Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Dəfələrlə çağırdığım qonağa görə xəcalət çəkmişəm” - “Bu, tərbiyəsizlikdir!”

“Dəfələrlə çağırdığım qonağa görə xəcalət çəkmişəm” - “Bu, tərbiyəsizlikdir!”

“Dəfələrlə çağırdığım qonağa görə xəcalət çəkmişəm” - “Bu, tərbiyəsizlikdir!”
2022-09-06 , 13:22

Xüsusən son illərdə İnternet - eləcə də sosial şəbəkələr həyatımızın vacib və ayrılmaz elementinə çevriləndən bəri müzakirə mövzusu olan önəmli məsələlərdən biri də sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır. 

Sosial şəbəkə istifadəçiləri saxta profillərdən bu cür təhqirlər yazsalar da, məşhurlar da onlardan geri qalmır. Bəzi tanınmışlar sosial şəbəkə üzərindən həm izləyicilərini, həm də həmkarlarını təhqir etməkdən çəkinmirlər.
Mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən tanınmış televiziya aparıcısı Rövşanə Bektaşi təhqirin nə sadə vətəndaşa, nə də hər hansı məşhura yaraşmadığını bildirib:
“Ümumiyyətlə, təhqir istər məşhur, istərsə də qeyri-məşhur şəxslər üçün qəbuledilməz bir şeydir. Kimisə təhqir etmək həm qeyri-etikdir, həm də bəzi hallarda cinayət məsuliyyəti yaradır. Kimisə təhqir edən şəxs öz tərbiyəsini, mədəniyyəti göstərir, hər kəsə xislətini bəlli edir. Amma bəzən tənqidlər təhqiri də səhv salırlar. Bizim əsas problemlərimizdən biri odur ki, biz tənqidə açıq deyilik. Biz tənqidə tolerant yanaşmağı bacarmırıq. Kimsə kimisə tənqid edirsə, qarşıdakı şəxs ona təhqirlə cavab verməyə başlayır. Mən 25 ildir ki, televiziyadayam və ən çox tənqid edilən aparıcılardan biriyəm, buna baxmayaraq hər zaman gündəmdə olmuşam, tamaşaçıya maraqlı olmuşam. Haqqımda müxtəlif fikirlər səsləndiriblər, lakin heç vaxt bu fikirlərə artıq-əksik cavab verməmişəm. Tamaşaçı hər zaman fikirləriniz söyləyə, aparıcını tənqid edə bilər, amma qarşı tərəfin məni təhqir etdiyini görəndə cavab verirəm. Bunu da normal şəkildə edirəm, təhqirlə yox, heç vaxt da artıq-əksik ifadə işlətməmişəm”.
Aparıcının sözlərinə görə bir çox məşhur tənqidə dözümlü deyil. Onlar çox vaxt haqlı tənqiddən belə inciyirlər:
“Məşhurlar arasında da kimisə təhqir edənlər olur, yenə deyirəm, istər evdar qadın, istərsə ölkənin məşhur siması olsun, heç kəsin qarşısındakını təhqir edib, onun şəxsiyyətini alçaltmağa ixtiyarı yoxdur. Bu, tərbiyəsizlikdir. Məşhurlar tənqidə açıq olmalıdırlar. Tənqid olmayan yerdə inkişaf da olmaz. Ədəbiyyatda, teatrda, eləcə də şou-biznesin özündə tənqid mütləqdir. Təsəvvür edin, tənqid olmasa, hamı çıxıb ağzına gələni oxuyar, burada hansı rəqabətdən, hansı inkişafdan söhbət gedə bilər?!
Mən bəzən baxıram ki, kimsə biabırçı bir şeir yazıb. Necə yalandan onu tərif edə bilərəm? Eləcə də teatr. Dəfələrlə olub ki, gedib tamaşaya bilet alıb baxmışam və çıxandan sonra həmin tamaşanı efirdə tənqid etmişəm. Bu xoşlarına gəlmirsə, gedib su içsinlər. Sən tamaşaçının zövqünü oxşamalısan, zəhmət çək, ortaya yaxşı əsər çıxar. Niyə zövqümüzü korlayan əsərlərlə əsəblərimizi oynatmalıdırlar? Mən pul verib bilet alıram, gedib görürəm ki, zövq korlayan bir əsəri tamaşaya qoyublar.
Dəfələrlə olub ki, efirə müğənni çağırmışam, gəlib ağızlarına gələni oxuyublar, özüm xəcalət çəkmişəm.  Mən yalandan o mahnını necə tərifləyim? Hər halda, musiqini ayırd edə bilirəm. Tənqid edəndə də ağızlarını əyir, sonradan efirə gəlməkdən imtina edirdilər. Bir az tənqidə açıq olun, niyə sizi yalandan tərifləməliyik? Pisdirsə, deyirik ki, pisdir, təkmilləşdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.