən gündəmə daşımaq üçün atılmalı addım idi.


Qəbul edirəm ki, səhnə adamı daim inkişaf etməlidir, irəli getməlidir. Amma əgər bu inkişaf onu göyə deyil, yerin altına çəkirsə, məncə, olduğu yerdə qalmağı məsləhətdir.






Azərbaycan səhnəsində cəsarətli geyimlər geyinən müğənnilər var. Məsələn, Röya, Aygün Kazımova, Səidə Sultan səhnəyə transparan, açıq-saçıq geyimlərdə çıxırlar. Amma insanlara onların bu tərzləri artıq qeyri-adi gəlmir. Çünki onlar ilk gündən səhnə geyimlərini bu tərzdə seçib. Üstəlik vücud ölçüləri o geyimləri daşımağa imkan verir. Amma Damla artıq kiloları olan bir xanım olduğu üçün səhnəyə o cür geyimdə çıxması onu estetik deyil, daha çox vulqar göstərir. Dünən dönə-dönə baxdım o kadrlara. Və belə bir sual verdim: Nə gərək vardı, Damla?


Məsələyə əxlaq prizmasından yanaşmıram əsla. Sadəcə soyunmağın da yaraşıb-yaraşmadığı adamlar var. Ötən əsrin 80-ci illərində dünyada səhnəyə transparan geyimdə ilk dəfə Madonna çıxıb. Azərbaycanda isə səhnəyə transparan, açıq-saçıq geyimləri Aygün Kazımova gətirib. Hər iki müğənni yaşlarının irəliləməsinə baxmayaraq, geyindikləri açıq-saçıq səhnə geyimlərini çox gözəl daşıyırlar. Amma bunu hər müğənni bacarmır axı.


Damlanın səhnəyə o şortla, topiklə çıxması onu ancaq gülüş hədəfinə çevirdi. Onu da qeyd edim ki, Damlanın bu geyim tərzi yaraşıb-yaraşmamasından əlavə, həm də olduqca zövqüz idi. Qara şortiklə top köynəyin altına geyindiyi qış çəkmələri və əlcəklər onun nə ifa etdiyi mahnının tərzinə uyğundur, nə də Damlanının xarakterinə. O libas heç səhnə geyimi də deyil. Həmin geyim tərzini mən Avropada müğənniləri konsertdə müşaiyət edən rəqqasların əynində görmüşəm.


Tək bizim ölkəmizdə yox, Amerikada, Rusiyada, Türkiyədə, bütün dünyada səhnəyə yarıçılpaq çıxan müğənnilər də var, qapalı geyimdə çıxanlar da. Xüsusilə artıq çəkisi olan müğənnilər səhnə geyimlərində qara və qismən qapalı, bol qiyafələrə üstünlük verirlər. Məsələn, dünya şöhrətli müğənni Adel bir neçə il bundan əvvəl kifayət qədər kilolu bir müğənni idi və o konsertlərində heç vaxt dar, dərin dekolte, şort, transparan kimi geyimlərdən istifadə etmirdi (Mən Damlanı Adel ilə əsla müqaayisə etmirəm. Adel sənətkardır). Adel fərqindədir ki, onun sənəti var və tükənməzdir. O, özünə, sənətinə son dərəcədə arxayındır. Adel bir neçə il içərisində təxminən 30 kilo arıqladı. Amma yenə səhnə geyimləri dəyişmədi. Bu gün Adelin 34 yaşı var və dünyada ən çox dinlənilən 4 müğənnidən biridir.


Daha bir misal öz sənətçilərimizdən çəkim. Sevda Ələkbərzadə heç vaxt səhnəyə açıq-saçıq geyimdə çıxmayıb. Amma Sevda on il də səhnədə, efirdə görünməsə, mahnıları dinlənilir, sevilir. Çünki ortada sənət var. Səhnə elə bir yerdir ki, orda ya sənət olmalıdır, ya da xarizma. Bunun heç biri yoxdursa, əlac soyunmağa qalır.




Damlanın zövqsüz geyimləri hər zaman müzakirə obyekti olub. Yəqin prodüseri bu qərara gəlib ki, onu soyundurmaqla zövqü təmin etmək olar. Amma bəzi reallıqlar təəssüf ki, heç vaxt dəyişmir. Mənsumədən Damla düzəltmək mümkün olsa da, Damladan Cenifer Lopez, Şakira, Hadisə düzəltəmək mümkün deyil.





Məlum məsələdir ki, Damlanın səhnəyə o cür vulqar geyimlərdə çıxarılması PR işinin bir parçasıdır. Əziyyətləri, çəkdikəri xərc yenə əllərində qalmır. Hazırda bütün sosial şəbəkə Damladan danışır, mətbuat Damladan yazır. Elə mən də Damladan yazdım. Amma sənətindən, konsertindən, mahnılarından yox. Şortikindən yazdım. Ümid edirəm ki, aradakı uçurumun fərqindəsiniz.
Bakupost.az 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.