“Mən demirəm ki, şou verilişində ağzına gələni danışmaq olar...”

“Mən demirəm ki, şou verilişində ağzına gələni danışmaq olar...” “Soy” prodakşnın rəhbəri Oqtay Əliyev və teleaparıcı Kamran Həsənli arasında qalmaqal yaranıb. Buna səbəb Həsənlinin “İndi peşəkar televiziya işçisi yox səviyyəsindədir. Televiziyalar düşüklüyü təbliğ edir” açıqlaması olub. 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aparıcı Mikayıl Güləddinoğlu bildirib ki, şou xarakterli verilişlərdə sosial şəbəkələrdə populyarlaşan şəxslərin qonaq olması normaldır:
“Hər kəsin öz rəyi, öz baxış bucağı var. Sosial verilişlər haqda hər hansı rəy deyə bilmərəm, çünki heç vaxt sosial verilişdə aparıcı olmamışam, amma şou xarakterli verilişlərdə həmişə xalqın qəbul etdiyi müğənnilər qonaq olur. Bu tip verilişlərdə mütəmadi şəkildə akademik müğənnilər qonaq ola bilməz. 
Həmkarlarımın verilişində də ara-sıra akademik oxuyan sənətçilər qonaq olur, həmçinin sosial şəbəkə üzərindən populyarlaşanlar da olur. Onların da verilişə gəlməsi tamaşaçıya maraqlı olur və reytinq verirlər”.
M. Güləddinoğlu aparıcıların bunu reytinq xətrinə etdiyini deyib:
“Fikir versəniz görərsiniz ki, sosial şəbəkə üzərindən populyarlıq qazanan müğənnilər daha çox reytinq verirlər. Aparıcı da, verilişin layihə rəhbəri də məcburdur ki, reytinqə xidmət etsin. Çünki reytinq olmasa, sponsor olmur, sponsor olmasa, verilişin işçiləri, aparıcı pul qazana bilməz. 
Bunlar hamısı zəncirvari şəkildə bir-birinə bağlıdır. Davamlı olaraq sosial şəbəkələrdə fenomen olanları da çağırmaq düzgün deyil, amma nə yazıq ki, reytinq naminə onları çağırmağa məcburuq. Sponsor olmasa, veriliş yaşaya bilməz”.
Teleaparıcı qeyd edib ki, şou-əyləncə xarakterli proqramlardan maarifləndirmə tələb etmək düzgün yanaşma deyil:
“Şou verilişindən maarifləndirmə tələb etmək, ümumiyyətlə, düzgün deyil. Çox uzağa getməyək, elə Türkiyəyə baxaq, orada “Şarkılar bizi söyler”, “Beyaz Show” kimi şou verilişləri olub. 
Mən 2011-ci ildə iki ay Türkiyədə “Beyaz Show”u gedib canlı-canlı izləmişəm. Bu şoudur, burada camaata maraqlı olan məsələlər müzakirə olunur, əyləncə xarakterli olur. Mən demirəm ki, şou verilişində ağzına gələni danışmaq olar, xeyr! Hər bir halda bu şoudursa, burada oynamaq da, zarafat da olmalıdır. Təbii ki, bunlar əndazəni aşmamaq şərti ilə olmalıdır. Hər şey öz əndazəsindən çıxanda çirkin olur. 
Mən şou proqramında çıxıb Füzulidən də, Ramiz Rövşəndən də şeir deyə bilərəm, etmişəm də. Dünya ədəbiyyatından da, çağdaş ədəbiyyatımızdan da sitatlar gətirmişəm, amma gəlin etiraf edək ki, şou verilişində bunlardan çox danışmaq olmur, bu mümkün deyil. Camaatın şou verilişində görmək istədiyi çalıb-oynamaq, deyib-gülməkdir”.

Geri qayıt