Aygün Bəylərin ölüm səbəbi məlum oldu

Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Qeyd olunur ki, müğənni Ankaraya müalicə üçün getmişdi.
Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına həmin il - 13 yaşında qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylər görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan dərs alıb.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
2005-2010 illərdə sənətçi dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib - Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və sairə.
A.Bəylər həmçinin "Qış nağılı. I film" (2002), "Qış Nağılı. II film" (2003) və "Bakı bağları. Buzovna" (2007) filmlərində çəkilib.