Yenilik.Az
www.Yenilik.Az » Maqazin » AzTV yeni layihəyə - böyük musiqi meydanına start verir

AzTV yeni layihəyə - böyük musiqi meydanına start verir

AzTV yeni layihəyə - böyük musiqi meydanına start verir
2020-07-09 , 17:49

Yay mövsümündə AzTV-də bazar günləri “Yay axşamı” adlı konsert proqramları yayımlanacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ərazisində “Yay axşamı” layihə üçün xüsusi konsert meydançası quraşdırılıb. Layihənin premyerası 12 iyul 2020-ci il, saat 23:00-da baş tutacaq.
Səhnə Bakının ən yüksək nöqtələrindən birində yerləşdiyindən konsert proqramları şəhərin mənzərəsi, dəniz buxtası fonunda efirə veriləcək.
Həftəsonu musiqisevərlər müxtəlif janrlarda səslənən musiqi nömrələrindən zövq almaq imkanına malik olacaqlar. Hər buraxılışın mövzusu fərqli olacaq: estrada, opera və caz musiqisini sevənlər ulduzlarımızın ifasında ən gözəl musiqi nömrələrini dinləyəcək. Retro musiqi həvəskarlarını da unutmamışıq. Onlar üçün 80-ci illərin hitləri səsləndiriləcək. Eləcə də, tamaşaçılarımız instrumental musiqi, kinofilmlərdən mahnılar, romans, muğam və başqa ifaları dinləyə biləcəklər.
Yaradıcı qrup AzTV-nin baş prodüseri Nazilə Babayeva, aparıcı Kamran Ağabalayev, Müşfiq Kərimov, Araz Sultanov, Elnur Məmmədovdan ibarətdir.
Nazilə Babayeva layihə ilə bağlı danışaraq bildirib ki, bu, AzTV-nin mütəmadi olaraq təqdim etdiyi maraqlı layihələrdən biridir: “Layihə uzunömürlüdür, lakin onun təqdimatı pandemiya dövrünə təsadüf etdi. Bu, özünütəcrid dövründə təqdim olunan ilk böyükmiqyaslı musiqi layihəsidir və bu dövr üçün lazımlıdır. Bu layihə üzərində uzun müddət idi çalışırdıq. Çünki onun tamaşaçılarımız üçün maraqlı olmasını istəyirdik. Ümid edirik ki, istədiyimizə nail olduq”.
Birinci konsert proqramında xalq artistləri Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Xəyyam Nisanov, Əməkdar artist Ədalət Şükürov, Samirə Əli-Məryəm iştirak edəcək.
Qeyd edək ki, tamaşaçılar konserti təkcə efirdən deyil, AzTV-nin feysbuk səhifəsindən də izləyə biləcəklər. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.