“Get başqa işlə məşğul ol, biz övlad böyüdürük” – Xalq artistindən ETİRAZ

Bunu Medianews.az-a açıqlamasında Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova deyib.
Sənətkar daha sonra “Efirdə ara müğənnilərini tərifləyən sənətkarları da görürük. Bu haqda nə deyə bilərsiniz?” sualına belə cavab verib: “Mən qalmaqallardan uzaq adamam. Bu suala qarışa bilmərəm. İstedadı varsa tərifləyərəm, dəstək olaram. İstedadı yoxdursa bu başdan onu başa salaram ki, get başqa işlə məşğul ol, tamaşaçını aldatmaq olmaz. Bu gün balaca səsi ilə öz çörəyini qazananlar varsa, toylarda da oxunub-oynanırlarsa demək ki, sevilirlər. Onları da sevən var, bizi də. Hər ifaçının özünə görə repertuarı, mahnısı var. Ümumiyyətlə bayağı sözünü xoşlamıram, müasir, gündəmdə olan musiqi deyək. Reklamla gəlir, reklamla gedir. Zamanında biz onlara “ara mahnıları” deyirdik. Arada olan kimi gəlirdi-gedirdi. O ifaçıları da sevən var. İstəmirlərsə niyə toyda ortalığa düşüb onları dəvət edib, oynayırlar? Onlar da xalqın bir hissəsidir də. Tənqid və təhqir etmək olmaz. Musiqinin pisi yoxdur. Şirin oxuyandan sonra musiqinin hamısı gözəldir. Sözümdən belə çıxmasın ki, mən onları dəstəkləyib, tərifləyirəm. Xeyr, onlar istəsən də, istəməsən də özü gəlir, özü gedir. Bizim xidmət etdiyimiz musiqi çoxlu toy və qazanc gətirməyə bilər, amma biz öz musiqimizi bərbad hala sala bilmərik. Biz onun qoruyucularıyıq. Biz bu musiqinin gələcək nəsillərə ötürücüləriyik. Toyda-düyündə biz də oxuyuruq”.
Gülyanaq Məmmədova bildirib ki, ara mahnıları efirlərdə səsləndirilməməlidir:
“Bunun günahını efirlərdə görürəm. Efirlər reytinq xatirinə həmin ifaçıları çağırır, reytinq xatirinə gündəmə söhbət atırlar. Axı biz övlad böyüdürük. Efirdə danışılanlar da həmin dəqiqə sosial şəbəkələrdə paylaşılır. Uşaqlarımızın da hamısının əlində telefon var, izləyirlər. Mən bunlardan nigaranam. Ara mahnılar toylarda oxunmalıdır, efirlərdə yox. Reytinq xatirinə efir olmaz. Mənə elə gəlir ki, insanlar bu söz-söhbətlərlə sadəcə baş qatırlar. Halbuki onların o qədər problemləri var ki..Amma bir gün bunlardan da yorulacaqlar. Çünki sevdiyin hər şey sonradan sənə adi gəlir. Vaxt, vədə çatacaq ki, insanlar reallıq axtaracaqlar”.