Muradla ayrılığı, estetiki, qayınana problemi… - Ülviyyə danışdı

Muradla ayrılığı, estetiki, qayınana problemi… - Ülviyyə danışdı Aktrisa Ülviyyə Xəlilbəylinin OLAY-a müsahibəsi:
- Əvvəlcə sizi təbrik edirəm ki, televiziyaya qayıtdız. ARB-də biz sizi serial siması kimi görmüşük. Bu dəfə veriliş aparacaqsız. İstərdik bu barədə danışasız. Ümumiyyətlə necə oldu ki, təklifi qəbul etdiz? Çünki məsuliyyət tələb edən bir layihənin aparıcısı olacaqsız.
- Əvvəla çox sağ ol. Baxmayaraq ki, dostuq, bu illər ərzində sən məni müsahibəyə çağırmamısan (gülür). 
Bəli, ARB-də “Uçurum” serialında olmuşam, bundan əlavə tərz verilişində aparıcılıq etmişdim, müəyyən səbəblərə görə ayrılmışdım. Təkrar həmin layihə rəhbəri ilə yenidən çalışacam. Düzdür ki, aparıcısı olacağım “O üz” proqramına bir vaxt irad bildirmişdim. İnsanların hisslərinə toxunduğunu demişdim. Verilişin adını eşidəndə “yox” cavabını verdim. Fikirləşdim ki, məndə alınmayacaq, insanların hisslərinə toxuna bilmərəm. Həm də proqram bir az ağırdır deyə qorxdum ki, ağlamaq tutar, qonaq bir kənarda qalar ,mən göz yaşlarımı saxlaya bilmərəm. Ona görə düşünürdüm ki, çətin alınacaq. Əsas işin məğzini, qonaqların hər şeyi qəbul edib proqrama çıxdığını bildikdən sonra qəbul etdim. 
- Bu xəbər yayıldıqdan sonra çoxları dedi ki, axı Ülviyyə bacarmaz. Çünki o, cavandır. Həmin layihə üçün bir az yaşlı, televiziya təcrübəsi daha çox olan insan lazımdır. Yəqin ki, sizə də belə bir fikir bildirən olar. Buna münasibətini necədir? Sizcə, bacaracaqsız?
- “Bacarmaz, cavandır” deyə bir şey yoxdur. Bacarıq gənclik, ya da qocalıqla əlaqəli deyil. Verilişin yükü ağır olduğu üçün belə düşünə bilərlər. Hətta özüm də bunu eşidəndə dedim ki, mənim üçün bir az ağır olar. Həm də xarakterimlə əlaqəli olmayan layihədir. Amma mənə elə gəlir ki, insan nəyisə çox istəsə, öhdəsindən gələ bilər. Elə “bacarmaz” deyənlərə inad bacaracam. 
- Xeyirli olsun. İnşallah uğurlu və reytinqli olar. Bəs başqa seriallardan təklif var? Yoxsa,  televiziyada yalnız aparıcı kimi görünəcəksiz...
- Mən çəkildiyim “Vicdan haqqı” serialının reytinqi çox idi, həm də sevgi və hörmət qazanmışdım. İstərdim ki, yenə də elə bir layihə olsa, çəkilim. Çünki ssenari çox önəmlidir. Bizdə istedadlı rejissorlar, aktyorlar var. Ssenari isə bir az zəif olur. Yaxud da serialın başlanğıcında yaxşı olur, tamaşaçını özünə çəkir. Sona doğru zəifləyir, yaxud da belə desək, “yola verirlər”. Ona görə də effekt əvvəlki kimi olmur. Bu baxımdan istəyirəm ki, güclü ssenarisi olan layihədən təklif alsam, qəbul edim.
- Deyirlər ki, Azərbaycanda aktyorlar və aktrisalar çox az maaşa çalışır. Maddi durumları zəif olur. Siz də aktrisanız, həyat yoldaşınız Murad İsmayıl da Rus Dram Teatrının aktyorudur. Bildiyim qədərilə teatrlarda da maaş ürəkaçan deyil. Sizin də iki övladınız var. Hətta demişdiz ki, çoxuşaqlı ailə olmaq istəyirsiniz. İki incəsənət adamı ailə qurub, maddi cəhətdən necə dolanır?
- Düzdür, əvvələr teatrlarda maaş olduqca zəif idi. Sağ olsunlar ki, buna tədbir görüldü. Prezidentimiz qərar verdi, aktyorların maaşı artdı. Uzun müddətdir ki, maaş yaxşıdır. Mən gəlirimin çox hissəsini sosial şəbəkələrdə reklamlardan əldə edirəm. Şükür ki, narazılığım yoxdur. Amma indiki zamanda ev almaq bir az çətindir. Hələ ki, evim yoxdur. Lakin özümə iki il vaxt vermişəm. İstədiyim hər şeyi də özümə söz verəndə edirəm. Bu günə qədər də maddi cəhətdən nə əldə etmişəmsə, şəxsən özüm qazanmışam. Nə atam, nə həyat yoldaşım, nə də qardaşım yox, özüm əldə etmişəm. 
- “Biz” yox, “özüm” dediz. Yəni daha çox özünüzün məqsədyönlü olduğunu düşünürsüz, yoxsa qarşı tərəf daha rahat yaşamağa öyrənib, qarşısına məqsəd qoymurmu?
-Yox. Mən daha çox prinsipialam. 
-Yəni, iki il ərzində villa alacaqsınız...
- Niyə də olmasın? Qismətdirsə, olar. Deyir,  böyükdən yapış ki, heç olmasa ortaya çatasan. Düzdür, villa nəzərdə tutmamışdım, amma pis fikir deyil (gülür). 
- Yəqin ki, özünüz də diqqət etmisiz, siz əvvəllər tanınmış biri idiz. Evləndikdən sonra daha populyar olduz. Cütlük olaraq baş rolda çəkildiz. Gündəmə gəldiz,  mediatik olmağa başladız. Əvvəl biz sizi daha çəkingən, zəif qadın obrazında görürdük. Son üç ayda isə instaqramda güclü qadın kimi görünürsüz. Dəyişim oldu? Yoxsa siz həmişə belə güclü idiz, büruzə vermirdiz? 
- Əslində xarakterli insanam. Ailə qurduqdan sonra bir müddət ailəmi qorumaq xatirinə daha yumşaq oldum. Daha çox Azərbaycan xanımı necə olmalıdırsa, o qaydalara riayət etdim. Bir də gördüm ki, mən artıq dəyişmişəm, başqa biriyəm. Bu dəyişiklik mənim özümü narahat edirdi. Etiraf edim ki, şüuraltı ilə işləmək üçün bir xanıma müraciət etmişəm. Məndə olan pis travmaların təsir göstərməməsi üçün seanslar keçdik. Bundan sonra özümə qayıda bildim. 
- Seansların köməyi ilə özgüvənin bərpa oldu?
-Bəli.
- Əslində “əsl Azərbaycan xanımı” kütlədən formalaşan bir fikirdir. Siz niyə düşündüz ki, belə olmalısız?
- Bu ailədən gələn bəzi şeylər idi. Böyüklərin kənardan dedikləri və sairə qoymurdu ki, özüm olum. Ailəm də məni elə tərbiyə edib ki, ətrafı daha çox düşünərək yaşayırdım. Sonra ayıldım ki, burada yaşamayan əslində mənəm. Çünki başqalarına görə yaşayırdım, özüm üçün yox. Bu, məni incitdi. Dedim ki, özüm necəyəmsə, elə olacam. İstəyən sevsin, istəyən sevməsin, özü bilər. 
- İndi qəbul ediblər? Ailəniz, dostlarınız, həyat yoldaşınız...
- Əslində səhv özümdə olub. Gərək başda necə varamsa, elə də qalardım. İstəyən qəbul edir.
- Gah ayrıldığınızı, gah da barışdığınızı yazdılar. Bir ara instaqramda izləməkdən çıxardınız, sonra təkrar izləməyə başladız. Detallı öyrənmək istəyirəm. Siz ayrılmısız?
- Həmişə səmimi olmuşam. Bunu istəyən qəbul etsin, istəməyən yox. Mən olduğum kimiyəm. Biz ayrılmamışdıq. Aramızda çox böyük problemlərimiz olub. Öz aramızda konfiliktlərimiz var idi. Onu da qeyd edim ki, çox operativ işləyirsiniz. Muradın məni izləmədən çıxardığını ilk dəfə OLAY-da oxumuşdum. Xəbərim yox idi. Bir də gördüm ki, mənə göndərirlər ki, izləmədən çıxarmısız. Dedim, axı mən etməmişəm. Sonra baxdım ki, Murad məni izləmədən çıxarmaqla qalmayıb, hətta bloka atıb (gülür).
- Niyə? Münaqişə zamanı əsəbi olub yəqin.
- Bəli. Əsəbi olub, edib. Mən nə qədər əsəbi olsam da, bu addımı atmırdım. Bilirdim ki, saytların dilinə düşəcəm (gülür). Ona görə yalnız votsapda blok edirdim. Amma Murad sağ olsun, bunu düşünməyib. Axı hirsli başda ağıl olmur. Ona görə də həmin söhbət gündəm oldu. 
- Daha sonra məsələləri danışdız. Problem həll olundu?
- Həmin gün böyük oğlum Fuadın ad günü idi. Biz məcbur idik bir araya gələk. Nə olursa, olsun, uşağın ad gününü korlamağa haqqımız yox idi. 
- Bir araya gəldiz. Ondan sonra davam etdiz.
- Hələ ki, şükür (gülür).
-Yəni rəsmi boşanma yoxdur?
- Xeyr. 
- Ayrılıq da yoxdur, bir arada yaşayırsız. Problemləri də yavaş-yavaş...
- Həll etməyə çalışırıq. 
- İnşallah xeyirli olsun. Çoxuşaqlı məsələsi bundan sonra sual altındadır?
- Mənə elə gəlir ki, iki uşaq bəsdir. Çünki həm dövr çətindir, uşaqları tərbiyə etmək asan deyil. Az olsun, onları vətənə, dövlətə xeyirli övlad kimi yetişdirim. Həm də savadlı olsunlar, istəyirəm xaricdə təhsil alsınlar, ölkəmizə qayıdıb burada işləsinlər. 
- Bu məsələlərdə üçüncü bir şəxsin adı hallanırdı: qaynana. Ona görə bu sualı sizə verirəm. Problem qayınanadır?
- Qayınana ilə bağlı heç bir  suala cavab vermək fikrim yoxdur. 
- Bir məsələ də var ki. Ülviyyə yenidən başqa bir mövzuda sosial şəbəkələrin dilindədir. Bu da estetikdir. Hamı deyir ki, heyif oldu bu qıza, yumru sifət xanım idi. Üzünü dartdırdı, süni oldu. Gündəlik oxuduğumuz şərhlərdi. Əslində hansı əməliyyatı niyə etdirdiz?
 -Əvvəldən yazırdılar ki, orası-burası dolğudur, sünidir. Halbuki heç nə yox idi. Düşünürdüm ki, etməmişdən əvvəl bu reaksiyalar gəlib, nəsə olsa, daha çox yazacaqlar. Belə olacağını da bilirdim. Niyə etdirdim? Özümdə olan bir kompleks idi. Qaşımla gözüm arasında məsafə yaxın idi. Makiyajda tendən daha çox istifadə edəndə, sanki qaşımla gözüm bir-birinə yapışırdı. Mənə elə gəlirdi, bəlkə də ətrafdan belə görünmürdü. Həmişə qaş qaldırma əməliyyatı istəyirdim.
Lakin kosmetoloji prosedurlarla bağlı bir fikrim yox idi. Çünki zamanla əvvəlki halına qayıdırdı. O ağrını çəkməyə deyəcəyini düşünmürdüm. Fikirləşdim ki, ömürlük olsun. Həkimə müraciət etdim ki, siz baxın, mənə yaraşdıracaqsınızsa, edin.  Etsəz də, təbii olsun. Mənim üzümdə hələ şiş var deyə, insanlara qəribə görünə bilərəm. Nəzərə alsınlar ki, ana olmaqdan cəmi üç ay keçmişdi, hormonal balans tənzimlənməmişdi. Şişkinliyin gec getmə səbəbi də odur. Normalda altı ay ərzində yerinə oturmalıdır. Baxıram ki, məndə bu proses daha ləngdir. Ona görə ola bilər ki, insanlar danışsınlar. Lakin artıq xoş rəylər almağa başlamışam. 
- Tək qaş qaldırma əməliyyatı olub?
- Bir də orta üz gərmə. 
- Hazırda sizə fiziki görünüşünüzlə bağlı linçlənmə olur. Bu tənqid edənlərə münasibətiniz necədir?
- Əvvəlki Ülviyyə olsa idi, bu şərhlərə görə, depressiyaya düşə bilərdi. Mən onları oxumuram. Oxuyanda da görməzdən gəlirəm, bir faiz belə təsir göstərmir. Düşünürəm ki, qadın qadının düşmənidir ifadəsiz düzdür. Çox sağ olsunlar ki, məni sevərək izləyən xanımlar da var. Onların əksəriyyəti sima baxımından çox gözəldirlər. Hansı ki, profillərinə baxıb deyirəm ki, necə gözəl qızdır, mənə şərh yazır.
Mənfi rəy yazanlara da baxıram, səhifələri bağlı olsa da, proqramlar vasitəsilə girirəm ki, o deyil(gülür). Bütün xanımlar gözəldir, baxımlı olmaqları şərtdir. Lakin tək siması yox, içi də gözəl olmalıdır. Həqiqətən ürəyi gözəl olanda üzündə nur olur. Gözəl, cəlbedici olmasa da, içindəki işıq üzünə elə əks olunur ki, nurlu görünür, istər-istəməz onu sevə bilirsən. Hər şey qəlbdən başlayır.
- Həm kino sahəsindəsiniz, həm də influenserlərin, blogerlərin sferasındasınız. Onlarla da üz-üzə gəlirsiniz, reklam çəkilişlərində də olursunuz. Hiss etmisiniz ki, blogerlərə, influenserlərə qarşı bir qıcıq, aqressiya var? Sanki havayı pul yeyənlər kimi təqdim olunur. Eşitdiyimizə görə də o sferada da dostluq, səmimiyyət yoxdur. Siz necə görürsünüz?
- Mən o sfera ilə yaxın deyiləm. Ola bilər ki, ad günlərinə gedirəm. Amma iç-içə deyiləm. Uzaqdan-uzağa hörmətim, salam-sağ olum var. Bir-birimizin məclislərində iştirak edirik, lakin yaxın deyilik. Qaldı ki, insanların düşüncəsinə... Havayı pul qazanmaq kimi bir şey yoxdur. O çəkilişlərdə necə əziyyət çəkirsə, siz onu görmürsüz. Pərdəarxasından xəbəriniz yoxdur. O materialı paylaşanda görürsüz və fikirləşirsiz ki, havayı pul qazanır. Heç kəs rahat pul qazanmır, əziyyət çəkir və bunun bəhrəsini görür.
Əziyyət də fərqli olur. Sən başqa cür əziyyət çəkirsən, onlar başqa. Bir-birilərinin arxasından danışmaqları var. Bunu danmıram. Ona görə də onlarla yaxın olmağın tərəfdarı deyiləm. Mən bir insanla yaxın olanda, səmimi qəlbdən dostluq edirəm. Sonra eşitsəm ki, o, mənim arxamca nəsə deyib, pis olaram. Əvvəlcədən o qədər səmimiyyəti yaratmıram.
Bir də cütlüklərlə bağlı bir şey deyəcəm.
- İlk dəfə cütlük kimi siz tanınmısız? 
- Bele bir fikrim yoxdur. Bir çox cütlükdə saxtakarlıq var. Əgər evdə aramızda problem varsa, şəkil paylaşıb gözəl təqdimatlar, sözlər, xoş cümlələr yaza bilmirəm. Gözümlə şahid olmuşam ki, oğlanın başında “qoz sındırıb”, instaqramda xoş sözlər yazır (gülür).  Baxırsan ki, bəs sənin qarşında oğlanı “öldürən, yuyub-sərən” bu deyildi? Ola bilər ki, həmin cütlükləri tanıyan insanlar üçün hamısı saxta görünür. Əslində elə deyil. Olduqları kimi görünsələr, belə olmaz. Bir çoxu oynayır. Aktyorların adı çıxıb, bəzi blogerlər çox gözəl oynayır.
- Sizin səhifənizdə yeni cütlük fotonuzu nə vaxt girəcəyik? 
- Onu hələ bilmirəm. Cütlük fotosu niyə yoxdur? Mən çox kinli insanam. Baş verənləri unutmuram. Murad kinli deyil, o, yaddan çıxarır, mən yox. Unutmadığım üçün foto paylaşmaq da içimdən gəlmir.
- Olanları bağışlamırsız?
- Deyir, bağışlamaq Allaha məxsusdur. Əfv etmək yaxşı şeydir. Özüm də istəyirəm. Çünki bu da insanın özünə zərərdir. Xarakterim belədir, bağışlamaq zaman alır. 
- Yəni səhifənizdə azı 5 il birgə şəklinizi görməyəcəyik?
- Onu deyə bilmərəm. Bəlkə özünü bağışlatdı.

Geri qayıt