Murad Arif “Altın Kelebek” mükafatlarını tənqid etdi

Bəstəkar-müğənni Murad Arif “Altın Kelebek” mükafatlarını sərt tənqid edib.
“Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, ilin filmi, ilin mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyalarının içində bir dənə (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyası açıblar. Hər il Azərbaycandan sanki saç seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyəti olmayan adamları “soxuşdurmaq”?!
Zənnimcə mən də, Hiss də, konkret bir məsələyə aidiyyəti olmayan bu “təki olsun” kateqoriyasını baykot etməkdə haqlıyıq. “Altın kelebek”, “Azerbaycanın starı” nədi?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə...”.
Qeyd edək ki, ötən gün Bakıda “Altın Kelebek” tədbiri keçirilib. Dekabrın 4-də Türkiyədə baş tutacaq mərasimə Azərbaycandan namizədlər - müğənnilər Ayaz Babayev, Nəzrin və aparıcı Turanə Hüseynli qatılacaq.