"Anam deyir ki, azərbaycanlının həyat yoldaşı olmaq çətindir" - Foto

Rusiyada məşhurlaşan azərbaycan əsilli müğənni Jah Xalidin (Bəxtiyar Məmmədov) Bakıdakı konserti baş tutub.
Axşam.az xəbər verir ki, səhnəyə çıxmazdan əvvəl sənətçi media nümayəndələri ilə görüşüb və sualları cavablandırıb. 
Azərbaycan haqqında danışan Jah Xalid "Azərbaycan mənim vətənimdir. Azərbaycanlı atamın sayəsində əsl kişi xarakterli biri kimi böyüdüm. Ata hər şeydə ultra-mühafizəkar insandır. Məsələn, o, Azərbaycan milli mətbəxindən başqa heç bir yeməyi tanımır. Almatıdakı evimiz Azərbaycan üslubunda tikilib, atam da bağ salıb. Orada Azərbaycana məxsus tərəvəzlər becərir" sözlərini söyləyib. 
İfaçı bildirib ki, qızının Azərbaycan dilində danışmasına çalışır:
"Bu ildən Azərbaycan dilini öyrənməyə başlamışam. Qızımın Azərbaycan dilində danışmasını istəyirəm və onu öyrənməsi üçün əlimdən gələni edəcəyəm.
Bakıda dəniz sahilində ev almaq istəyirəm - burada qohumlarım, dostlarım, tanışlarım var. Uşaqlar öz köklərini bilməli, qohumları ilə ünsiyyət qurmalıdırlar, burada daşınmaz əmlak almışam, yay aylarının birini Bakıda keçirəcəyəm. Həyat yoldaşım və qızımla birlikdə valideynlərimlə yaşayırıq, onlar nəvələrini böyütməkdə çox kömək edirlər. Həyat yoldaşıma gəlincə, o, Azərbaycan mədəniyyətini, həyat tərzini çox sevir, bozbaşı çox gözəl bişirir, dolma bişirməyi öyrənir. Müəllimi əladır - yeməkləri yaxşı hazırlayan atam. Anam deyir ki, azərbaycanlının həyat yoldaşı olmaq kifayət qədər çətin missiyadır".
Xalid daha sonra "Seabreez"də yayın ilk konsertini verib. "Bakı ən həyəcanlı şəhərdir" deyən sənətçi səhnədən Bakıda pozitiv insanların yaşadığını, onlara xoşbəxtlik, əmin-amanlıq arzulayıb. Bir-birinin ardınca hit mahnılarını oxuyan sənətçi şəhidlərin xatirəsini yad edib. 

Geri qayıt