Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTO

Şou-biznesin acı reallığı - Boşananlar mövsümü... - FOTO Yayı yola salıb, payızı qarşıladığımız zamandan bəri ayrılıq xəbərlərinin ard-arası kəsilmir. Şou-biznesin tanınmış simaları yarpaq tökümü kimi bir-bir ayrıldığını açıqlayır. Kimisi isə səssiz qalaraq acı reallıqdan qaçmağa çalışır.
OLAY sərin payız günlərində gündəmi "alovlandıran" ayrılıqlardan yazır...
Sentyabrın əvvəllərində bir-birinə ən çox yaraşdırılan məşhurlar – Oksana Rəsulova və Şəhriyar Əbilov yollarını ayırdıqlarını açıqladılar. Gecə saatlarında status paylaşan Oksana bildirdi ki, münasibətlərini dost kimi davam etdirməyə qərar veriblər. Hələ evli olduqlarını açıqladıqlarından 1 il keçməmiş, boşandıqlarını söylədilər. Bu xəbər şou-biznes gündəminə bomba kimi düşdü. Söz-söhbətlər yayılsa da, tərəflər oğulları Osman üçün dost olduqlarını dedilər. Buna baxmayaraq, instaqramda bir-birilərini izləmədən də çıxardılar. Şəhriyar OLAY-a açıqlamasında dedi ki, sosial şəbəkələr əsas göstərici deyil, həyatda dostdular, salam-sağolları var. Təki, elə olsun. Amma atmacalı statuslar, paylaşımlar, məhz bu izləmədən çıxarmaları göstərir ki, çox ayrılıq kimi, onlarınkı da səssiz-səmirsiz olmayıb...
Sezonun ikinci ayrılıq xəbəri isə müğənni Aysun İsmayılovadan gəldi. O, bu ilin iyununda ailə qurduğu Eşqin Cəlilovun soyadını və birgə fotolarını instaqramdan silib, onu "follow"dan çıxardı. Sonradan ayrılıq paylaşımları və məclislərdə Eşqinlə birgə görüntülənməməsi bu iddiaları daha da gücləndirdi. Heç Aysun özü də açıqlama yayaraq ayrılıq xəbərlərini yalanlamadı.
Onun susqunluğu isə təsdiq kimi başa düşüldü. Elə şayiə yayılandan sonra hər gün TikTok-da, instaqramda birgə paylaşım etdiyi həyat yoldaşı ilə bir video, foto belə yerləşdirmədi. Aysun, Atilla İlhan demiş, ayrılıq da sevdaya daxildir. Yəni açıqlamaqdan çəkinmə, danış ki, sonra bəzi həmkarların kimi yalançı çıxmayasan...
Keçək, üçüncü xəbərə... Biz bu ayrılığın sorağını aylar əvvəldən eşitmişdik. O, da həyat yoldaşının soyadını instaqramdan silmiş, tez-tez atmacalı statuslar paylaşmışdı. Dəfələrlə özü ilə əlaqə saxlayıb, ayrılıb-ayrılmadığını soruşmuşduq. Amma kəskin şəkildə yalanlamış, belə bir vəziyyətin olmadığını bildirmişdi. Nə sözü uzadım...
Söhbət XTQ giziri Xəyyam Qaragözovla ailə quran Əməkdar artist Nigar Şabanovadan gedir. Hər nə qədər açıqlamaq istəməsə də, "Səhər mərkəzi" verilişində aparıcı Afaq Gəncəli ağzından sözü "kəlpətin"lə aldı. Nigar hərbçi həyat yoldaşından boşandığını açıqladı. Demə, cütlük hələ 6 ay əvvəldən, yəni bizim şübhələndiyimiz vaxtlardan yollarını ayırıb. Hətta Şabanova status paylaşaraq keçmiş həyat yoldaşını təhqir edib, haqqında bir sıra iddialar səsləndirib, lakin peşəsinə hörmət kimi çox danışmaq istəmədiyini dedi. Qarşı tərəf isə sükuta qərq olub, eks-xanımının ittihamlarını cavabsız qoydu. Nə vaxt danışar bilmək olmaz, amma tək gerçək var ki, bu evliliyin də ömrü heç 1 il çəkmədi... Şabanovanın özü demiş, hər ikisi də xoşbəxt olsun.
Gündəmin sonuncu ayrılıq xəbəri! Hələ evliliyi ilə bağlı yeni-yeni paylaşımlar edən, ailə qurduqdan sonra dərin dənizlərə qərq olan müğənni Mina Hüseynin iş adamı həyat yoldaşı Sərxan Həsənov OLAY-a ayrıldıqlarını açıqladı. O, dedi ki, Mina köhnə şəkillər paylaşaraq adından PR kimi istifadə edir. Bundan əlavə, S. Həsənov bildirdi ki, bu vəziyyət belə davam etsə, işi hüquq çərçivəsində həll edəcək. Həmçinin o, boşanmaq üçün məhkəməyə müraciət etdiyini də xüsusi vurğuladı. Lakin M. Hüseyn nə instaqramdakı "married" yazısını, nə də həyat yoldaşı ilə birgə şəkillərini sildi.
Açıqlama üçün zəng etsək də, danışmaq istəmədiyini söylədi. Hələ Mina bir neçə gün əvvəl qonaq olduğu "Səhər mərkəzi" verilişində ailəsində problem yoxmuş, sanki evliliyi davam edirmiş kimi açıqlama vermişdi... Lakin dünən o, "MTV Magazin"ə sükutu pozdu. Dedi ki, həyat yoldaşı ona yalanlar danışıb, aldadıb, hətta ayrılıq qərarını da özü verib. Bundan da əlavə Mina hekayə bölməsində ərinin üzü düşən fotoları paylaşıb, səhifədə post kimi atdıqlarını sildi. Həmin "married" yazısı da yoxa çıxdı. O, da ayrıldığını, bu gerçəyi qəbullandı. Düzdür, bəzən reallıq ağrılı olur, qəbul etmək istəmirsən. Amma efirə çıxıb insanları aldatmaq da bir iş deyil...
Hər birinizi ayrı-ayrılıqda başa düşmək olar. Axı bizim cəmiyyətdə boşanmaq böyük qəbahət kimi qələmə verilir. Ona görə sizin də açıqlamaq istəməməyiniz normaldır. Unutmayın ki, evlilik qədər boşanmaq da anormal hadisə deyil. Problem varsa, mədəni şəkildə yollarınızı ayıra bilərsiniz. Gizlədib, tozu xalça altına süpürməyin. Sonra Bakının güclü küləyi əsər, o xalçanı da , altındakı tozu da gün üzünə çıxarar. Sizə xoşbəxtliklər...

Geri qayıt